Məhkəmə qərarları › İş №2(106)-1120/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1120/2025

06.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1120/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X26 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anasından qalmış torpaq sahəsinə qanuna müvafiq onun (iddiaçının) miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anasından torpaq sahəsinə və həmin torpaqda yerləşən fərdi yaşayış evinə qanuna müvafiq onun (iddiaçının) miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə görə iddiaçının mərhum X9ndan miras olaraq 0.41 ha torpaq sahəsi qalmışdır. X18 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, bacısı X14 və qardaşı Cavabdeh varis olaraq qalmışlar. Bu qayda ilə qardaşına miras əmlakın bölünməsini təklif etsə də, cavabdeh olan Cavabdeh razılaşmamışdır. Cavabdeh əsassız olaraq mübahisə yaratdığı üçün o (iddiaçı), miras payının müəyyən edilməsi üçün Cəlilabad notariat ofisinə müraciət etmişdir. Lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina edilmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin müxtəlif tarixli hazırlıq və baxış iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir. Bildirmişdir ki, mərhum anaları öldükdən sonra miras qalmış torpaq və evdə qardaşı olan cavabdeh yaşamışdır. Buna razılıq vermələrinin səbəbi isə qardaşının arvadı olmuşdur. Belə ki, onun sağlamlığında problemlər var idi, həmçinin onunla münasibətləri yaxşıdır, buna görə də həmin evdə və torpaqda qardaşının arvadının qalmasına razılıq vermişdir, məhz buna görə mirası qəbul etməmişdir. Cavabdeh keçən il həmin torpaq və evi satmaq istədiyini bildirmiş, bundan sonra onlar arasında mübahisə yaranmışdır və buna görə də öz miras payını tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, mərhum X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anasından miras qalmış torpaq və evi faktiki olaraq o, miras əmlak kimi qəbul etmişdir, həmin evdə arvadı və uşaqları ilə yaşamışdır, həmin evdən qızlarını köçürmüşdür, əmlakların vergilərini o ödəmişdir, həmçinin torpaq və evdə xeyli abadlaşma işləri görmüşdür. Hesab edir ki, iddiaçının və üçüncü şəxs olan Şahbazova Nənəşin həmin əmlaklarda heç bir haqqı yoxdur – onlar hər ikisi ailə həyatı quraraq başqa evlərdə ərləri ilə yaşamışdır, üzərindən 15 ildən artıq vaxt keçdikdən sonra isə miraslarını tələb etmələri ədalətsizdir. Hətta sonradan xəbəri olmuşdur ki, anası ona vəsiyyətnamə də qoyubmuş və əmlakını ona vəsiyyət edibmiş. İddiaçı anasından qalan miras əmlakı heç vaxt idarə etməmiş və sahiblənməmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X14 iddiaçı tərəfdən çıxış edərək müstəqil tələb irəli sürməklə torpaq və evdən onun da miras payının müəyyən edilməsini xahiş etmişdir. O da iddiaçının bildirdiyi kimi, izahatında göstərmişdir ki, bacısı Gülsurə ilə torpağı və evi vərəsə kimi qəbul etməmələrinin səbəbi cavabdehin arvadı olmuşdur, istəyirdilər ki, həmin evdə qardaşının (cavabdehin) arvadı yaşasın. İddia tələbi üzrə çıxarılacaq məhkəmə qətnaməsinin digər şəxslərin – digər vərəsələrin hüquq və mənafelərinə təsir edəcəyini nəzərə alaraq, həmçinin miras əmlakı faktiki qəbul etmiş vərəsənin müəyyən edilməsi üçün məhkəmə tərəfindən bütün vərəsələrin dairəsi müəyyən edilmişdir. Belə ki, tərəflərlə aparılmış dəqiqləşmələr və iş materialları ilə müəyyən edilmiş digər vərəsələr – X11 və X14 məhkəmənin xx.xx.2024 tarixli qərardadı ilə, cavabdehin vəsatəti əsasında X19, X22, X24, X25, X20 və X21 məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişdir. İş üzrə cəlb edilmiş vərəsələrin və ya vərəsələrin vərəsələrinin hər birinin iddiaya münasibəti öyrənilmişdir. Onlardan bəziləri məhkəmənin müxtəlif tarixli iclaslarında iştirak etməklə, bəziləri isə məhkəməyə ərizə və teleqram göndərməklə iddiaya münasibət bildirmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X19, X22, X24, X25, X20, X11, Cəlilabad rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Şahbazova X10 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə ilə razı deyil.Mərhum X9ndan miras olaraq 0,41 ha torpaq sahəsi qalmışdır. X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra bacısı X14 və qardaşı Cavabdeh varis olaraq qalmışlar. Qardaşına miras əmlakın bölünməsini təklif etsə də, cavabdeh razı olmamışdır. Cavabdeh əsassız mübahisə yaratdığı üçün o, miras payının müəyyən edilməsi üçün Cəlilabad notariat ofisinə müraciət etmişdir. Lakin miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina etmişlər. X3 xx.xx.1987-ci il tarixli vəsiyyətnaməsini və Şahbazov Yusifin, Şahbazov Teymurun, Şahbazov Nicatın, Şahbazov Əhmədağanın, Şahbazov Şahinin, Şahbazov Adəmin məhkəməyə Cavabdeh xeyrinə qətnamə çıxarılmasıyla bağlı ünvanladığı ərizələri əsas gətirərək onun iddiasını təmin etməmişdir. Adları çəkilən şəxslərin göndərilən ərizələrdən xəbərləri olmadığını və bunu məhkəməyə gələrək öz ifadələri ilə də sübuta yetirməyə hazır olduqlarını bildirirlər. Hakim işə baxarkən qərəzli qərar çıxarmışdır və işi dəqiq araşdırmamışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsi ilə iddiaçı X5 Cavabdeh qarşı miras payının müəyyən edilməsi tələbinə dair mərhum anasından qalmış Cəlilabad rayon, Maşlıq kəndində yerləşən 0.41 ha torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə miras payının müəyyən edilməsi haqqında iddiası rədd edilmişdir. İddiaçı Cəlilabad Rayon Məhkəməsinin qətnaməsinə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Belə ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin anası mərhum Ş.Nəsibə Xalid qızının xx.xx.1987-ci il tarixli vəsiyətnaməsini və digər vərəsələrin paylarının Cavabdeh xeyrinə paylarından imtina etmişlər və paylarını qanuni olaraq Xeyrullaya vermişlər. Cavabdeh məhkəmə iclasında verdiyi iclasında verdiyi izahatında göstərdiyi kimi bacı və qardaşlarının ailə həyatı qurmasında, yeni ev tikmələrində, təsərrüfat qurmaqlarında mərhum ata anası ilə fəal iştirak etmiş və əsl valideyn əvəzi olaraq bacılarının ev yaratmalarına böyük əmək sərf etmişdir. Bütün bu proseslər xx.xx.2000-ci il tarixli AR-nın Mülki Məcəlləsi qəbul edilənə qədər keçmiş kalxozsavxoz dövründə olan qanunvericiliklə tənzimlənmiş münasibətlərə aid olmuşdur. Onuda bildirirəm ki, iddiaçı Ş.Gülsura 40 ildən çoxdur ki, ata-ana təsərrüfatından köçmüş özünün ata-anamın verdiyi paylar hesabına ev təsərrüfatı vardır. Həmin təsərrüfata sahiblik etmişdir. İddiaçı Şahbazova Gülsuranın tələbinin rədd edilməsi haqqında Cəlilabad Rayon Məhkəməsinin çıxartdığı qətnaməni əsaslı və qanuni sayır. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsinin hüquqi qüvvəsində saxlanmasını xahiş etmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Şahbazova X10 Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahbazov X6 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır 1246-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun “G. Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il 18 iyul tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə X15 xx.xx.1987-ci il tarixli vəsiyyətnaməsini və Şahbazov Yusifin, Şahbazov Teymurun, Şahbazov Nicatın, Şahbazov Əhmədağanın, Şahbazov Şahinin, Şahbazov Adəmin məhkəməyə Cavabdeh xeyrinə qətnamə çıxarılmasıyla bağlı ünvanladığı ərizələri əsas gətirərək onun iddiasını təmin etməmişdir. Adları çəkilən şəxslərin göndərilən ərizələrdən xəbərləri olmadığını və bunu məhkəməyə gələrək öz ifadələri ilə də sübuta yetirməyə hazır olduqlarını bildirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Qeyd edilməlidir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (köhnə redaksiya). Hazırkı iş üzrə miras əmlak Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə X15 mülkiyyətinə verilmiş Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yerləşən 0.41 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evidir. Miras qoyan X18 xx.xx.2008-ci ildə öldüyündən mirasın açıldığı tarix həmin vaxt hesab olunur. Mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin tələbinə görə mirasdan pay almaq üçün vərəsənin mirası qəbul etməsi zəruri şərt sayılırdı. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biri hesab olunurdu. Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları qəbul olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Birinci və apellyasiya intansiyasında aparılmış məhkəmə araşdırması zamanı İddiaçı və üçüncü şəxs X8 formal və ya qeyri-formal qəbulu üsulları ilə mirası qəbul etməsi öz təsdiqini tapmamışdır. Əksinə, məhkəmə araşdırması zaman Cavabdeh ailə üzvləri ilə birlikdə hələ miras qoyanın sağlığından həmin evdə yaşaması, təsərrüfatı idarə etməsi, miras əmlakla bağlı müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə kommunal ödənişlər etməsi və s. mirasın qeyri-formal üsulla qəbuluna dəlalət edən hərəkətlər etməsi müəyyən olunur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, miras qoyan – tərəflərin anaları olan X15 mülkiyyətində torpaq sahəsi və həmin sahədə tikilmiş fərdi yaşayış evi olmuşdur. Həmin əmlaklar ümumi birgə mülkiyyət deyil, miras qoyanın xüsusi mülkiyyətində olmuşdur. Torpaq sahəsinin mülkiyyətə verilməsi barədə müvafiq təsdiqedici sənəd mövcuddur, üzərində tikilmiş ev isə sənədləşdirilməmişdir. Lakin həmin evin mövcud olması işin mübahisələndirilməyən halıdır – tərəflər bacı-qardaş olmaqla həmin evdə yaşamışlar. Miras qoyan 2008-ci ildə ölmüşdür, bununla da miras açılmışdır. Miras açıldıqdan sonra miras əmlaka cavabdeh ailəsi (arvadı və övladları ilə) ilə birgə orada yaşamaqla faktiki sahiblik etmiş və mirası qəbul etmiş vərəsə olmuşdur. Bundan başqa, iş materiallarında surəti olan 22 yanvar 1987-ci il tarixli vəsiyyətnamədən görünür ki, X18 özünə məxsus olan bütün əmlakını harada və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Maşlıq kəndində olan 4 otaqlı evinin oğlu Cavabdeh vəsiyyət etmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Miras açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hətta vəsiyyətnamə olmuş olsa idi də belə, məcburi pay tələb etmək hüququ da mirasın qəbul edilməsi müddəti ərzində həyata keçirilməli olduğundan məhkəmə iş üzrə vəsiyyətnamə ilə bağlı deyil, mirasın qəbulu ilə bağlı hüquq normalarının tətbiq edilməsini zəruri hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına miras əmlakın xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin (MM) 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir, həmçinin həmin Qərarın xx.xx.2023-cü ildən sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin Qərarın qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunması nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə ilə bağlı mirasın açıldığı vaxt miras qoyanın öldüyü tarix olan 2008-ci ilə təsadüf etdiyinə görə MM-in həmin vaxt qüvvədə olan və miras əmlakın qəbulu müddətini və şərtini müəyyən edən, hazırda qüvvədən düşmüş 1246-cı maddəsinin tələbləri, həmçinin mirasın açılması və mirasın qəbul edilməsini tənzimləyən normaların tətbiq edilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, X15 vərəsələrindən ancaq cavabdehin mirası qəbul etdiyi müəyyən edildiyindən miras qoyanın digər vəfat etmiş vərəsələrinin uşaqlarının mövqeyi (onlar məhkəməyə teleqram ünvanlayaraq valideynlərinə çatası payın iddiaçıya verilməsini xahiş edirlər) hazırki iddianın həlli baxımından əhəmiyyət kəsb etmir. Beləliklə, aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, miras qoyan X18 xx.xx.2008-ci ildə ölmüşdür və ondan miras qalmış torpaq sahəsi və evi vərəsə - Cavabdeh faktiki qəbul etmişdir. O, miras əmlakı qeyri-formal üsullar olan miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulları ilə qəbul etmişdir. Digər vərəsələr – İddiaçı və üçüncü şəxs X14 tərəfindən isə miras əmlakın qəbul edilmə müddəti ötürülmüşdür. Belə ki, miras 2008-ci ildə açılsa da, iddiaçı 16 il sonra - 2024-cü ildə notariat ofisinə vərəsəlik payı ilə bağlı müraciət etmişdir. İş materiallarından iddiaçının qanunla müəyyən olunmuş üç (və ya altı) aylıq müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməsi və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən edilməmişdir, bu hal iddiaçı və üçüncü şəxs Şahbazova Nənəş tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-180/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar