Məhkəmə qərarları › İş №2(106)-1128/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1128/2023

19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1128/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “"xxxx" ASC tərəfindən mərhum atasının adına tərtib olunmuş 24 mart 2017-ci il tarixli, 062023 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-153/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən mərhum atası Əhliman Fərəcovun adına tərtib olunmuş 24 mart 2017-ci il tarixli, 062023 nömrəli aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun müddətdir, Cəlilabad rayonu, Gülməmmədli kəndində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə işıq enerjisindən istifadə edir. Yaşadığı evə elektrik sayğacı quraşdırılmışdır. 2017-ci ilin yaz aylarında X1 nəzarətçiləri həmin sayğaca baxış keçirmiş və sayğacı başqa sayğacla dəyişdirmişlər. Lakin sonradan 24 mart 2017-ci ildə "xxxx" ASC-nin X1 əməkdaşları iddiaçının iştirakı olmadan onun adına 062023 nömrəli akt tərtib etmişlər. Akt isə onunla əsaslandırılmışdır ki, guya iddiaçının yaşadığı evdə sayğacdan kənar elektrik enerjisindən istifadə edilir. İddiaçı bundan məlumat tutandan sonra cavabdehin əməkdaşlarından məsələnin nədən ibarət olmasını soruşduqda onlar iddiaçıya sayğacda qüsur müəyyən olunduğunu və buna görə də iddiaçının adına cərimə yazıldığını bildirmişlər. Həmin akt cavabdeh tərəfindən iddiaçının mərhum atasının adına tərtib olunmuşdur. Hazırda onun atası vəfat etmişdir. İddiaçı bugünə kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay davamlı olaraq ödəmişdir. İddiaçının sayğaca müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunmuşdursa, həmin müdaxilənin iddiaçı tərəfindən edilməsi sübuta yetirilməmişdir. Tərtib edilmiş akt barədə iddiaçıya məlumat verilməmiş, akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş 24 mart 2017-ci il tarixli, 062023 nömrəli akt əsassız olduğu üçün etibarsız hesab olunmalıdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(073)-153/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən mərhum Əhliman Fərəcovun adına tərtib edilmiş 24 mart 2017-ci il tarixli, 062023 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında Əhliman Fərəcovun abonent hesabına hesablanmış borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(073)- 153/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, abonent tərəfindən elektrik sayğacından kənar elektrik enerjisindən istifadə edilməsi təsdiq edilməsinə baxmayaraq, məhkəmə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndini əsas götürərək "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 062023 nömrəli aktın ləğv edilməsi nəticəsinə gəlmişdir. İddiaçı məhkəməyə 5 il sonra müraciət etmişdir. Halbuki müqavilədən irəli gələn iddialar üçün iddia müddəti 3 il nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən məhkəməyə həmin aktın etibarsız sayılması üçün əsas ola biləcək hər hansı mötəbər sübut və ya dəlil təqdim edilməməsinə baxmayaraq, məhkəmə öz mülahizəsinə uyğun olaraq aktı etibarsız hesab etməklə iddiaçını sübutetmə vəzifəsindən faktiki olaraq azad etmişdir. Elektrik enerjisindən qanunsuz istifadə edilməsi, onun talanması faktının ortada olmasına baxmayaraq, məhkəmənin gəldiyi nəticə heç də bu hallara uyğun deyil. Beləliklə də, mülki iş tam, hərtərəfli araşdırılmamış, sübutlar düzgün tədqiq edilməmiş, maddi və prosessual normalar pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı iddia tələbində cavabdeh "xxxx" ASC tərəfindən mərhum atasının adına tərtib olunmuş 24 mart 2017-ci il tarixli, 062023 nömrəli aktın etibarsız hesab edilməsi və abonent hesabına hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(073)- 153/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İşdəki "xxxx" ASC-nin X2 tərəfindən tərtib edilmiş 062023 nömrəli, 24 mart 2017-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı Əhliman Fərəcovun evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar olunmuşdur. İşdəki AZ-İ 908012 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhliman Fərəcov 02 aprel 2018-ci ildə ölmüşdür. İşdəki abonent Fərəcov Əhlimana aid abunə haqqından görünür ki, ona akt əsasında 588,40 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisələndirilən 24 mart 2017-ci il tarixli akt iddiaçının mərhum atası Əhliman Fərəcovun adına tərtib edilmiş olsa da, iddiaçı öz tələbini əsaslandırarkən özünün sayğaca hər hansı müdaxilə etmədiyini və sayğacdan kənar elektrik enerjisindən istifadə etmədiyini bildirmişdir. Bu zaman nəzərə alınmalı idi ki, sayğacdan kənar elektrik enerjisindən iddiaçı tərəfindən istifadə edilməsinə görə deyil, onun mərhum atası tərəfindən istifadə edildiyinə görə sözügedən akt tərtib edilmişdir. Bundan əlavə, iddiaçı 062023 nömrəli, 24 mart 2017-ci il tarixli aktın etibarsız hesab olunmasını tələb etsə də, həmin aktın əsassız şəkildə tərtib edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, barəsində 24 mart 2017-ci il tarixli akt tərtib edilmiş mərhum Əhliman Fərəcov həmin akt tərtib edildikdən 1 ildən artıq vaxt keçdikdən sonra vəfat etsə də, hələ öz sağlığında həmin aktı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 588,40 manat təşkil edir. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(073)-153/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “"xxxx" ASC tərəfindən mərhum atasının adına tərtib olunmuş 24 mart 2017-ci il tarixli, 062023 nömrəli aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar