Məhkəmə qərarları › İş №2(106)-1053/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1053/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1053/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-20/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış mala görə 1400 manatın, MPM-in 121.1-ci maddəsinə əsasən göstərilən hüquqi yardma görə ödənilmiş 50 manatın və ödənilmiş dövlət rüsumunun əvəzində 34 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-20/2024 saylı qətnaməsi ilə (hakim Səlim Məhərrəmov) iddia təmin edilərək cavabdehdən satılmış mala görə ödənilməmiş 1400 manat, hüquqi yardıma görə ödənilmiş 50 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 34 manat olmaqla, cəmi 1484 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırmışdır ki, o, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyaları satışı ilə məşğul olan mağazada işləyir. Mağaza qanunvericiliyin tələbləri əsasında fəaliyyət göstərir. Vergi ödəyicisidir. Cavabdeh 2016-cı ildə brilyant qaşlı qarnitur (sırğa, üzük, kolye, qolbaq) və brilyant qaşlı nişan üzüyünü 3500 manata razılaşaraq nisyə olaraq almışdır. O, alınmış malın dəyərini 7 ay müddətinə ödəməli idi. Cavabdeh son iki ilə qədər hissə-hissə 210 manat ödəmiş, 1400 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh son iki ildir ki, ödəniş etmir. Sonuncu dəfə 350 manat ödənildikdən sonra o, 130 manat güzəşt etmiş, bundan sonra 1400 manat borc qalması ilə bağlı qeyd aparılmış, cavabdeh özü qeydin qarşısına imza etmişdir. Cavabdeh hal-hazıradək satılmış mala görə verilməli olan pul öhdəliyini tam icra etməmişdir. O, satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malı qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bu günə kimi pul öhdəliyinə əməl etməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, oğlunu 2015-ci ilin noyabr ayında evləndirmişdir. İddiaçıdan 2 dəst qızılı götürüb gəlib gəlininə göstərmiş və gəlininin xoşuna gəldiyi üçün cəmi 2400 manata olan 1300 manatlıq komplekt, 600 manatlıq nişan üzüyü olmuşdur. Həmin qızılları razılaşma yolu ilə almışdır. 26 dekabr 2015-ci il tarixdə toy olmuş və həmin nisyə götürdüyü qızılların pulunu xx.xx.2016-cı il tarixdə borcunu qaytaran zaman Aybəniz ona qızılların pulunu dollarla hesabladığını bildirmişdi. O, isə həmin qızılları manatla aldığını demişdi. Sonra Aybəniz ona demişdir ki, qızılı gətirsin baxsın və dəftər üzrə üzləşmə aparsın. O da gəlinindən qızılları alıb aparıb Aybənizə göstərmiş və Aybənizə əlavə olaraq qızıldan 200 manat da ödəniş etmişdir. Onun bu minvalla borcu 2019-cu il tarxidə yekunlaşmış və borcu mövcud deyildir. Aybəniz qızılı gətirdiyi zaman qaytarmayacağını, dollar qalxdığı üçün 4000 manata satacağını, ondan aldığı pulu özünə qaytaracağını bildirmiş, o, gəlinindən ayıb etdiyi üçün razılaşmamışdır. Aybənizdən qızılı qaytarmasını xahiş etmiş, Aybəniz də bu halda 1400 manat borcu qalacağını bildirdi. Göstərdiyi kimi, onun Aybənizə borcu yoxdur. Ona qarşı qaldırılan iddia tələbi tam olaraq əsassız və qanunsuzdur. Göründüyü kimi, aralarında hər hansı bir alqı-satqı və ya borc müqaviləsi bağlanmamışdır. O isə iddiaçıdan götürdüyü qızıl məmulatları üzrə ödəniş etmişdir. Cavabdeh X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 16 dekabr 2016-cı ildə qızılı oğlunun toyu üçün iddiaçıdan almışdır. Əvvəlcə 2000 manat, sonra isə 600 manat ümumilikdə iddiaçıya 2600 manat pul ödəmişdir. İddiaçı 1100 ABŞ dolları ondan alıb manatla qeyd edib. İddiaçıya 1500 manat məbləğində borcu olmamışdır. Qəbzdəki imza ona məxsusdur. Gəlinin qızılını iddiaçıya verib tərəziyə qoyub. İddiaçı deyir ki, guya qızılı ona 4000-ə vermişdir. Gəlinindən utandığı üçün 1400 manata imza atmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehə qızılları 7 ay müddətinə ABŞ dollarla vermişdir. Dolların məzənnəsinin qalxması onun problemi deyil. O qızılları 2015-ci ildə Toğrul adından bir şəxsdən götürüb cavabdehə satmışdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-20/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə cavabdehin borcunun təsdiqi olaraq iddiaçı əlyazma dəftərdən çıxarış əlavə etmiş, həmin çıxarışdan görünür ki, Sədaqət Cavad (1530- 130=1400) yazısı qarşısında imza edilmişdir. İşdə olan Ödəniş qəbzindən görünür ki, İddiaçı 34 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün vəkil X2 50 manat ödəniş etmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəməxətşünslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 9-cu vərəqində olan dam-dama qeyd dəftərinin üz tərəfinin yuxarı hissəsində 1530-130=1400m yazılarının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı X4 Paşayevaya nisyə olaraq qızıl-zinət əşyası satmış, cavabdeh qızılın dəyərini ödəməyi öhdəsinə götürmüş götürmüş, lakin o, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. MM-in 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı X4 Paşayevaya nisyə olaraq qızıl-zinət əşyası satmış, cavabdeh qızılın dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin o, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi halda, kollegiya yalnız formal mülahizələrə görə apellyasiya şikayətinin dəlillərini əsaslı saya bilməz. Kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-20/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(056)-20/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar