Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1123/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(032)-215/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(032)-215/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə İddiaçı adına yazılmış sudan istifadəyə görə 524.50 manat borcdan əsassız hesablanmış 513.50 manatın silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC Şirvan Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(032)- 215/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Şirvan şəhər 4 saylı Su Kanal idarəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə **********181 abonent kodlu sayğacına 524.50 manat su borcu kimi yazılmış məbləğin hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin abonentlər bazasından adına açılmış Şirvan şəhəri Xəqani küçəsi dalan 1,390 saylı fərdi yaşayış evi üzrə abonent kodu olan **********181 hesabından əsassız hesablanmış 524.50 manat məbləğin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri üzrə “Su xətlərinin yenilənməsi və öncədən ödəmə tipli su sayğaclarının quraşdırılması” lahiyəsi çərçivəsində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə **********181 abonent kodlu sayğacına 524.50 manat su pulu borc olaraq yazılmışdır. Hesablanmış borc məbləği düzgün deyil və bununla bağlı su təchizatı idarəsinə müraciət edərkən idarə əməkdaşları bu halı təsdiqləmişlər. Sadəcə olaraq su xətti çəkilən zaman xətt açıq qalmış və o, evdə yaşamadığı halda onun ünvanına su borcu olaraq yazılmışdır. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan Sukanal İdarəsi arasında əhali abonenti olaraq “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə” əsasında su ilə təmin edilmişdir. xx.xx.2020-xx.xx.2021-ci il tarixdə ünvan üzrə (abunə kodu **********181) GSS-20 markalı 20085636 nömrəli mexaniki su sayğacı quraşdırılmış, xx.xx.2021-xx.xx.2022-ci illər ərzində ünvan üzrə GS5-20 markalı 21125484 nömrəli mexaniki su sayğacı ilə və dəyişdirilmiş xx.xx.2022-ci il tarixdə ünvan üzrə GSS-20M-20 markalı 22092750 nömrəli mexaniki su sayğac ifə əvəz edilmişdir. İstifadə edilmiş suyun dəyəri barədə abonentə hər ay bildiriş xəbərdarlıq göndərilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixə 589.30 (beş yüz səksən doqquz manat 30 qəpik) manat məbləğində yaranmış borc ödənilməmişdir. İddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında təmin edilməməlidir, İddiaçı borcun yaranma səbəblərinin və müvafiq araşdırma aparılması üçün "xxxx" ASC-nin "xxxx" MMC-yə və ya Şirvan Sukanal İdarəsinə heç bir müraciət etməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 3.4-cü bəndinə əsasən müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 7.2-ci, 7.4- cü və 7.5-ci bəndlərinə uyğun təyin edir. “Sudan istifadə qaydalarının” 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan su ölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. Normanın tələbindən göründüyü kimi istifadə edilmiş suyun dəyəri barədə abonentə hər ay bildiriş xəbərdarlıq göndərilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixə 589.30 (beş yüz səksən doqquz) manat məbləğində yaranmış borc ödənilməli idi. İş materiallarından göründüyü kimi ünvan üzrə quraşdırılmış su sayğacının düzgün hesabat aparılmaması barədə istehlakçı İddiaçı borcun yaranma səbəblərinin və müvafiq araşdırma aparılması üçün "xxxx" ASC-nin "xxxx" MMC-yə və ya Şirvan Sukanal İdarəsinə müraciət ünvanlanmasına dair hər hansı bir sübut mövcud deyildir. Məhkəmə tərəfindən isə bu hal araşdırılmamışdır. Normanın tələbindən göründüyü kimi iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. İstifadə edilmiş suyun dəyəri barədə abonentə hər ay bildiriş xəbərdarlıq göndərilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixə 589.30 (beş yüz səksən doqquz) manat məbləğində yaranmış borc ödənilməmişdir. Qeyd edilənlərə əsasən təqdim edilmiş iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında təmin edilməməlidir. xx.xx.2011-ci il tarixdə İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan Sukanal İdarəsi arasında əhali abonenti olaraq “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə” əsasında su ilə təmin edilmişdir, (ab/kodu **********181) xx.xx.2020-xx.xx.2021-ci il tarixdə ünvan üzrə GSS-20 markalı 20085636 nömrəli mexaniki su sayğacı quraşdırılmış, xx.xx.2021xx.xx.2022-ci illər ərzində ünvan üzrə GSS-20 markalı 21125484 nömrəli mexaniki su sayğacı ilə və dəyişdirilmiş xx.xx.2022-ci il tarixdə ünvan üzrə GSS-20M-20 markalı 22092750 nömrəli mexaniki su sayğacı ilə əvəz edilmişdir. Şirvan Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və əlavə olaraq göstərmişdir ki, onun sayğacına 524.50 manat məbləğdə su pulu borc olaraq yazılmışdır ki, həmin hesablanmış borc məbləği düzgün deyildir. Bu barədə Şirvan şəhər 4 saylı Su Kanal idarəsinə məlumat vermiş və su təchizatı idarəsinin əməkdaşları da bu faktı təsdiqləmişlər. Belə ki, su xətti açıq qalmış və həmin vaxt sudan qonşuları istifadə etmişdir. Onun iştirakı olmadan sayğac dəyişdirilərkən borc məbləği silinməmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(032)-215/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissədə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən - 513.50 manat borcun silinməsinin təmin edilməsi hissədə hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, İddiaçı məxsus ünvan 3 ünvan üzrə xx.xx.2020ci il tarixdə CSS-20 markalı 20085636 nömrəli mexaniki su sayğacı quraşdırılmış, xx.xx.2021-ci il tarixdə CSS-20 markalı 21125848 nömrəli mexaniki su sayğacı ilə, xx.xx.2022-ci il tarixdə İSS-20M-20 markalı 22092750 nömrəli su sayğacı ilə əvəz edilmişdir. Ünvan üzrə su sərfiyyatına görə ümumi borcu 524,50 manat hesablanmışdır. Həmin ünvan üzrə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20 markalı 20085636 nömrəli mexaniki su sayğacının dəyişdirilməsi əsasları müəyyən edilməmişdir. Mövcud qaydalara əsasən istehlakçının istifadə etdiyi suyun hesabatı müvafiq istifadə dövrü ərzində hesablama yolu ilə müəyyən edilməlidir. Ünvan üzrə su sayğacının dəyişdirilməsi əsasları müəyyən edilmədiyindən, verilmiş suyun və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Belə olan halda, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarına əsasən mənzildə (fərdi yaşayış evində) istifadə edilmiş suyun dəyəri müvafiq dövr üzrə cəmi 11 manat sudan istifadə borcu yarana bilərdi. Qeyd olunanlara əsasən əsassız olaraq hesablanmış 513,50 manat borc silinməlidir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz hallarına əsasən İddiaçı məxsus sayğacda su xətti açıq qalmış və həmin vaxt sudan qonşuları istifadə etmişdir. Nəticədə 524.50 manat məbləğdə su pulu borc olaraq yazılmışdır. Beləcə, iddiaçının özünün bildirdiyinə görə digər şəxslərin onun sayğacından istifadə etməsi nəticəsində sudan istifadə faktı öz təsdiqini tapmışdır. Lakin iddiaçı ona vurulmuş zərərə görə qeyd etdiyi kimi onun su xəttinin nəzarətsiz olması səbəbindən sudan istifadə edən qonşulara qarşı deyil, "xxxx" ASC-yə qarşı iddia qaldırmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 61 və 62-ci maddələrinin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır; Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı aid su sayğacından istifadə faktı iş üzrə sübutlarla təsdiqini tapsa da, iddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. MM-in 1097.1-ci maddəsinin tələbi baxımından cavabdehin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə işdə olan Azərsu” ASC "xxxx" məhdud məsuliyyətli Şirvan SuKanal idarəsinin 01 avqust 2023-cü il tarixli məktubundan da görünür ki, İddiaçı məxsus Şirvan şəhəri Xaqani küçəsi ev 392 ünvana suyun verilməsi zamanı su xəttində hər hansı qəza baş verməmişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(032)-215/2023 saylı qətnaməsi mübahisələndirilən - 513.50 manat borcun silinməsinin təmin edilməsi hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(032)-215/2023 saylı qətnaməsi mübahisələndirilən - 513.50 manat borcun silinməsinin təmin edilməsi hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1123/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1123/2023
07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver