Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1070/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilədən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. 06 mart 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 06 mart 2024-cü il tarixli K832-A-PCC-24 saylı müqaviləyə əsasən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. «İdeal Motors” MMC-nin tərəfindən tərtib edilmiş K-832-A-PCC-24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə 02 saylı əlavədən görünür ki, Cavabdeh sözügedən avtomaşının satışı ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək 48 ay hər ay 726 manat, sonuncu ayda isə 749 manat ödənişi etmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, BB 544821 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-yə məxsusdur. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıqlara görə müqaviləyə xitam verilməsi, ödədiyi 10000 manat pulun geri qaytarılması və avtomobilin təhvil alınması xahiş edilmişdir. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya ünvanladığı xx.xx.2024-cü il tarixli, 352/24 №-li cavab məktubundan görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzi tərəfindən ödənişsiz olaraq aradan qaldırılır. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, avtomobildə ilk gündən qüsurlar aşkar edilmişdir. Salonda döşəmə yağış zamanı suyun içərisində olur, faraya su dolur, işıqlanma tamamilə itir, əl əyləci ilişir. Ödədiyi 10000 manat pulun geri qaytarılması və avtomobilin təhvil alınması təkrarən xahiş edilir. Avtomobil tərəfindən istifadə edilməyəcək və ödəniş ödənilməyəcəkdir. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya ünvanladığı xx.xx.2024-cü il tarixli, 395/24 №-li cavab məktubundan görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində zəmanət müddətində istehsalla bağlı aşkar olunan hər hansı nasazlıq vəya qüsur istehsalçı zavodun zəmanət öhdəliyinə əsasən müştəri tərəfindən heç bir ödəniş olmadan aradan qaldırılır. Buna görə də avtomobilin servis mərkəzində texniki müayinədən keçirilməsi və nəticədə aşkar olunan qüsur üzrə zəmanət şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq”dan görünür ki, Cavabdeh xəbərdarlığı aldığı gündən 7 gün ərzində borclu olduğu məbləği ödəmədiyi təqdirdə müqavilənin 3.2.4-cü bəndinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Müvafiq poçt sənədindən görünür ki, xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. X1 görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixdə ilkin ödəniş olaraq 7797 manat, xx.xx.2024-cü il tarixdə 726 manat, xx.xx.2024-cü il tarixdə 726 manat və xx.xx.2024-cü il tarixdə 726 manat ödəniş etmişdir. İddiaçı MMC-nin məhkəmənin müvafiq sorğusuna əsasən verdiyi xx.xx.2025-ci il tarixli 62/25 №-li cavabdan görünür ki, iş üzrə Cavabdeh BAİC X55 minik markalı **-YK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qüsurların olması ilə bağlı xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə İddiaçı MMC-yə iki dəfə yazılı şəkildə məktub ünvanlanmışdır. Cavabdehə həm şifahi, həm də yazılı olaraq müraciət edilərək mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsi üçün BAİC X55 minik markalı **-YK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmiyyətin satış və servis mərkəzinə gətirməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsini təmin etməmiş və BAİC X55 minik markalı **- YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini servisə gətirməmişdir. İddiaçı MMCnin satış və servis mərkəzində BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4 dəfə xidmət göstərilmişdir. Bu xidmətlər avtomobilin mühərrik yağı və süzgəcin dəyişdirilməsi, hava süzgəcinin dəyişdirilməsi kimi cari xidmətlərdən ibarət olmuşdur İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 06 mart 2024-cü il tarixli K-832- A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilənin 2.2-ci bəndindən görünür ki, “alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavəyə uyğun olaraq “satıcı”ya ödəməlidir. Həmin müqavilənin 3.2.4-cü bəndinə əsasən “satıcı”nın “alıcı” müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasında birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququ vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart 2024-cü il tarixli, K-832A-PCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinin ləğv edilməsi, “BAİC X55” minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMCdən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 42668 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 7797 manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 34871 manat məbləğində pulun hissə-hissə hər ay 726 manat olmaqla 48 ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra İddiaçı MMC üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də sonradan gecikmələrlə yol vermiş və 2024-cü ilin iyun ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etməmiş, nə də nəqliyyat vasitəsini cəmiyyətə geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla mülkiyyətçisi olduqları nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və cəmiyyətə geri qaytarmaqdan imtina edir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozur və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər arasında bağlanmış 06 mart 2024-cü il tarixli K- 832APCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə ünvanladığı yazılı etirazında göstərmişdir ki, iddiaçi iddia ərizəsində **-YK-*** dövlət qeydiyyat nişanlı “BAİC X55” nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını, ilkin 7797 (yeddi min yeddi yüz doxsan yeddi) manat ödəniş tərəfindən icra etməklə alqı-satqı müqaviləsi əsasında avtomobili ona verilməsini, həmçinin müqavilə üzrə öhdəlikləri, yəni aylıq ödənişləri vaxtlı-vaxtında əvvəllər icra etsə də, sonradan gecikmələrə yol verməklə 2024-cü ilin iyun ayından ödənişlərin icrasını tamamilə dayandırmağını qeyd etmişdir. Həmçinin iddiaçı, iddia ərizəsində iddiaçıya ödədiyi ilkin və aylıq ödənişləri geri qaytarmadan maşının ona verilməsini tələb edir. Lakin, iddiaçı iddia ərizəsində tərəfindən aylıq ödənişlərin hansı səbəblərdən icra edilməməsini yazmır, göstərmir. Bu barədə onun tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli etdiyi rəsmi müraciətlər etsə də iddia ərizəsində heç bir qeydiyyat aparmamışdır. Bununla belə, iddiaçı **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı “BAİC X55” nəqliyyat vasitəsini, o Cavabdeh alınaraq ona verilməsini və ödədiyi 100 manat dövlət rüsumunun da, ondan tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Maşını İddiaçı MMC-dən götürdüyü ilk günlərdən başlayaraq qüsurlar aşkar olunub, növbəti aylarda isə bu çatışmazlıqlar qabarıq şəkildə özünü biruzə verməyə başladı. Məcbur olub maşını üçüncü aydan sonra, dayanacağa yerləşdirib çadır örtüklə bağlayıb MMCnin direktoruna xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər edib. Maşında olan qüsur çatışmazlıqlar aşağıdakılardan ibarətdir :Salon ümumiyyətlə bütün döşəmə yağış zamanı suyun içərisində olur. Yağışlı havalarda faralara su dolur, işıqlanma tamamilə itir. Əl əyləci dalbadal sonra da tamamilə ilişib qəza vəziyyəti yaradır. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, “0” km-dən aldığı maşındakı bu nasazlıqlar həmin hissələrin işlək olmasını, yəni zavod şəraitində buraxılmış maşından həmin hissələrin çıxarılıb yerinə digər işlək təmir olunmuş hissələrlə əvəz olunub maşına quraşdırılıb qoyulması deməkdir. Birinci dəfə xx.xx.2024-cü il tarixdə İddiaçı MMCnin direktoru Zaur Abbasova, maşında baş verən nasazlıqlar barədə məlumat verib tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilərək ödədiyi 10.000 manat məbləğində pulun ona geri qaytarılması və avtomobilin təhvil alınması haqqında müraciət edb. İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubu ilə müraciətini cavablandırmışdır. Cavab məktubunda “İstehsalçı zavodun təqdim etdiyi zəmanət müddəti ərzində istifadəsində olan BAİC X55 minik markalı avtomobildə istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzimiz tərəfindən ödənişsiz olaraq aradan qaldırılır” qeyd etmişdir. Yəni cavab məktubunda avtomobilin istismarı (istifadəsi) zamanı yaranan əmələ gələn nasazlığı ödənişsiz icra olunmasını qeyd etmişdir. Lakin cavab məktubunda maşında baş verən bu qədər nasaz hissələrin olmasının, istismar zamanı deyil, “0” km-dən alınan maşındakı, bu sayda nasaz hissələrin maşında, onun alınan gündən, hansı səbəbdən olmasının izahatını verməmiş, aydınlıq gətirməmişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, təkrarən xx.xx.2024-cü il tarixli müraciətində qeyd etdiyi kimi, maşında baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması və maşının onlara verilməsi barədə müraciət edib. İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, N2 395/24 nömrəli cavab məktubu ilə, xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubunda qeyd etdiyi cavabı təkrarən ona göndərmişdir. Lakin, İddiaçı MMC, verdiyi xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubundan bir gün qabaqkı xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” məktubu ilə tərəflər arşında bağlanmış xx.xx.2024cü il tarixli müqavilənin 3.2.4-cü bəndini əsas gütürərək, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququnun olmasını da qeyd etmişdir. Əvvəla, “Satıcı” İddiaçı MMC müqaviləni birtərəfli qaydada imtina edə bilmir. Çünki, müqaviləyə xitam verilməsi barədə, “Satıcı” İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər daxil olmuşdur. Yəni müqavilə iki tərəfli xitam olunur. İddiaçı müqavilənin ona sərf edən bəndinə istinad edərək, ödədiyi pulları geri qaytarmadan, zavod şəraitində buraxılmış maşını, guya o alıcı istismar-istifadə müddətində yararsız vəziyyətə salmağı kimi əsaslandıraraq maşını tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, “Nəqliyyat vasitəsinin istismar şəraitindən asılı olan və istehsalat qüsurlu mövcud olduqda zəmanət şamil edilir” qeyd edilmişdir. Müqavilənin 5.2.2-ci bəndinə görə, “Nasazlıq nəqliyyat vasitəsinin düzgün istismar olunmaması, qəza nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliklərin edilməsi və ya nəqliyyat vasitəsinə əlavə avadanlıqların quraşdırılması, o cümlədən qeyri-orijinal təkərlərin və sairə” zəmanət öhdəliyi öz qüvvəsini itirilməsi qeyd edilmişdir. Bu o deməkdir ki, İddiaçı MMC-dən aldığı maşının onun istismar müddətində göstərilən hallar baş verməmişdir. Yəni müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, alıcı, onunla bağladığı müqaviləyə xitam verməklə, ondan aldığı pulları geri qaytarmaq şərti ilə verdiyi maşını geri almalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddia tələbini araşdırıb ona hüquqi qiymət verərək belə bir nəticəyə gəlmək olar ki, hazırki mübahisə yəni iş üzrə iddiaçının, iddia ərizəsində zavod şəraitində istehsalat müddətində texniki nasaz maşını alıcıya, hal hazırki iş üzrə cavabdehə verilməsi faktı mübahisə olunmayan sübut kimi qəbul edilməlidir. Yəni, iddiaçının daşmar əmlak tələbinə dair iddiası, əsaslandırılmayan, mötəbər sübuta yetirilməyən, təsdiqini tapmayan tələb kimi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməmiş, etirazın dəlillərinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı (hakim N.Ağabəyov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, “BAİC X55” minik markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manatın Cavabdeh alınaraq İddiaçınə qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddia tələbi üzrə müqavilənin ləğvinə dair hissə iddiaçının bu istəyini qarşı tərəf olaraq cavabdehə bildirməsi anından ləğv etmə həyata keçirilmişdir. Bu halda müqavilənin məhkəmə qaydasında ləğvinə zərurət qalmır. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının avtomobilin geri qaytarılmasını tələbini əsaslı hesab edib iddia tələbinin həmin hissədə təmin edilməsi nəticəsinə gəlmişdir. Tərəflər arasında müqavilə ləğv edildiyindən onun predmeti olan avtomobil iddiaçının mülkiyyətində olduğundan həmin daşınar əmlak da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 157.2, 385.1, 389.1, 405.1, 421.1, 421.2, 423.1, 442, 448.1, 567-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, “0” kmdən alınan maşındakı bu nasazlıqlar həmin hissələrin işlək olmasını, yəni zavod şəraitində buraxılmış maşından həmin hissələrin çıxarılıb yerinə digər işlək təmir olunmuş hissələrlə əvəz olunub maşına quraşdırılıb-qoyulması deməkdir. Bu səbəblərdən AR Mülki Prosessual məcəlləsinin 97.1-ci maddəsinə istinad edərək, bu sahədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən məhkəmə ekspertizasının təyin edilib keçirilməsinə etiraz edilmir. Yəni ekspert maşına baxış keçirib nasaz hissələrin zavod şəraitində maşında olmasının, yaxud sonradan zavod şəraitində buraxılmış maşında olan hissələrin “təmir olunmuş hissələrlə” əvəz olunub maşına yerləşdirilib-qoyulmasına və yaxud qoyulmamasına aydınlıq gətirəcəkdir. Birinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMCnin direktoru Zaur Abbasova, maşında baş verən nasazlıqlar barədə məlumat verib tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilərək ödədiyi 10.000 manat məbləğində pulun ona geri qaytarılması və avtomobilin təhvil alınması haqqında müraciət etmişdir. İddiaçı MMC,xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubu ilə müraciətini cavablandırmışdır. Cavab məktubunda “İstehsalçı zavodun təqdim etdiyi zəmanət müddəti ərzində istifadənizdə olan BAİC X55 minik markalı avtomobildə istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzimiz tərəfindən ödənişsiz olaraq aradan qaldırılır” qeyd etmişdir. Yəni cavab məktubunda avtomobilin istismarı (istifadəsi) zamanı yaranan-əmələ gələn nasazlığı ödənişsiz icra olunmasını qeyd etmişdir. Lakin cavab məktubunda maşında baş verən bu qədər nasaz hissələrin olmasının, istismar zamanı deyil, “0” km-dən alınan maşındakı, bu sayda nasaz hissələrin maşında, onun alınan gündən, hansı səbəbdən olmasının izahatını verməmiş, aydınlıq gətirməmişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC-nin direktoru Zaur Abbasova, təkrarən xx.xx.2024-cü il tarixli müraciətində qeyd etdiyi kimi, maşında baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması və maşının onlara verilməsi barədə müraciət etmişdir. İddiaçı MMC,xx.xx.2024-cü il tarixli, № 395/24 nömrəli cavab məktubu ilə, xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubunda qeyd etdiyi cavabı təkrarən ona göndərmişdir. Lakin, İddiaçı MMC, verdiyi xx.xx.2024-cü il tarixli, № 352/24 nömrəli cavab məktubundan bir gün qabaqkı xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” məktubu ilə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.2.4-cü bəndini əsas gütürərək, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququnun olmasını da qeyd etmişdir. Əvvəla, “Satıcı” İddiaçı MMC müqavilədən birtərəfli qaydada imtina edə bilmir. Çünki, müqaviləyə xitam verilməsi barədə, “Satıcı” İddiaçı MMC-nə, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər daxil olmuşdur. Yəni müqavilə iki tərəfli xitam olunur. Məhkəmə ödədiyi pulları geri qaytarmadan, zavod şəraitində buraxılmış maşını, guya o alıcı istismar-istifadə müddətində yararsız vəziyyətə salmağı kimi əsaslandıraraq maşını tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, “Nəqliyyat vasitəsinin istismar şəraitindən asılı olan və istehsalat qüsurlu mövcud olduqda zəmanət şamil edilir” qeyd edilmişdir. Müqavilənin 5.2.2-ci bəndinə görə, “Nasazlıq nəqliyyat vasitəsinin düzgün istismar olunmaması, qəza, nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliklərin edilməsi və ya nəqliyyat vasitəsinə əlavə avadanlıqların quraşdırılması, o cümlədən qeyri-orijinal təkərlərin və sairə” zəmanət öhdəliyi öz qüvvəsini itirilməsi qeyd edilmişdir. Bu o deməkdir ki, "xxxx" MMC-dən aldığı maşının onun istismar müddətində göstərilən hallar baş verməmişdir. Yəni müqavilənin 5-ci, “Zəmanət”bəndinə görə, maşın satan, onunla bağladığı müqaviləyə xitam verməklə, ondan aldığı pulları geri qaytarmaq şərti ilə verdiyi maşını geri almalıdır. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı MMC-nin nümayəndəsi ərizə ünvanlayaraq digər məhkəmə iclası ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir Cavabdeh teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilədən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. İddiaçı MMC-nin tərəfindən tərtib edilmiş K-832-A-PCC-24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə 02 saylı əlavədən görünür ki, Cavabdeh sözügedən avtomaşının satışı ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək 48 ay hər ay 726 manat, sonuncu ayda isə 749 manat ödənişi etmək öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir . Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Normadan göründüyü kimi, alqı-satqı müqaviləsi bir əmlakın mülkiyyətinin bir şəxsdən (satıcıdan) digər şəxsə (alıcıya) müəyyən pul məbləği müqabilində keçirilməsinə dair mülki-hüquqi müqavilədir. Yəni qarşılıqlı öhdəlikli, əvəzli və mülkiyyət keçidini təmin edən əsas müqavilədir. Hər iki tərəf müqavilədə göstərilən şərtləri icra etməlidir, əks halda hüquqi məsuliyyət yaranır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, avtomobildə baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması barədə müraciət etmişdir. Lakin iddiaçı tərəf müqaviləni birtərəfli qaydada ləğv etdiyini qeyd etmiş və 10000 manat pulu cavabdehə qaytarmamışdır. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi aşağıdakıları qeyd edir. 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilənin 2.2-ci bəndindən görünür ki, “alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavəyə uyğun olaraq “satıcı”ya ödəməlidir. Həmin müqavilənin 3.2.4-cü bəndinə əsasən “satıcı”nın “alıcı” müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasında birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququ vardır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən texniki nasaz nəqliyyat vasitəsinin istifadəsi nəticəsində nəqliyyat vasitəsinin nasazlıqları və sınmaları ilə əlaqədar bütün riskləri “Alıcı” daşıyır. İşin hallarından göründüyü kimi, cavabdeh öhdəlikləri yerinə yetirməmiş, nəqliyyat vasitəsini istifadə etməyə davam etmiş, lakin aylıq ödənişləri etməmişdir. Müqavilədən aydın olur ki, satıcı müqavilənin icrasında birtərəfli imtina edə, avtomobili geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Müqavilənin 3.2.4-cü bəndi satıcının hüquqi üstünlüyünü təsdiqləyir və cavabdehin pulun qaytarılması tələbinin əsassız olduğunu göstərir. Belə ki, satıcı öz müqavilə öhdəliklərini tam icra etmiş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən avtomobili təhvil vermiş, müqavilə və texniki sənədləri təqdim etmiş, texniki nasazlıqla bağlı alıcının müraciətinə rəsmi cavab vermiş və avtomobilin təqdim olunacağı halda təmir və dəstək göstərməyə hazır olduğunu bildirmişdir. Bu hal satıcının müqavilə öhdəliklərini pozmadığını, əksinə alıcının avtomobildən birtərəfli şəkildə istifadə etməyə davam etməsinə baxmayaraq ödəniş etmədiyini təsdiqləyir. Belə ki, apellyasiya şikayətində göstərilən iş üzrə hər hansı növ ekspertizanın keçirilməməsi, sözügedən müqavilənin ikitərəfli xitam olunmuş hesab edilməsi, habelə iddiaçı tərəfindən göndərilmiş cavab məktubunda avtomobildə nasaz hissələrin olmasının hansı səbəbdən olmasına aydınlıq gətirilməməsinə dair dəlillər formal xarakterli olmaqla heç bir araşdırma zərurətini ortaya çıxarmır və işin baxılmasının uzadılmasına xidmət edir Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-130/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1070/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1070/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver