Məhkəmə qərarları › İş №2(106)-1075/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1075/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1075/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 24.300 manat pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.300 manat əsas borcun, eləcə də dövlət rüsumu kimi ödədiyi 162,90 (bir yüz altmış iki manat doxsan qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı (Hakim: Vüsal Cəbrayılov) qətnaməsi ilə, iddia təmin edilərək Cavabdeh 24.100 (iyirmi dörd min yüz) manat məbləğində pulun və 162,90 (bir yüz altmış iki manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1931/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-674/2024 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1931/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 24 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1075/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 27 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)- 1931/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, iş üzrə Cəlilabad Rayon Məhkəməsi Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaydada verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlamadan apellyasiya şikayətini iş materiallarına əlavə etmiş və apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil, prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün hesab olunur. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən ilk dəfə verilmiş apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri mümkün hesab edilmişdir. Bundan sonra Cavabdeh yenidən elektron qaydada apelyasiya şikayəti versə də, şikayətə müddətin bərpası barədə ərizəsini əlavə etməmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qətnamə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada alınmış və apelyasiya şikayəti verilməsi müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Cavabdeh tərəfindən birinci dəfə apelyasiya şikayəti verilərkən müddət buraxılmasa da həmin şikayət qeyri mümkün hesab edildiyindən və Cəlilabad Rayon Məhkəməsi tərəfindən də həmin şikayət geri qaytarıldığından həmin şikayətlə bağlı nəticələrdə aradan qalxmışdır. Belə olan halda Cavabdeh yenidən apelyasiya şikayəti verərkən şikayətə müddətin bərpası barədə ərizə əlavə etməli, bundan sonra Cəlilabad Rayon Məhkəməsi tərəfindən həmin ərizəyə qiymət verilməli, daha sonra müddət bərpa edildiyi halda mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməli idi. Lakin nə cavabdeh müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, nə də Cəlilabad Rayon Məhkəməsi apelyasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunu yoxlamışdır. Halbuki apellyasiya şikayəti nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə verilməsi mahiyyət etibarilə yeni verilmədir və bu MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər anlayışına tamamilə uyğundur. Əks halda apellyasiyanın mümükünlüyü üçün prosessual əsaslar yaranmamış olur ki, bu da buraxılmış müddət bərpa edilmədən apellyasiya şikayəti üzrə apellyasiya icraatın davam etməsini mümükünsüz edir. Kollegiya qeyd edir ki, müddətin bərpası barədə ərizə verilmədiyindən müddət ötürülmüş hesab edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil, prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün hesab olunur. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM maddə 128-130). Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu düzgün yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar