Məhkəmə qərarları › İş №2(106)-1089/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1089/2024

05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1089/2024 05.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi barədə mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)- 251/2024 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyini (bundan sonra – maraqlı şəxs) maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən 01 iyun 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. Qanunsuz dəstə 15 iyun 1993-cü il tarixdə Bakı şəhərinə hücumu zamanı ərizəçinin xidmət etdiyi N saylı hərbi hissəni ələ keçirdikdən sonra ərizəçi və yoldaşları hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılıblar. Ərizəçi Füzuli rayonunda doğulub boya-başa çatdığı üçün N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət edən dayısı X4 yanına gedərək xidmətini orada davam etdirmişdir. Sonradan N saylı hərbi hissəyə keçirilərək döyüş tapşırıqlarını orada icra etməyə davam etmişdir. X12 1994-cü ilin mart ayının 4-ü gecə saatlarında döyüş gedən zaman şəhid olarkən eyni istiqamətdə döyüşüblər və ərizəçi 10 fevral 1997-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılıb. Bu əsasla da, ərizəçi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə görə N saylı hərbi hissədə 1993-cü ilin noyabr ayından 1995-ci ilin fevral ayına kimi döyüş əməliyyatlarıda iştirak etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs ərizəyə etiraz verməklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarına isitinad edərək işə məhkəmə qaydasında baxıla bilmədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-251/2024 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) Ərizəçi döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. 1994-cü ilin mart ayının 4-ü gecə saatlarında dayısı Şahin Həşimov şəhid olarkən eyni istiqamətdə döyüşmüşdür. N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməyi, ümumiyyətlə, N saylı hərbi hissədə xidmətdə olmağı ondan asılı olmayan səbəblərə görə hərbi hissə komandiri tərəfindən sənədlərdə qeyd edilməyib. Həmçinin arxiv arayışlarında da, hər hansı qeyd yoxdur. Lakin, həmin vaxt onunla birlikdə döyüşən X5, X7, X8 və digərləri bunun canlı şahidləridir. Həmin vəziyyəti döyüşçü yoldaşlarından başqa cür təsdiq etmək mümkün deyildir. Bölük komandiri və digərləri məhkəmə iclasında şahid qismində iştirak edərək həqiqətən onlarla birlikdə N saylı hərbi hissənin tərkibində döyüşməsi faktını təsdiq ediblər. Belə ki, hərbi biletdə və ya arxiv arayışlarına N saylı hərbi hissədə xidmətdə olmağı və döyüş əməliyyatlarında iştirak etməyi barədə hər hansısa bir tam və ya natamam məlumat olsaydı belə, inzibati məhkəməyə müraciət edərək cavabdehin üzərinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulmasını xahiş edərdi. İnzibati məhkəmə şahid ifadələrini dinləməyərək yalnız sənədlər üzrə araşdırmanı aparır ki, onun işi ilə bağlı yalnız şahid ifadələrinin zəruri olduğunu nəzərə alaraq məhkəmənin Plenumun qərarının 14-cü bəndinə əsaslanaraq təmin etməməsi qanunsuz və əsassızdır. Bundan başqa, birinci Qarabağ Müharibəsində döyüşdüyü üçün hüquqları həmin vaxtdan yarandığı üçün hazırkı işə baxarkən Ali Məhkəmənin Plenumunun qərarını onun işinə aid edilməsi də əsassızdır. Plenumun qərarı çıxarılandan sonra döyüş əməliyyatlarında iştirak etsəydi, bəlkə də məhkəmənin mövqeyini başa düşmək olardı. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı iki bölük komandiri, əsgər yoldaşları şahid kimi onun döyüş əməliyyatlarında iştirak etmə faktını təsdiq etmişlər. Bununla bağlı Müdafiə Nazirliyinə də müraciət etmiş, lakin arxiv materiallarında adı çıxmadığı üçün ona imtina məktubu təqdim ediblər. Bu imtinadan şikayətlə bağlı müvafiq İnzibati Məhkəməyə müraciət etməmişdir. Maraqlı şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 1720 nömrəli, 17 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il və fevral 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇDM-nin Füzuli Rayon Şöbəsinin 04 noyabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, AR SHXÇDM-nin Füzuli Rayon Şöbəsi ərizəçinin ata adını “Cəfərqulu” olaraq düzəliş etsə də, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ərizəçinin hərbi biletində qeyd edilməsindən imtina edilmişdir. Belə ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştrak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.” Həmin qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə görə imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iş materiallarına uyğun olaraq işin faktiki halları üzrə diqqətə çatdırır ki, hazırkı iş üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə məhkəməyə daxil olduqda birinci instansiya məhkəməsi bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını yoxlamalı idi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)- 251/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı iş” üzrə 29 iyun 2000-ci il tarixli, “Annoni di Gussola və digərləri Fransaya qarşı iş” üzrə 14 fevral 2001-ci il tarixli və digər qərarlarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir. Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət hüququ səmərəli dərəcədə təmin olunmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-251/2024 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan şikayət verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar