Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1077/2025 07.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, İddiaçın (MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə barədə kiçik iddiaya dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(057)-458/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə borcuna görə 835 manat, faiz borcuna görə 0 manat, cəmi 835 manat pulun və 31 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC “OCEAN RO452CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1890 manat məbləğində olan “OCEANRO452CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2022-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il alğı-satqı müqaviləsinin şərtlərinə görə “OCEAN RO452CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə görə cavabdeh alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 300 manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 15 ay müddətinə olmaqla hər ayın 06-dan gec olmayaraq, hər ay 106 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən cavabdehdən xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 835 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 835 manat məbləğ təşkil edir. Salyan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, onun məhkəmə iclaslarından məlumatı olmamış, məhkəmə tərəfindən göndərilən məktubların heç biri ona çatmamış, onlar başqa şəxslər tərəfindən imzalanaraq götürülmüşdür. İddiaçı tərəfindən borcun məbləği şişirdilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan: İddiaçının 18 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 835 manat əsas, dəbbə borcuna görə 0 manat, cəmi 835 manat borcu yaranmışdır. 02 dekabr 2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdeh iddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı tərəfin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, apellyasiya şikayətinə qarşı etiraz göndərərək, etirazında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəsinin ikinci bəndinə əsasən cavabdeh malı tam komplektdə təhvil almışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.12-ci bəndinə əsasən Alıcı malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) hissə-hissə və ya tam olaraq ödəməlidir. Həmin müqavilənin 4.11-ci bəndinə əsasən “Alıcı” üzərinə düşən öhdəliyi icra etməsə və ya lazımınca icra etməsə, müqavilədəki öhdəliklərini pozduğu təqdirdə “Satıcı”ya dəymiş zərərin tam olaraq ödənilməsini öhdəsinə götürür. Eyni zamanda müqavilənin 4.14-cü bəndinə əsasən Müqavilə və Müqaviləyə Əlavədə olan öhdəlikləri yerinə yetirməyən tərəf digər tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə də məsuliyyət daşıyır. İİ – Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin yəni əşyanın nisyə satışının nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutlmuş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. MM-in 600.1.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərtləri ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 445.2.1 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətədə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Eyni zamanda MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsiri pozuntusu üçün məsuliyyət daşıyır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətində iştirakının təmin edilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi MPM-in 284-5.1.-ci maddəsinin tələblərinə uyğun olaraq rəsmi qaydada cavabdehin şəxsiyyət vəsiqəsində göstərilmiş yaşayış yeri üzrə ünvanına müvafiq bildirişi göndərmişdir. Belə olduğu halda cavabdehin bu dəlili əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə tərkibi tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən 835 manat borc və 01 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə tərkibi MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edildiyindən birinci instansiya məhkəməsi 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(057)-458/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1077/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1077/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver