Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1069/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış cərimənin azaldılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 1138/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Masallı rayonunun Binə Xocavar kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır və ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca gecə saat 01:00 radələrində iddiaçının xəbəri olmadan baxış keçirmişlər. Guya sayğacdan kənar qaz xətti aşkar olunmuş, iddiaçıya xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə iddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçının həyətindən keçən qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Lakin cəriməni düzgün yazmamışlar. Yəni iddiaçının il ərzində istifadə etdiyi qazdan 10 dəfə artığını yazmışlar. Cavabdeh təşkilatın aktında göstərdiyi kub metr heç bir qanuna uyğun deyil. Nəyə istinad olunaraq həmin cərimə hesablanmışdır, bu da məlum deyil. Cərimənin düzgün hesablanmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(050)-1138/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(050)-1138/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. Masallı rayonu, Binə Xocavar kəndində ata evində qardaşı Nümayəndə2la birlikdə yaşayır. Atası Hüseyin vəfat etdikdən sonra qaz sayğacı iddiaçının adına keçirilmişdir. O, yay tətillərində rayona gəlir. Ata evində qardaşı Nümayəndə2 Hüseyin oğlu ailəsi ilə birlikdə yaşayır. X2 müharibəsinin iştirakçısı, müharibə veteranı və Zəfər ordenli döyüşçü olmuşdur. Hal-hazırda da ehtiyatda olan baş leytenantdır. 2023-cü ilin yanvar ayında rayona yağan güclü qar nəticəsində evə quraşdırılmış sayğacdan qazın keçməməsi nəticəsində özü xəstə, uşaqları da körpə olduğundan soyuqdan donmamaq üçün iki gün sayğacdan kənar yerüstü kauçuk şlanqla qazdan istifadə etmişdir. Sayğacdan kənar iki gün ərzində qazdan istifadəyə görə iddiaçıya 35040 kub metr cərimə yazmışlar. İddiaçı məhkəmə iclasında dəfələrlə məhkəməyə bildirmişdir ki, sahə nəzarətçisi ayda iki dəfə sayğaclara nəzarət edir. İki günə ona bu qədər cərimənin yazılması çox ədalətsizdir. Məhkəmə isə bu ədalətsizliyə göz yummuşdur. Cavabdeh təşkilatın ona yazdığı cərimə isə yeraltı turbalardan qeyri-qanuni istifadəyə görə yazılmış cərimələrə bərabər tutulmuşdur. Məhkəmə iclasında verdiyi izahatlar təhrif olunmuş, məhkəmə işi əvvəldən birtərəfli aparmışdır. İddiaçıya yazılan cərimənin düzgünlüyünü məhkəmə səlahiyyətləri çərçivəsində araşdırmamışdır. Mülki iş məhkəmə tərəfindən obyektiv araşdırılsaydı, ilk öncə ona yazılan cərimənin dəyərinin dəqiq müəyyənləşdirilməsi üçün mütəxəssisə müraciət edilməli idi. Cavabdeh İB ona cərimə yazarkən hər hansı bir rəqəm çıxarmış və həmin rəqəmi 24 saata vurmuş, sonda onu da 365 günə vuraraq 35040 kub metr sərfiyyat çıxarmışlar. Məhkəmə bu rəqəmi araşdırmadan təsdiq etmişdir. Onun 5 il ərzində istifadə etdiyi qazın cəriməsini birdəfəyə yazmışlar. İddiaçının adına olan sayğacdan qardaşı sayğacdan kənar qazdan istifadə etmişdirsə, istifadə etdiyi qədər və yaxud onun 5 dəfə artığını yazardılar. Məsələn, iddiaçının evində iki gün sayğacdan kənar qazdan istifadəyə görə 50 manat məbləğində istifadə olunmuşdursa, ona 500 manat, yaxud 1000 manat, yaxud 15 günün və ya 1 ayın cəriməsini yazardılar. O, bütün çıxışlarını məhkəmədə bu istiqamətdə etmişdir. Lakin məhkəmə onun çıxışlarına heç bir əhəmiyyət verməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, o, Masallı rayonunun Binə Xocavar kəndində yerləşən iddiaçıya məxsus evdə yaşayır. İddiaçı onun qardaşıdır. 2023-cü ilin yanvar ayında o, həmin evdə sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Lakin bu cür istifadə bir neçə gün olmuşdur. Cavabdehin əməkdaşları isə iddiaçı barəsində həddən artıq yüksək məbləğdə cərimə hesablamışlar. Bu həddə cərimənin hesablanması isə qanunvericiliyin tələblərinə zidd olmuşdur. O, verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçıya məxsus evin qaz sayğacı həyətdən kənarda yerləşir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirdi ki, həqiqətən də, Cavabdeh İB-nin məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirməsi vəzifəsi olsa da, regionun böyüklüyü səbəbindən həmin müddət ərzində baxışın keçirilməsi mümkün olmur. Qeyd etdi ki, qaz sərfiyyatının hesablanması qaydasına görə 1200 kub metr qaz sərfiyyatına qədər abonentə hər kub metr üçün 0,12 manat, 1200 kub metrdən sonra isə 0,25 manat borc hesablanır. O, sayğaca qanunsuz qoşulma halı mövcud olsa da, məişət abonenti olan iddiaçıya niyə sutkanın 24 saatı nəzərə alınmaqla cərimənin hesablanmasını izah edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İşdəki Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunmuşdur. İşdəki Cavabdeh İB X4 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 26 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 35040 kub metr müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Hesabat orta günlük iş rejimi 24 saat olmaqla və hesabat müddəti 365 gün qəbul edilməklə aparılmışdır. Tələbnamənin verilməsinə əsas kimi 13 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İşdəki İddiaçı **********00300 nömrəli abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin yanvar ayında akt əsasında 35040 kub metr (4204,80 manat) borc hesablanmışdır. İddiaçı öz iddia tələbində cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimənin azaldılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli, 26 noyabr 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsildiyi aşkar olunmuşdur. İşdəki Cavabdeh İB X4 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 28 noyabr 2018-ci il tarixində təsdiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsinin surətindən görünür ki, İddiaçı məxsus fərdi evdə istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 4644 kub metr müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Tələbnamənin verilməsinə əsas kimi 26 noyabr 2018-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən qətnamədə qeyd etmişdir ki, işə əlavə edilmiş videogörüntü və işdə olan Cavabdeh İB-nin Lənkəran RQİİ tərəfindən təsdiq edilmiş 13 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktla müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış, cəmi 4644 kub metr itirilmiş qaz hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış borcu düzgün müəyyən etməmiş, yanlışlığa yol verərək iddiaçının hazırda ******* nömrəli, 26 noyabr 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla hesablanmış 4644 kub metr borcun məbləğinin düzgün olmasına istinad edərək iddia tələbini təmin etməmişdir. Halbuki, 13 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktla iddiaçının abonent hesabına 35040 kub metr (4204,80 manat) borc hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun əsaslandırılmamışdır. İş materiallarından, apellyasiya şikayətindən və iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, iddiaçıya məxsus evdə həqiqətən də sayğacdan kənar təbii qazdan istifadə halı mövcud olmuşdur. İddiaçı bu fakt barədə tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktı mübahisələndirməmiş, sadəcə həmin aktla hesablanmış cərimə borcunun düzgün hesablanmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydaların) 6.5ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh təşkilat iddiaçının hesabına sayğacdan kənar qanunsuz qoşulma halının mövcud olmasına görə hesabat apararkən orta günlük iş rejimini 24 saat müəyyən etməklə yanlışlığa yol vermişdir. Halbuki, Qaydaların qeyd edilən müddəalarından görünür ki, məişət abonentlərinə münasibətdə hesabat sutkanın 12 saatı nəzərə alınmaqla aparılmalı idi. Bundan başqa, cavabdeh təşkilat hesabat müddətini 365 gün (12 ay) qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Qaydaların 3.1.10-cu maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11-ci maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunvericilik məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirilməsi vəzifəsini qaz paylayıcısı olan cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoymuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi də bunu təsdiq etsə də, regionun böyüklüyü səbəbindən bu vəzifənin icra edilməsinin mümkün olmadığını qəbul etmişdir. Məhkəmə kollegiyası isə bildirir ki, bu hal məişət abonenti olan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. Ona görə də məhkəmə kollegiyası hesabat müddətinin 365 gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçının abonent hesabına cərimə borcu 90 gün (3 ay) hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən də, ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında ona əsassız yerə yüksək həddə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt iddiaçının abonent hesabına əlavə edilməli olan cərimə borcu 4320 kub metr təşkil edir (4 × 12 saat × 90 gün = 4320 kub metr). Abonentin qaz sərfiyyatının 1200 kub metrədək hissəsinin 0,12 manat, 1200 kub metrdən sonrakı sərfiyyatının isə 0,25 manat olaraq hesablanmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçının ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında cərimə borcunun məbləği 924 manat təşkil edir ((1200 kub metr × 0,12 manat) + (3120 kub metr × 0,25 manat) = 144 manat + 780 manat = 924 manat). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının abonent hesabına ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimə borcunun qanunvericiliyin tələblərinə uyğun olmaması və həqiqətən də yüksək hesablanması öz təsdiqini tapdığından, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(050)-1138/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı abonent hesabına ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimə məbləği 4204,80 manatdan (35040 kub metrdən) 924 manata (4320 kub metrə) azaldılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1069/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1069/2023
19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver