Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1091/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-366/2018 saylı, 20 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1890 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 1900 manatın və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2015-ci il tarixli, 390-L/15 nömrəli müqavilənin ləğv edilməsi və lizinq obyekti olan 1 ədəd “Niva SK-5ME-1” markalı kombaynın saz vəziyyətdə Cavabdeh alınaraq "xxxx" ASC-yə geri qaytarılması qət edilmişdir. İş materiallarının 43-cü vərəqində olan məhkəmə qəbzindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsinin surəti 06 aprel 2018-ci il tarixində Cəlilabad Rayon Məhkəməsində Cavabdeh məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Cavabdeh 09 mart 2023-cü il tarixində ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cəilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsində bildirmişdir ki, hazırkı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsi 04 aprel 2018-ci il tarixində onun iştirakı olmadan məhkəmə qətnaməsi çıxarmışdır. Lakin həmin qətnamə ona gəlib çatmamışdır. Cəlilabad Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli məktubu ilə Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsinin surəti təkrarən Cavabdeh göndərilmişdir. İş materiallarının 53-cü vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsinin surəti 16 mart 2023-cü ildə təkrarən Cavabdeh təqdim edilmişdir. Cavabdeh 17 aprel 2023-cü il tarixində Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(073)-366/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Vüsal Cəbrayılov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qətnamənin surəti ona rəsmi qaydada verildiyi vaxtdan 5 il 11 gün müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş və prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, onun apellyasiya şikayəti əsassız olaraq geri qaytarılmışdır. Belə ki, o, qərardadda qeyd olunan 17 aprel 2023-cü il tarixində rəsmi qaydada qətnamənin surətini almışdır. 5 il 11 gün müddətində qətnamə rəsmi qaydada ona verilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(073)-366/2018 saylı qərardadı ilə Cavabdeh şikayəti əsassız olduğundan təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(073)-366/2018 saylı qərardadının ləğv edilməsindən imtina edilmiş, şikayətin işlə birlikdə 7 gün müddətində baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-366/2018 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018ci il tarixli qətnaməsinin surəti 06 aprel 2018-ci il tarixində məhkəmə qəbzinə imza etdirilməklə Cavabdeh təqdim edilmişdir. Qətnamənin surətinin ona təqdim edilməsindən təxminən 5 ilə yaxın müddət keçdikdən sonra – 09 mart 2023-cü il tarixində cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsinin surətinin ona təqdim edilmədiyini bildirmiş, həmin qətnamənin surətinin ona göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli məktubu ilə məhkəmənin 04 aprel 2018-ci il tarixli qətnaməsinin surəti təkrarən cavabdehə göndərilmiş, 16 mart 2023-cü il tarixində cavabdehə çatdırılmışdır. Bundan 1 ay 1 gün keçdikdən sonra – 17 aprel 2023-cü il tarixində cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(073)-366/2018 saylı qətnaməsinin surətini ilk dəfə 06 aprel 2018-ci il tarixində məhkəmə qəbzinə imza etməklə əldə etsə də, həmin qətnamədən apellyasiya şikayətini yalnız bundan 5 il 11 gün keçdikdən sonra – 17 aprel 2023-cü il tarixində vermişdir. Bununla da, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verməsinə baxmayaraq, ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı vəsatət təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən 20 aprel 2023-cü il tarixli qərardadında da apellyasiya şikayətinin onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilməsinə baxmayaraq, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin verilmədiyi qeyd edilsə də, cavabdeh bu cür vəsatətlə məhkəməyə müraciət etməmiş, əksinə məhkəmənin sözügedən qərardadından şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Cavabdeh öz şikayətində qətnamənin surətini 17 aprel 2023-cü il tarixində rəsmi qaydada aldığını bildirsə də, bu hal iş materialları ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən, apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-366/2018 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, Cavabdeh şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-366/2018 saylı, 20 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər Zaur Allahyarov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1091/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1091/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver