Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1115/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsi üzrə borcuna görə 810 manat, faiz borcuna görə 0 manat, cəmi 810 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “AGUALUXE” markalı su filtrlərinin satışı ilə əlaqədar olaraq fiziki şəxs X1 (VÖEN **********) ilə Cavabdeh arasında 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “AGUALUXE” firmasının istehsalı 1399 manat məbləğində olan “AQUA 1” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsinin şərtlərinə görə Cavabdeh “AGUALUXE” markalı su filtrinin krediti üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsinə görə, cavabdeh alğı-satqı müqaviləsinin 2-ci bəndində göstərilən qaydada 14 ay müddətinə olmaqla hər ayın 5-dən gec olmayaraq, hər ay 80 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 810 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 810 manat təşkil edir. Fiziki şəxs X1 (VÖEN ********** əsasında fəaliyyət göstərən) ilə İddiaçı MMC arasında 12 fevral 2021-ci il tarixli, N-001 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Səidə Məmmədova) iddia təmin edilmiş, Cavabdeh 810 manat məbləğində pulun, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. İddiaçı ilə onun arasında 04 oktyabr 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən şirkətin əməkdaşları tərəfindən 1399 manat dəyərində “Aqua” modelli su təmizləmə sistemi yaşadığı ünvan 1 ünvanında su şəbəkəsi üzərindən mətbəxdə istifadə edilməsi üçün quraşdırılmışdır. Qeyd edilən su təmizləmə sisteminə şirkət tərəfindən xx.xx.2018-ci il tarixli zəmanət talonuna əsasən cihaza 2 il zəmanət verilir. Həmçinin, pambıq, kömür və kristal filtrləri 6 aydan tez çirklənərsə, pulsuz dəyişdirilir. Ana membrana 12 ay ərzində, kakos və minerallaşdırıcı filtrlər 12 ay ərzində bir dəfə dəyişdirilməlidir. Zəmanət talonunun xidmət şərtlərinin 2-ci bəndinə əsasən zəmanət kartını təqdim edən müvafiq mal üzrə servis xidmətinin göstərilməsi servis mərkəzinin müstəsna vəzifəsidir. Şirkət tərəfindən quraşdırılmış avadanlıqda 4 ay sonra işləmə vaxtında müəyyən səslər əmələ gəlmişdir. Qeyd edilən nasazlığın aradan qaldırılması məqsədilə cavabdeh şirkətlə əlaqə saxlamağa çalışmışdır. Müqavilə bağlandıqdan sonra şirkətin Şirvan şəhərində yerləşən Yeni məhəllə 1/15 ünvanı ilə və istifadələrində olan mobil telefonlarla əlaqə saxlamağa çalışmasına baxmayaraq, şirkətin əməkdaşları ilə əlaqə saxlanılması qeyri-mümkün olmuşdur. Cavabdeh müqavilə öhdəliyi üzrə ilkin olaraq avadanlığın quraşdırılması tarixində, yəni xx.xx.2018-ci ildə 300 manat, xx.xx.2018-ci ildə 80 manat, xx.xx.2018-ci ildə 80 manat, xx.xx.2019-cu ildə 60 manat, xx.xx.2019-cu ildə 80 manat, xx.xx.2019-cu ildə 80 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 80 manat, xx.xx.2019-cu ildə 80 manat, ümumilikdə 940 manat məbləğində ödəniş etmişdir. Su təmizləyici avadanlığa şirkət tərəfindən xidmət göstərilməsinə dair müqavilə və zəmanət talonuna əsasən iddiaçı öhdəliyi vaxtında və dəqiq icra etməmişdir. Belə ki, müqavilənin 3.4.2-ci bəndinə əsasən zəmanət müddəti ərzində şirkət tərəfindən quraşdırılmış avadanlığın düzgün işləməməsi səbəbindən şirkətlə əlaqə saxlamaq və ya əməkdaşların avadanlığa baxış keçirilməsi mümkün olmamışdır. Əlavə olaraq, şirkət tərəfindən müqavilənin 3.4.5-ci bəndi pozulmuşdur. Alıcı olaraq şirkətin Şirvan şəhərində yerləşən ofisinə müraciət etmək üçün getdikdə digər alıcıların avadanlığın düzgün işləməməsi və şirkət əməkdaşlarının servis xidmətinə laqeyd münasibətləri nəticəsində şikayətləri ilə rastlaşmışdır. Şirkətin filialı olaraq yerləşdiyi ünvanda olmamaları və əlaqə vasitələrinin işləməməsi səbəbindən cavabdeh tərəfindən qalıq ödənişin edilməsi mümkün olmamışdır. Məhkəmə qətnaməsində iddianı təmin etsə də, nə üçün, işin hansı hallarına görə, hansı əsasla iddianın təmin edilməsini qətnamədə əsaslandırmamışdır. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qətnamədə göstərilən sübutlar həqiqəti əks etdirmir, belə ki, tərəflər arasında müqavilə 04 oktyabr 2020-ci il tarixində deyil, 04 oktyabr 2018-ci il tarixdə bağlanmışdır. Bundan əlavə, ödənilməmiş borc məbləği 810 manat deyil, 459 manat olmuşdur. Cavabdeh bildirmişdir ki, başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(106)-1115/2023 saylı qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmış, məhkəmənin baxış iclası 26 iyul 2023-cü il tarixə, saat 12:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, iddiaçı ilə onun arasında 04 oktyabr 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən şirkətin əməkdaşları tərəfindən 1399 manat dəyərində “Aqua” modelli su təmizləmə sistemi yaşadığı mənzildə quraşdırılmış, məhsula 2 il zəmanət verilmişdir. Lakin heç 6 ay keçməmiş su filtrindən səslər gəlməyə başlamış, o, yaranmış nasazlıqla əlaqədar iddiaçının nümayəndələri ilə əlaqə saxlamağa çalışmışdır ki, həmin su filtrindəki nasazlıq aradan qaldırılsın, buna görə də ödənişləri də dayandırmışdır. Onunla iddiaçı arasında müqavilə 2020-ci ildə yox, 2018ci ildə bağlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirdi ki, 04 oktyabr 2018-ci il tarixli müqavilə üzrə 940 manat ödəniş etmişdir. Onun həmin müqavilə üzrə tələb edilən 810 manat məbləğində deyil, cəmi 459 manat borcu qalmışdır. Əgər iddiaçı şirkətin əməkdaşları tərəfindən su filtrindəki nasazlıq aradan qaldırılarsa, o, qalan borc məbləğini də ödəməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsi üzrə cavabdehin əldə etdiyi 1399 manat dəyərində olan su təmizləmə sistemi üçün ödənilməmiş 810 manat borcu qalmışdır və həmin müqavilə üzrə 810 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı bu halın təsdiq edilməsi üçün iddia ərizəsinə 04 oktyabr 2020-ci il tarixli, RM-1274 saylı alğı-satqı müqaviləsini, həmin tarixli təhvil-təslim aktını və maliyyə arayışını təqdim etmişdir. Lakin cavabdeh apellyasiya şikayətində iddiaçı ilə müqavilənin 04 oktyabr 2018-ci il tarixində bağlandığını bildirmiş, həmin halın təsdiqi üçün isə müqavilənin ona verilmiş nüsxəsini, həmin müqavilə üzrə təhviltəslim aktını, mədaxil orderlərini və zəmanət talonunu təqdim etmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş satıcı X1 ilə alıcı Cavabdeh arasında, nömrəsi qeyd edilməmiş və ili göstərilməməklə 04 oktyabr tarixində bağlanmış alğı-satqı müqaviləsinin əslindən görünür ki, satıcı “Aqua” modelli su təmizləmə sistemini alıcıya verməyi, alıcı isə bunun müqabilində 1399 manat məbləğində onun qiymətini ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, həmin təhvil-təslim aktı X1 və Cavabdeh arasında ona görə tərtib edilmişdir ki, xx.xx.2018-ci il tarixində bağlanmış alğı-satqı müqaviləsinə uyğun olaraq “Aqua” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarlar alıcıya satıcının nümayəndəsi tərəfindən təhvil verilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş və iş materiallarının 50- 54-cü vərəqlərində olan mədaxil orderlərinin (qəbzlərinin) surətlərindən görünür ki, Cavabdeh tərəfindən “Aqualuxe” markalı su filtri üçün 04 oktyabr 2018-ci il tarixindən başlayaraq, 13 noyabr 2019-cu il tarixədək müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş və iş materiallarının 55-ci vərəqində olan zəmanət talonunun surətindən görünür ki, 04 oktyabr 2018-ci il tarixində satımış “Aqualuxe” markalı su filtri üçün 2 il zəmanət müddəti nəzərdə tutulmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş alğı-satqı müqaviləsində, eləcə də, təhviltəslim aktında onun 04 oktyabr 2020-ci il tarixində bağlanıldığı göstərilmişdir. İşdəki tələbetmə hüquqlarının güzəşt olunmasına dair 001 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını X1 güzəşt edir, İddiaçı MMC isə qeyd edilən hüquqları qəbul edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sübutları qarşılıqlı şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş alğısatqı müqaviləsində və təhvil-təslim aktında onun bağlanması tarixinin yanlış göstərilməsi halı müşahidə edilir və bu hal cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla qarşılıqlı müqayisə zamanı aşkar edilir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş təhviltəslim aktında 04 oktyabr 2018-ci il tarixli müqaviləyə uyğun olaraq təhvil-təslimin həyata keçirilməsi, zəmanət talonunda “Aqualuxe” markalı su filtrinin 04 oktyabr 2018-ci il tarixində satılması göstərilmiş, cavabdeh tərəfindən 04 oktyabr 2018-ci il tarixindən ödənişlər həyata keçirilməyə başlanmışdır. Qeyd edilənlər onu göstərir ki, hazırda istinad edilərək pulun tələb edildiyi alğı-satqı müqaviləsi əslində 04 oktyabr 2018-ci il tarixində bağlanmışdır. İddiaçı isə öz tələbini 04 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə istinad edərək irəli sürmüşdür. Lakin iş materialları ilə 04 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinin mövcudluğu istisna edilir və mövcud olmayan müqavilə üzrə isə cavabdehdən hər hansı pulun tələb edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. Hazırkı iş üzrə iddiaçı iddiasının faktiki əsası kimi cavabdehlə bağlandığını bildirdiyi 04 oktyabr 2020-ci il tarixli müqaviləyə istinad etsə də, əslində həmin tarixdə hər hansı müqavilənin imzalanmadığı müəyyən edildiyindən, 04 oktyabr 2020-ci il tarixli müqavilə mövcud olmadığından, iddiaçının hazırkı tələbi əsaslı hesab edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində də ləğv edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilərək, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 810 manat təşkil edir. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(032)-1942/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1115/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1115/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver