Məhkəmə qərarları › İş №2(106)-1076/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1076/2023

12.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1076/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(018)-179/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Ərçivan qəsəbəsində ümumi birgə mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh3 adına özgəninkiləşdirilməsi ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əri, Cavabdeh3 isə keçmiş qaynanasıdır. Cavabdeh1 ilə 2016-cı ilin iyun ayında faktiki olaraq ailə həyatı qurmuş, nikahlarını isə 28 iyul 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 06 sentyabr 2018-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə iddiaçının atası X24 onun, anası X10 və iddiaçının mülkiyyətində olan 0,15 hektar torpaq sahəsinin 0,10 hektar hissəsini fərdi yaşayış evi tikməkdən ötrü onlara vermişdir. Torpaq sahəsini sənədləşdirmək üçün 10 noyabr 2016-cı il tarixdə alğı-satqı müqaviləsi notariat ofisində yazılmışdır. Alğı-satqı müqaviləsində yazılmışdır ki, guya əri Cavabdeh1 0,05 hektar torpaq sahəsinə görə iddiaçıya 500 manat və anası Zənfirə Diyarovaya da 500 manat pul vermişdir. Əslində nə iddiaçıya, nə də ki anasına pul verməmişdir. Sadəcə formal olaraq alğı-satqı müqaviləsi tərtib olunmuşdur. Həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsinin hazırkı dövrdə 1000 manata satılması ağlabatan deyil. 2017-ci ildə valideynlərinin köməyi ilə həmin torpaq sahəsində 2 mərtəbəli ev tikmişlər. Evin 2-ci mərtəbəsində ümumi sahəsi 90 kv.m olan otaqlar, 1-ci mərtəbəsində isə mətbəx, hamam və tualet tikmişlər. Fərdi yaşayış evi tam hazır deyil, pilləkən quraşdırılmamışdır. Keçmiş əri Cavabdeh1 hərbçidir. Onun təqsiri üzündən ailə münasibətləri pozulmuşdur. Ailənin saxlanılması üçün iddiaçı cəhd etsə də, nəticəsi olmamışdır. Həm də Cavabdeh1 uşağın saxlanılması üçün könüllü maddi köməklik etmədiyi üçün məcbur olub nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşağın saxlanılması üçün aliment qət edilmişdir. Keçmiş əri Cavabdeh1 iddiaçının xəbəri və razılığı olmadan ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini və orada inşa edilmiş fərdi yaşayış evini anası Cavabdeh3 adına sənədləşdirmişdir. Cavabdeh1 bu hərəkəti ilə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Hazırda iddiaçı uşaqla birlikdə evindən qovulmuşdur. Yaşamağa başqa yeri olmadığı üçün valideynlərinə məxsus olan evdə yaşayır. Beləliklə, iddiaçı keçmiş ərinin qanunsuz əməli nəticəsində evsiz və torpaqsız qalmışdır. Odur ki, birgə hüquqları olan əmlakları barədə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. O, bağlanmış əqdin surətini Cavabdeh2ndən rəsmi qaydada tələb etsə də, həmin sənədlərin iddiaçıya verilməsindən 30 noyabr 2022-ci il tarixli, 786 nömrəli məktubla imtina edilmişdir. Astara Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(018)-179/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(018)-179/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1lə xx.xx.2016-cı il tarixdə faktiki olaraq ailə həyatı qurmuşdur. Aralarında olan ər-arvad münasibətlərini xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X9 anadan olmuşdur. Cavabdeh1 ilə birgə yaşadıqları dövrdə iddiaçının anası X15 mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsindən əvəzsiz olaraq 0,10 hektar torpaq sahəsini ev tikməkdən ötrü Cavabdeh1 vermişdir. Torpaq sahəsini sənədləşdirmək üçün (ailə başçısı keçmiş əri Cavabdeh1 olduğundan onun adına sənədləşdirilib) formal olaraq xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi tərtib edilmişdir. Alğı-satqı müqaviləsində qeyd edilmişdir ki, guya torpağa görə 1000 manat pul ödənilmişdir. Həqiqətdə isə pul verilməmişdir. Yaşadıqları qəsəbədə isə həyətyanı torpaq sahəsinin hər bir sotu 1000-1500 manat civarındadır. Bu isə sübut edir ki, cavabdehin dediyi söz ağlabatan deyil. Beləliklə, Cavabdeh1 saxtakarlıq edərək aldatma yolu ilə torpaq sahəsini ələ keçirmiş, sonradan isə iddiaçının razılığı olmadan xx.xx.2022-ci il tarixdə Cavabdeh3 bağışlamışdır. Mübahisə edilən torpaq sahəsini iddiaçının anası cavabdehə alğı-satqı yolu ilə verərkən onlar faktiki nikah münasibətində olmuşdur. Cavabdeh1 torpaq sahəsini ələ keçirəndən sonra iddiaçını uşaqla birlikdə evdən qovmuşdur. Ümumi birgə mülkiyyətində olan torpaq sahəsi iddiaçının razılığı olmadan bağışlandığından hazırkı tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə isə iş üzrə səhv nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının müdafiəsi üçün hər hansı hüquqi köməklik göstərilməmiş və buna şərait yaradılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. İddiaçının anası Zənfirə Diyarova tərəfindən ev tikilməsindən ötrü onlara verilməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən iddiaçının razılığı olmadan anasına bağışlanılmışdır. Bu qanun pozuntusuna məhkəmə əhəmiyyət verməmişdir. İddiaçı Cavabdeh1lə faktiki olaraq 2016-cı ilin aprel ayından evlidir, belə olan halda anası tərəfindən əvəzsiz verilən 0,10 hektar torpaq sahəsi onların ümumi birgə əmlakı hesab edilməlidir. Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında mövcud olan məlumata görə Cavabdeh1 28 iyul 2017-ci ilədək nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Cavabdeh1 xx.xx.2017-ci ildə Astara rayon Qeydiyyat şöbəsində iddiaçı ilə nikaha daxil olmuşdur. Rəsmi nikahdan onların xx.xx.2018-ci il tarixdə Ruqayyə adlı uşaqları Cavabdeh1 Balakən rayonunda hərbi xidmət etdiyi müddət ərzində orada anadan olmuşdur. Cavabdeh1 hərbçidir və hərbçi olduğundan iddiaçı ilə həmişə xidmət etdiyi yerlərdə kirayələrdə yaşamışlar. İddiaçının iddia etdiyi və ünvan 1ində yerləşən fərdi yaşayış evi birincisi, dövlət qeydiyyatına alınmamış, ikincisi, həmin fərdi yaşayış evi hələ Cavabdeh1 iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl X21 tərəfindən inşa edilmişdir. Belə ki, Cavabdeh1 hərbçi olduğu üçün həmişə hərbi hissədə olmuşdur. Ona görə iddiaçının iddia etdiyi və ünvan 1ində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsini də X21 öz vəsaiti hesabına xx.xx.2016-cı il tarixdə almışdır və bu barədə Astara rayon Dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin alğı-satqı müqaviləsinə də Cavabdeh1 əvəzinə etibarnamə əsasında X21 şəxsən özü imza etmişdir. X21 həmin torpaq sahəsini aldıqdan sonra 2017-ci ilin mart ayından həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə başlamış və həmin evin tikintisini 2017-ci ilin may ayında başa çatdırmışdır. X21 özünün və anasının pensiyasından pul toplamış, həyətdən sitrus meyvələrini toplayıb sataraq və eyni zamanda özünə məxsus mal-qaralarını sataraq pullarını toplayıb həmin evin tikintisini başa çatdırmışdır. Həmin evin tikintisi başa çatsa da, evin içi tam təmir olunmamışdır. Həmin evin tikintisi üçün alınan materialları atası öz vəsaiti hesabına almış, evin tikintisini həyata keçirən usta və fəhlələri də atası tutmuş və onların pulunu da atası vermişdir. Həmin torpaq sahəsi Cavabdeh1 adına alınsa da, onun alınmasının və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinin ona heç bir aidiyyəti yoxdur. Çünki qeyd etdiyi kimi, həmin dövr ərzində Cavabdeh1 hərbi xidmətdə olmuş və xidmət etdiyi yerlərdə kirayələrdə yaşamışdır. İddiaçı həmin fərdi yaşayış evinin birgə nikah dövründə inşa edildiyini iddia etsə də, bu, həqiqəti əks etdirmir. Çünki bu iddia tələbindən əvvəl Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə məhkəməyə müraciət etmiş və onun həmin vaxtı məhkəməyə təqdim etdiyi flaşkartda iddiaçının gəlin gətirildiyi gün, yəni xx.xx.2017-ci il tarixi öz əksini tapmışdır və oradan aydın görünür ki, iddiaçı gəlin köçərkən həmin fərdi yaşayış evi artıq inşa edilmiş vəziyyətdə olmuşdur. Belə ki, həmin fərdi yaşayış evini X21 inşa etdirmiş və imkanı çatmadığı üçün həmin evin içərisini təmir elətdirə bilməmişdir. Həmçinin, həmin evin tikintisində iştirak etmiş usta və fəhlə də notariat qaydasında təsdiq edilmiş izahatlarında həmin fərdi yaşayış evini X21 üçün tikdiklərini, evin tikintisinə 2017-ci ilin mart ayından başlandığını və həmin evin tikintisinin 2017-ci ilin may ayında başa çatdığını qeyd etmişlər. Atasının maddi vəziyyəti yaxşı olmadığından həmin fərdi yaşayış evinin içərisi tam təmir olunmadığı və orada yaşamaq üçün şərait olmadığı üçün, yəni həmin evdə işıq, qaz xətti və su olmadığı üçün həmin evin dövlət qeydiyyatına alınmasını hələlik dayandırmış və evin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X21 etibarnamə ilə anası Cavabdeh3 mülkiyyətinə verilmişdir və bu barədə onun adına rəsmi çıxarış verilmişdir. Məqsəd də o olmuşdur ki, həmin torpaq sahəsi hələ Cavabdeh1 iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl Astara rayon Dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi yolu ilə alınmış, həmin alğı-satqı müqaviləsinə də etibarnamə ilə X21 özü imza etmiş və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi də nikahdan əvvəl, yəni X21 tərəfindən 2017-ci ilin mart ayından həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə başlanılmış, həmin evin tikintisini 2017-ci ilin may ayında başa çatdırmışdır. İddiaçının qeyd etdikləri yalan və əsassızdır. Belə ki, əgər mübahisəli torpaq sahəsi onların birgə nikah dövründə ev tikilməsi üçün verilsəydi, onda bu barədə aralarında alğı-satqı müqaviləsi niyə bağlanırdı? Həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən anası Cavabdeh3 bağışlanarkən və bu barədə aralarında bağışlama müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, həmin torpaq sahəsi Cavabdeh1lə iddiaçı rəsmi nikaha daxil olmamışdan əvvəl – xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi ilə alındığı üçün birgə yaşayış dövrünə təsadüf etmədiyinə görə notariat tərəfindən iddiaçının razılığı tələb olunmamışdır. İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə inşa edilmiş yaşayış sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə artıq bir dəfə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə Astara rayonu, Ərçivan qəsəbəsində inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 90 kv.m olan yaşayış sahəsinin bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-776/2022 saylı qətnaməsi ilə həmin iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən də narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(106)-2062/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-776/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı qisas almaq məqsədi ilə cavabdehlərə qarşı əsassız iddialar qaldıraraq onları get-gələ salır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, Cavabdeh1lə 2016-cı ildə faktiki nikaha daxil olmuşdur. Anası və özü hərəsi özlərinə məxsus olan 0,05 ha torpaq sahəsini, ümumilikdə 0,10 ha torpaq sahəsini 16 noyabr 2016-cı il tarixli formal alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışlar. Ancaq alğı-satqı formal xarakter daşımış, onların gələcəkdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək yaşamaları üçün Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı bildirdi ki, o, gəlin gələrkən artıq həmin torpaq sahəsində ev tikilmişdi. Nişanlı olarkən iddiaçı və ailəsi həmin evin tikilməsinə köməklik etmiş, toy olduqdan sonra isə evin içərisinin təmir etdirilməsində iştirak etmişlər. Hal-hazırda həmin evin tikintisinə nə qədər pul vəsaiti qoyulduğunu bilmir, ancaq evin 1 otağını, dəhlizini, pəncərələrini iddiaçı və ailəsi düzəltdirmişdir. Lakin onun Cavabdeh1lə nikahı pozulmadan Cavabdeh1 bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsini iddiaçının razılığı alınmadan anası Cavabdeh3 bağışlamışdır. Halbuki, həmin torpaq sahəsi və ev onların ümumi birgə mülkiyyətində olmuşdur, bu səbəbdən iddiaçının da razılığı tələb olunurdu. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 mübahisəli 0,10 ha torpaq sahəsini 16 noyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Əgər həmin torpaq sahəsi həqiqətən də iddiaçı və onun ailə üzvləri tərəfindən Cavabdeh1 orada gələcəkdə yaşamaları üçün fərdi yaşayış evinin tikilməsi üçün verilsəydi, onlar alğı-satqı müqaviləsi deyil, bağışlama müqaviləsi bağlaya bilərdilər. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 nikahı 28 iyul 2017-ci ildə bağlanmış və elə həmin tarixdə də iddiaçı cavabdeh tərəfin ailəsinə gəlin köçmüşdür. İddiaçı gəlin köçərkən artıq mübahisəli torpaqdakı ev hazır idi. Bu faktı iş materiallarına əlavə edilmiş fotoşəkillər də təsdiq edir. Həmin fotoşəkillərdən də görünür ki, iddiaçı ilə Cavabdeh1 2016-cı ildə faktiki nikaha daxil olması barədə iddiaçının bildirdikləri yalandır. Göründüyü kimi, iddiaçı tərəfindən 01 aprel 2022-ci il tarixli müqavilə ilə anasına bağışlanılan 0,10 ha torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak deyil. Ev iddiaçı ilə Cavabdeh1 nikaha daxil olanadək tikilmişdir. Həmin evə dair isə hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Bu səbəbdən də iddiaçının tələbi əsassızdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını və Cavabdeh1 nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında X16, X10 və İddiaçı, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 66,3 kv.m olan torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki 16 noyabr 2016-cı il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, satıcılar X15, İddiaçı və X4 rayonu, Ərçivan kəndi ünvanında 0,15 ha torpaq sahəsində yerləşən 66,3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcı Cavabdeh1 mülkiyyətinə verirlər: satıcı X15 0,05 ha torpaq sahəsini və satıcı İddiaçı 0,05 ha torpaq sahəsini alıcı Cavabdeh1 mülkiyyətinə verir. Qalan 0,05 ha torpaq sahəsi və 66,3 kv.m fərdi yaşayış evi X16 mülkiyyətində qalır. Alıcı daşınmaz əmlakı 1000 manat qiymətinə aldı (500 manat – X13, 500 manat İddiaçı). Müqaviləni satıcı qismində X15, İddiaçı və X24, alıcı qismində isə X11 (Cavabdeh1 əvəzinə) imzalamışlar. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 22 noyabr 2016-cı il tarixində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki Cavabdeh2 xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0,1 ha hissəsini anası olan hədiyyə alan X6 bağışlamışdır. Müqavilə hədiyyə verən qismində X11 (Cavabdeh1 əvəzinə), hədiyyə alan qismində isə Cavabdeh3 tərəfindən imzalanmışdır. İşdəki Astara RİHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitabından xx.xx.2022-ci il tarixli, 2387 nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı icra nümayəndəliyinin 24 nömrəli təsərrüfat başına kitabının 2209-cu səhifəsində qeydiyyatda olmaqla Ərçivan qəsəbəsində avqust 2017-ci ildə inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evində əri Cavabdeh1 və qızı X9 ilə birlikdə qeydiyyatdadır. İşdəki Astara rayon Qeydiyyat şöbəsinin 02 fevral 2022-ci il tarixli, 83-05/70 saylı arayışından görünür ki, Cavabdeh1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2017-ci ilədək olan dövrə dair “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında mövcud olan məlumata görə Cavabdeh1 qeyd edilən dövrədək nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Cavabdeh1 xx.xx.2017-ci ildə (akt qeydi 130 nömrəli) Astara rayon Qeydiyyat şöbəsində İddiaçı ilə nikaha daxil olmuşdur. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)- 368/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X14 ilə Cavabdeh1 arasında 28 iyul 2017-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində 130 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 06 sentyabr 2018-ci il təvəllüdlü X9 anası X7 yanında və himayəsində saxlanılmış, Cavabdeh1 hər ay qazancının ¼ hissəsində alimentin tutularaq 06 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X12 ödənilməsi qət edilmişdir. İşdəki AZ-İ 418380 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X7 nikahı Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Diyarova soyadı verilmişdir. X1 və X27 tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş izahatlardan görünür ki, onlar usta kimi ünvan 1 sakini X3 ünvan 1ində tikdirdiyi fərdi yaşayış evinin tikintisini həyata keçirdiklərini, fəhlələr ilə həmin fərdi yaşayış evinin tikintisini 2017-ci ilin mart ayında başladıqlarını və 2017-ci ilin may ayında başa çatdırdıqlarını bildirmişlər. İddiaçının tələbindən görünür ki, o, Cavabdeh2 xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İddiaçı öz tələbini “Astara rayonu, Ərçivan qəsəbəsində ümumi birgə mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh3 adına özgəninkiləşdirilməsi ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi” şəklində qoysa da, 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həmin müqavilə sadəcə olaraq Cavabdeh1 məxsus Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi ilə əlaqədar bağlanmışdır. İddiaçı həmin bağışlama müqaviləsinin etibarsız olmasını iddia edərkən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin ümumi birgə mülkiyyətdə olmasına baxmayaraq, müqavilənin onun razılığı alınmadan və xəbəri olmadan bağlanmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə anası (cavabdeh) Cavabdeh3 bağışlanmış 0,10 ha torpaq sahəsi 16 noyabr 2016-cı il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında, 0,05 ha hissəsi X8 və 0,05 ha hissəsi isə İddiaçı ümumilikdə 1000 manat müqabilində əldə edilmişdir. İddiaçı həmin alğı-satqı müqaviləsinin formal olaraq bağlandığını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübutları təqdim etməməklə yanaşı, həmin müqaviləni və həmin müqavilə əsasında Cavabdeh1 mübahisəli 0,10 ha torpaq sahəsinin üzərində xx.xx.2016-cı il tarixində xüsusi mülkiyyət hüququnun qeydə alınmasını ümumiyyətlə mübahisələndirməmişdir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli 0,10 ha torpaq sahəsini 16 noyabr 2016-cı il tarixində əldə etmiş, onun həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ 22 noyabr 2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 isə 28 iyul 2017-ci il tarixində nikaha daxil olmuşlar. İddiaçı apellyasiya şikayətində Cavabdeh1lə xx.xx.2016-cı il tarixində faktiki nikaha daxil olduğunu qeyd etsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iş materiallarının 53-cü vərəqində olan fotoşəkillərdən görünür ki, iddiaçı ilə Cavabdeh1 toyu xx.xx.2017-ci ildə baş tutmuş, iddiaçı həmin tarixdə gəlin köçmüş, toy baş tutan zaman isə mübahisəli torpaq sahəsində artıq 2 mərtəbəli fərdi yaşayış evi də qismən hazır olmuşdur. Beləliklə, müəyyən edilir ki, mübahisəli 0,10 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir. Bu isə o deməkdir, mübahisəli 0,10 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçı ilə nikaha daxil olanadək əldə edildiyindən, Cavabdeh1 ayrıca mülkiyyəti olmuş, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hüququ yaranmamışdır. Həmin 0,10 ha torpaq sahəsinin Cavabdeh1lə İddiaçı ümumi birgə mülkiyyətdə olmasına dair iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri isə göründüyü kimi əsassızdır. Mübahisəli 0,10 ha torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olmadığından, həmin torpaq sahəsi ilə bağlı hər hansı sərəncam verilərkən Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılığı tələb olunmur. Göründüyü kimi, iddiaçının bağışlama müqaviləsi bağlanarkən onun razılığının alınmaması səbəbindən etibarsız hesab edilməli olduğu ilə bağlı bildirdikləri əsaslı deyil. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Məhkəmə kollegiyası bildirir ki, 01 aprel 2022-ci il tarixdə Cavabdeh2ndə 4Ə-206 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi Mülki Məcəllədə bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə Cavabdeh2 xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən torpaq sahəsinin Cavabdeh1 məxsus olması yoxlanılmışdır. Həmin bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətçi hüququndan istifadə edərək özünə məxsus Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini anası Cavabdeh3 bağışlamışdır. Göründüyü kimi, bağışlama müqaviləsinin predmeti kimi sadəcə torpaq sahəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin dəlilləri MM-də nəzərdə tutulmuş tələblərə uyğun şəkildə bağlanmış və təsdiqlənmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, mübahisəli torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi mübahisələndirilən bağışlama müqaviləsinin predmeti olmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası bildirir ki, həmin fərdi yaşayış evi bağışlama müqaviləsinin predmeti olmadığından, eləcə də, həmin fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmasına dair hər hansı başqa bağışlama müqaviləsinin mövcudluğu iş materialları ilə müəyyən edilmədiyindən, 2 mərtəbəli fərdi yaşayış evi ilə bağlı hissədə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Astara Rayon Məhkəməsinin 28 aprel 2023cü il tarixli, 2(018)-179/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(018)-179/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar