Məhkəmə qərarları › İş №2(106)-1125/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1125/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1125/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(036)-1220/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə yaranmış 1338 manat əsas, 0 manat cərimə, 33,38 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı, 2,20 manat məktub pulu olmaqla, cəmi 1373,98 manat borcun Cavabdeh tutularaq, “Sevgi Mebel” mağazasının müdiri İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Sevgi Mebel” mağazası ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh aldığı “Beko RCNK 520E20 ZGB” markalı soyuducuya görə 150 manat ilkin ödəniş olmaqla, 24 ay ödəniş cədvəli üzrə hər ay 117 manat olmaqla, cəmi 2958 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sadəcə 1620 manat pul ödəmiş, qalıq qalmış 1338 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2 faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərinin qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu 0 manat təşkil edir. Beləliklə, cavabdehin iddiaçının mağazasına (“Sevgi Mebel”) olan borcu 1338 manat əsas, 0 manat dəbbə, cəmi 1338 manat təşkil edir. Ona görə də 1338 manat məbləğində borc Cavabdeh tutularaq “Sevgi Mebel” mağazasının müdiri İddiaçı hesabına ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(036)-1220/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Telman Quliyev) iddia təmin olunmuş, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1338 manat ödənilməmiş hissəsi, ödənilmiş dövlət rüsumu 33,38 manat və 0,40 manat xidmət haqqı, 2,20 manat məktub pulu olmaqla, cəmi 1373,98 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(036)-1220/2023 saylı qətnaməsinin dəyişdirilərək yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözügedən qətnamə ilə razı deyil. Məhkəmə işi düzgün araşdırmamış, qanunsuz qətnamə qəbul etmişdir. Cavabdehin “Sevgi Mebel” mağazasına iddia ərizəsində qeyd edilən məbləğdə borcu yoxdur. O, ödəniş qrafikinə əsasən hər ay ödənişlərini etmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı özündən şişirdilmiş borc məbləği müəyyən edərək əsassız iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə məhkəmə cavabdehin prosesdə iştirakını təmin etmədiyi üçün o, sübutlarını məkhəməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Cavabdeh iddiaçıya olan borcunu ödəmişdir və bu barədə sübutları var. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. O, işin hallarının yenidən onun iştirakı ilə araşdırılaraq qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(106)-1125/2023 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(036)-1220/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmış, məhkəmənin baxış iclası 26 iyul 2023-cü il tarixə, saat 10:00-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirmiş, qətnamənin dəyişdirilərək yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni borcun məbləği ilə bağlı hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı “Beko RCNK-520E20 ZGB” markalı soyuducunu 2958 manata alıcıya verir, alıcı isə həmin borcu – 2958 manatı 2023-cü il 10 iyun tarixinədək satıcıya ödəməyi öhdəsinə götürür. Alıcı müqavilənin dəyərini vaxtında (yuxarıda göstərilən vaxtda və ya ödəniş cədvəli tərtib olunmuşdursa, həmin cədvəldə göstərilən vaxtda) ödəməzsə, hər gecikdirilmiş gün üçün 2 faiz dəbbə pulunu (cəriməni) ödəməyi öhdəsinə götürür. Müqavilə məbləği məhkəmədənkənar qaydada həll olunmazsa, məhkəmə üçün ödənilən dövlət rüsumu və digər xərclər məhkəmə qaydasında alıcıdan tutulur. Müqavilədə nəzərdə tutulmayan münasibətlər Mülki Məcəllənin 567-607-ci maddələri, o cümlədən 600-cü maddəsi ilə tənzimlənir. İşdəki MA606 seriya nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 10 iyun 2021-ci il tarixli müqavilə üzrə “Beko RCNK 520E20 ZGB” markalı soyuducunun 150 manat ilkin ödənişini və aylar üzrə cəmi 1470 manat ödənişini etmiş, ümumilikdə cəmi 1620 manat ödəniş etmişdir. 1338 manat ödənilməmiş borc qalmışdır. İşdəki xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33,38 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 10 iyun 2021-ci il tarixli müqavilə mahiyyət etibarilə hissə-hissə ödənilmək şərtilə bağlanmış nisyə alğı-satqı müqaviləsidir. İddiaçı tələbini 10 iyun 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin 1338 manat ödənilməmiş əsas borcunun qalması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün müqaviləni və maliyyə arayışını təqdim etmişdir. Cavabdeh isə apellyasiya şikayətində tələb edilən borc məbləğinin şişirdildiyini və onun iddiaçıya iddia edilən məbləğdə borcu olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların onun iştirakı ilə araşdırılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınsa da, cavabdeh 26 iyul 2023-cü il tarixində məhkəmə iclasında iştirak etməmişdir. Halbuki, məhkəmə bildirişi 05 iyul 2023-cü il tarixində cavabdehə göndərilmiş, 17 iyul 2023-cü il tarixində ona çatdırılmışdır. Bundan əlavə, məhkəmə bildirişinin elektron versiyası 05 iyul 2023-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətinin əsasını təşkil edən halları təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə iddiaçıya olan borcunu ödəniş qrafikinə uyğun hər ay ödədiyini, iddiaçıya tələb edilən məbləğdə borcunun olmadığını və iddiaçı tərəfindən borc məbləğinin şişirdildiyini bildirsə də, həmin müqavilə üzrə iddiaçıya edilmiş ödənişləri təsdiq edən hər hansı qəbz, ödəniş çeki və ya digər sənədi apellyasiya şikayətinə əlavə etməmiş, məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsasını təşkil edən halları sübut etmək vəzifəsini daşıyır. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün müqaviləni və maliyyə arayışını təqdim etsə də, cavabdeh tərəfindən etirazının əsasını təşkil edən halları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia təmin edildiyindən, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin də cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(036)-1220/2023 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(036)-1220/2023 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar