Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1092/2025 04.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (İB-nin) Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2025-ci il tarixə kimi istehlak etdiyi 430,32 manat debitor borcu, ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzinin, cəmi 460.32 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB X7 İstismarı İdarəsinin Astara rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********03360 olmaqla, xx.xx.2021-ci il tarixli, 18935 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Astara rayonu, Sərək kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixə 430,32 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 430,32 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində cavabdehə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdehin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə yazılı icraat qaydasında baxmışdır. Astara Rayon Məhkəməsinin (hakim Ş.Meybullayeva) 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh **********03360 abonent koduna hesablanmış 430,32 (dörd yüz otuz manat otuz iki qəpik) manat debitor borcu və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, borcu qətnamədə qeyd edildiyi kimi 460 manat 32 qəpik deyil, 358 manat 32 qəpik təşkil edir. Bunları apellyasiya şikayətinə əlavə edilmiş 26 03.2023-cü il tarixli qəbz ilə təsdiq olunur. Həmin məbləği yəni 358.32 qəpiki ödəməyə razılığını bildirmiş, lakin ondan 460 manat 32 qəpik ödəməyi tələb edilmişdir. Həmin məbləğin ödənilməsi əsasları məlum deyil. Apellyasiya şikayətinə əlavə edilmiş 15 oktyabr 2024-cü il tarixli aktda qeyd edilir ki, sözü gedən ünvanda yaşayış olmadığı üçün həmin evin qaz təminatı 20500657 nömrəli qapayıcı, qaynaq vasitəsi ilə dayandırıldı. İndiyə kimi ailəsi ilə birlikdə həmin evdə yaşayırdı. Lənkəran RQİİ Astara XS-nin nümayəndələri sözügedən ünvanda olmamış və 2023-cü ildən qazın verilişinin dayandırılması əsassız olmuşdur. Aktda 12 oktyabr 2024-cü il göstərilsə də, evinə qaz verilişi 2023-cü ildən dayandırılmışdır. Evə qaz verilişinin dayandırılması əsassız olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı iddiaçının yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı İB debitor borcun- təbii qazdan istifadə nəticəsində hesablanmış borcun tutulmasını tələb etmişdir. 430,32 manat debitor borc sayğac üzrə hesablanmış borc məbləğidir. Cavabdeh hesabından elektron çıxarışdan görünür ki, (2023-cü ilin iyul ayından) 2025ci il yanvar ayına 430,32 manat (iki yüz yetmiş dörd manat, yetmiş doqquz qəpik) borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, 18935 saylı müqavilənin şərtlərinə görə, Cavabdeh ilə İddiaçı İB qarşısında qazdan istifadəyə görə istehlak etdiyi qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli debitor borcun ödənilməsi barədə İddiaçı İB-nin məktubundan görünür ki, cavabdehin istifadə etdiyi qazın dəyərinin ödənilməsi və borcun 430.32 manat olması barədə cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Kollegiya hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2021-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılarqazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidirlər. Müəyyən edilir ki, Cavabdeh (abonent kodu **********03360) təbii qazdan istifadəyə görə borcu yaranmış, lakin borcu ödəməmişdir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra bilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək və iddianı tam təmin etmək üçün əsas yoxdur. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(018)-662/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1092/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1092/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver