Məhkəmə qərarları › İş №2(106)-1087/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1087/2023

19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1087/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-888/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1440 kub metr qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu, Gəyəçöl kəndində yerləşən evinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdiyi qaz sərfiyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtlıvaxtında ödəmişdir. Ötən ilin oktyabr ayının 5-də Qaz İstismarı İdarəsinin əməkdaşları sayğacı yenisi ilə əvəz edib bu barədə akt tərtib etmişlər. Bunun müddət keçməsi ilə bağlı olduğunu bildirmişlər. Sonradan isə məlum olmuşdur ki, barəsində 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək qaz sərfiyyatı ilə bağlı iddiaçıya əsassız borc hesablanmışdır. Lakin bu barədə ona bildirilməmişdir. Nəhayət, Masallı Regional “ASAN Xidmət” Mərkəzindən müvafiq sənədləri götürərkən bununla bağlı bilmişdir. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilməmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti iddiaçıya göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı Regional “ASAN Xidmət” Mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir. Qanunvericiliyin tələbinə əsasən qaz sayğacı kənar təsirlərdən mühafizə olunmalıdır. Lakin iddiaçının evinə gələn qazla bağlı sayğac küçə tərəfdə qurulmaqla müvafiq örtüklə örtülməmişdir. Bu isə sayğac quraşdırılarkən onun kənar təsirlərdən qorunması imkanlarının nəzərə alınmamasını göstərir. Lakin hazırkı iş üzrə cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac həyətindən çöldə qurulmaqla və müvafiq örtüklə örtülməməklə onlar qanunvericiliklə üzərlərinə düşən vəzifəni yerinə yetirməmişlər. Bundan başqa, mübahisəli qərarda əvvəlki 3 aylıq dövr üçün mümkün maksimal qaz sərfi hesablanmışdır. Halbuki, hər ay qaz nəzarətçisi sayğacı yoxlayaraq bildiriş vermiş və sayğacda hər hansı bir qüsur aşkar etməmişdir. Bildirişlər verilən tarixlərdə qaz nəzarətçisi sayğaca baxmış və rəqəmləri sayğacdan götürmüşdür. Həmin tarixlərdə sayğacda hər hansı bir qüsur olsaydı, təbii ki, bunu qaz nəzarətçisi görə və həmin tarixdə də bunu sənədləşdirə bilərdi. Lakin qaz nəzarətçisinin bildirişlər verilən tarixlərdə bununla bağlı hər hansı aktının olmaması, onun verdiyi bildirişlərdə bu barədə qeydiyyatın olmaması və iddiaçıdan həmin bildirişlərə uyğun ödənişlərin tələb və qəbul edilməsi bir daha göstərir ki, cavabdeh təşkilatın son 1 aylıq dövr üçün qaz sərfiyyatını ehtimallara görə real vəziyyətdən bir neçə dəfə çox hesablaması əsassız və ədalətsizlikdir. Bundan əlavə, sayğac akt tərtib edilərək götürülərkən onda hər hansı bir qüsur olmamış və bununla bağlı aktda heç bir qeyd aparılmamışdır. Bu isə sayğacın salamat vəziyyətdə açılıb aparılmasını göstərir. Sayğac açılıb aparılandan sonra onda hansısa qüsurların olmasının isə iddiaçıya aidiyyəti yoxdur. Bundan başqa, mübahisəli aktda adları göstərilən şəxslər cavabdeh təşkilatın əməkdaşlarıdır. Beləliklə, akt tərtib edilərkən hal şahidi kimi yoxlama ilə marağı olmayan, yoxlamanı aparan şəxslərdən heç bir asılılıq və onlarla münasibəti olmayan şəxslərin iştirakı təmin edilməmişdir. Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-888/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilmiş, 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 1440 kub metr qaz sərfiyyatına görə borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-888/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının **********03890 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən sayğaca müdaxilə faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Sayğac ARDNŞ Cavabdeh İB-nin Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-810-1 saylı aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın “qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” rəyi verilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq hesablanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) ilə dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa sərfi 4 kub metr/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 1440 kub metr olmaqla iddiaçının abonent hesabına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğaca müdaxilə nəticəsində qeyri-qanuni təbii qazdan istifadə edilməsi müəyyən edilmiş, bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin, dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. İş materiallarında olan yuxarıda qeyd edilənlər iddia tələbinin əsassız olmasını göstərir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər yetirilsə görülər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək iddiaçıya aid olan **********03890 abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində həyətdən kənarda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. Akt istehlakçı tərəfindən imzalanmamışdır. İşdəki Cavabdeh İB X2 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ARDNŞ Cavabdeh X1 Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 810-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilməmişdir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsızdır. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 1440 kub metr müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Qərarın verilməsinə əsas kimi 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İddiaçı ərizəsində cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 30 yanvar 2023-cü il tarixdə abonentin, yəni hazırkı iş üzrə iddiaçının iştirakı ilə onun evində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi, baxış nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsinin müəyyən edildiyi göstərilir. Lakin akt iddiaçı tərəfindən imzalanmamaqla yanaşı, iddiaçının bundan imtina edib-etməməsinə dair də hər hansı qeyd aparılmamış, sayğaca baxışın xx.xx.2023-cü il tarixində hansı saatda həyata keçirildiyi göstərilməmişdir. Bundan əlavə, 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən də göründüyü kimi, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Göründüyü kimi, sayğaca hər hansı kənar təsir olmadan onun hesablama mexanizmində problem yaranmışdır. Bu da onu göstərir ki, sayğacın yararsız hala düşməsində abonent İddiaçı heç bir təqsiri olmamışdır. Həmçinin, hazırkı iş üzrə iddiaçının istifadəsində olan qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsinə görə onun barəsində akt tərtib edilmişdir. Lakin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. Cavabdeh İB X2 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 31 yanvar 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən də göründüyü kimi, iddiaçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 1440 kub metr müəyyən edilmiş və iddiaçının abonent hesabına hesablanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda aktın qanuniliyini sübuta yetirmək vəzifəsi cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarlılığı məsələsinə hüquqi qiymət verərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsızlığı və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsində iddiaçının təqsirinin olmaması təsdiq olunduğundan, hesablanmasına əsas olmuş akt etibarsız hesab edildiyindən, birinci instansiya məhkəməsi həmin akt əsasında 1440 kub metr (172,80 manat) qaz sərfiyyatına görə hesablanmış borc məbləğinin də silinməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 172,80 manat təşkil edir. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(050)-888/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar