Məhkəmə qərarları › İş №2(106)-1130/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1130/2023

27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1130/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X3 ibarət tərkibdə, katib X1, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Azərişıq” ASC-nin İddiaçı barəsində tərtib etdiyi 01 fevral 2023-cü il tarixli, 030949 nömrəli aktın ləğv edilməsi və akt əsasında yazılmış 2378,35 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli, 267255 saylı akt üzrə 723,58 manat borcun və xx.xx.2023-cü il tarixli, 030949 saylı akt üzrə hesablanmış 2378,35 manat borcun, ümumilikdə 3101,93 manat borcun ləğv edilməsini xahiş temşdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Beşdəli kəndində evində 3 fazalı elektrik sayğacından istifadə edir. 2022-ci ilin oktyabr ayında X6 İdarəsinin əməkdaşları evdə olmadığı vaxt gələrək elektrik sayğacına baxış keçirmiş və sayğaca gələn faza xəttində zədə olduğunu və xəttə qoşulduğunu bildirmişlər. Ona görə də onun işığını kəsmək istədikləri üçün məcburiyyət qarşısında qalaraq işıq idarəsinin tələb etdikləri məbləği ödəmişdir. Daha sonra yenə 01 fevral 2023-cü ildə işıq idarəsinin əməkdaşları gəlib yenidən sayğacına onların iştirakı olmadan baxış keçirmiş və dayaqdan sayğaca kənar xəttin ötürüldüyünü bildirmişlər. Lakin çəkilmiş videolentdə belə bir kənar xəttin çəkilməsi aşkar olunmamışdır. Hər iki akt əsassız yazılmış və heç bir bir sübut olmadığından ona yazılmış cərimələr əsassızdır. Cavabdeh tərəf iddiaya qarşı etirazını göndərərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə əsaslanmaqla iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh "Azərişıq” ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, sayğacdan kənar qoşulmalar barədə aktlar tərtib olunmuşdur. Abonent İddiaçı hər iki aktın tərtibatı ilə razılaşmış, onun düzgün yazılmasını etiraf edərək bir akt üzrə tam və digər akt üzrə qismən ödənişlər etmişdir. Bununla da onun iddia ərizəsində göstərmiş olduğu halların düzgün olmadığını və iddiası üzrə olan tələbləri heçə endirdiyi bildirilmişdir. Bütün bu göstərilən sübutlara baxmayaraq birinci instansiya məhkəməsi bu hallara hüquqi qiymət verməmişdir. İzahatlar Apellyasiya baxışında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək Kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş 28 oktyabr 2022-ci il tarixli, 267255 saylı akta görə, abonent İddiaçı EEİQ-ni pozaraq sayğacın giriş xəttinə sıxac qoşaraq sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Həmin akt əsasında xx.xx.2022-ci il tarixli qərarla 748,58 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş 01 fevral 2023-cü il tarixli, 030949 saylı akta görə abonent İddiaçı dayaqdan kənar elektrik xətti götürməklə sayğacını qismən sxemdən kənarlaşdırmışdır. Həmin akt əsasında xx.xx.2023-cü il tarixli qərarla 2378,35 manat borc hesablanmışdır. İddiaçı ərizəsində elektrik enerjisindən istifadə haqqında tərtib edilmiş aktların qanunsuz hesab edilməsi və həmin aktlar əsasında hesablanıb borcun ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi 01 fevral 2023-cü il tarixli aktın ləğv edilməsini, həmin akt əsasında hesablanmış 2378,35 manat borcun silinməsini qət etmişdir. Cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Kollegiya Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, işə apellyasiya şikayəti həddində baxır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sayğacdakı göstərici ilə evə daxil olan elektrik xəttindəki cərəyan şiddəti elektrik maşası vasitəsilə ölçülmüş, fərqli göstəricilər müşahidə edilmiş, sayğacdan kənar qoşulma barədə akt tərtib olunmuş, bu, videodisklə qeydə alınmışdır. Müəyyən edilmişdir ki, sayğacın göstəricisi ilə mənzilə daxil olan cərəyan şiddətinin göstəriciləri fərqlidir, ona görə orta sərfiyyatla müvafiq hesablama aparılmış və borc yazılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi ümumi şəkildə «Elektrik enerjisindən istifadə qaydaları»nın müddəalarına istinad etsə də, iddianı hansı səbəbdən təmin etdiyini konkret əsaslandırmamışdır. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya qeyd edir ki, tərtib edilmiş akt özlüyündə aşkar edilmiş faktı əks etdirir və bir sənəd olaraq onun ləğv edilməsi üçün əsas yoxdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 fevral 2023-cü il tarixli Cavabdeh tərəfindən tərtib olunmuş 030949 saylı akta görə abonent İddiaçı dayaqdan kənar elektrik xətti götürməklə sayğacını qismən sxemdən kənarlaşdırmışdır. Bundan başqa, müəyyən edilir ki, hesablanan borcun bir hissəsi üzrə ödənişlər edilmişdir ki, bununla da abonent borcunu faktiki olaraq etiraf etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, akt üzrə hesablanmış borca görə iddiaçı tərəfindən aybaay ödənişlər edilmişdir. İddiaçının ümumi borc üzrə cəmi 375 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır. Kollegiya hesab edir ki, cavabdehin etirazı əsaslıdır, iddiaçı öz tələbini əsaslandıra bilməmiş, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və MPM-nin 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(057)-574/2023 saylı qətnaməsi iddianın təmin edilməsinə dair hissədə ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 01 fevral 2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akta görə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar