Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1078/2023 25.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və lizinq haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(036)-2933/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və lizinq haqqının ödənilməsi tələbi barədə iddia qaldıraraq tərəflər arasında bağlanmış 15 iyul 2021-ci il tarixli MAS-5000 saylı Lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən Cavabdeh istifadəsinə verilmiş “Khazar SD” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin geri alınaraq ondan xx.xx.2022-ci il tarixə olan 1001,89 manat əsas borc, 209,68 manat mükafat və 408,04 manat dəbbə pulu, cəmi 1619,61 manat və ödənilmiş dövlət rüsumuna görə 36,60 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 15 iyul 2021-ci il tarixli MAS-5000 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu ildə buraxılışlı “Khazar SD” markalı ** PX *** dövlət qeydiyyat nişanlı NVAW01HHFKE164224 ban nömrəli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17 faiz hesablanmaqla 41 aylıq müddətə hər ay sabit pul məbləğ olmaqla 384.64 manat, ümumilikdə isə 18871 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18871 manatın 15000 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqavləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5000 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 29 avqust 2022-ci il tarixə ümumilikdə 1619.61 manat məbləğ borcu yaranmışdır. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(036)-2933/2022 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2021-ci il tarixli MAS-5000 saylı Lizinq müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2019 buraxılış ili olan “Khazar SD” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə qaytarılması və Cavabdeh 1001.89 (min bir manat səksən doqquz qəpik) əsas borc və 209.68 (iki yüz doqquz manat altmış səkkiz) manat mükafat məbləğinin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(036)-2933/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, proses dövründə 21 oktyabr 2022-ci tarixli 4111 saylı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə məhkəməyə təqdim edilmiş və ərizəyə lizinq oybektinin qaytarılması ilə bağlı təhvil-təslim aktının surəti, dəymiş zərərin qiymətləndirilməsinə dair qüsur aktının surəti, maliyyə arayışının surəti, dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzin surəti əlavə edilmişdir, lakin birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni, əlavə olunmuş sənədləri nəzərə almamış və qətnamədə qeyd olunan sənədlərə münasibət bildirməmişdir. Qətnamənin tarixi 19 dekabr 2022-ci il kimi qeyd olunsa da, İddiaçı MMCyə 12 may 2023-cü il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və qətnamə iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan AD 520465 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2019 buraxılış ili olan “Khazar SD” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 15 iyul 2021-ci il tarixli MAS-5000 saylı Daxili Lizinq müqaviləsinin surətinə əsasən 15.000,0 manat dəyərində “Khazar SD” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil 3100,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 41 ay müddətində illik 17 faizlə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 4.1.1 -ci maddəsinin tələbinə əsasən Lizinq alan bu müqavilə ilə müəyyən edilmiş şərtlərə riayət edərək lizinq obyektinə müvəqqəti sahiblik və istifadə hüququ əldə edir. Müqavilənin 9.1.4cü maddəsinə görə lizinq alan lizinq ödənişlərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə ən azı 2 dəfə ardıcıl olaraq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə bu müqavilə Lizinq verənin təşəbbüsü ilə ləğv edilə bilər. Habelə müqaviləyə 3 saylı Əlavəyə (Lizinq ödənişlərinin qrafiki) əsasən lizinq alan xx.xx.2021-ci il tarixdə 3100,0 manat ödədikdən sonra xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 384,0 manat məbləğində lizinq haqqını ödəyərək 41 ay müddətində lizinq verənə 15000 manat əsas və 3.871,0 manat mükafat, cəmi 18.871,0 ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktının surətinə əsasən lizinq alan Cavabdeh lizinq verən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2690 saylı arayışa əsasən 15 iyul 2021-ci il tarixli MAS-5000 saylı “Daxili Lizinq” müqviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə olan əsas borcu 1001,89 manat, mükafat üzrə 209,68 manat, cərimə 408,04 manat, cəmi 1619,61 manat məbləğ təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək bildirir ki, şikayətin dəlilləri qətnamənin əsaslılığının tam olaraq yoxlanılmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləndirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrilikdə muzd ödəməyə borcludur. MM-in 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 750-ci maddəsinin tələblərinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə almır. MM-in 421.2 və 421.3-cü maddələrinin əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin əsaslılığının tam yoxlanılmasını nzərə alaraq hesab edir ki, iddiaçı ərizəsində 408,04 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi buna lazımi hüquqi qiymət verməmiş və həmin iddia tələbi üzrə müvafiq qərar qəbul etməmişdir. Belə ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə icra etməmiş, nəticədə iddiaçı haqlı olaraq məhkəməyə hazırkı iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Belə ki, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Habelə MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin (sübutların) müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə (dəbbə) borcunun tutulmaması hissədə ləğv edilərək, iddia tələbi həmin hissədə iddia qismən təmin edilməli və Cavabdeh tələb edilən 408,04 manat dəbbə pulunun məbləği azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, kollegiya apellyasiya şikayətinin məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə və ona əlavə olunmuş sənədlərin nəzərə alınmaması barədə dəlili barədə qeyd edir ki, həmin ərizə 21 oktyabr 2022-ci il tarixdə imzalanmaqla məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə daxil olmuşdur. Habelə iş materiallarına nəzər saldıqda görünür ki, iş 07 oktyabr 2022-ci il tarixdə məhkəmə baxışına təyin edilmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bununla yanaşı, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(036)-2933/2022 saylı qətnaməsi dəbbə pulunun tutulmaması hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh 40 (qırx) manat məbləğində dəbbə pulu İddiaçı ASC-nin xeyrinə tutulmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(036)-2933/2022 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə dəbbə pulunun tutulmaması hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 40 (qırx) manat məbləğində dəbbə pulu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1078/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1078/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver