Məhkəmə qərarları › İş №2(106)-1138/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1138/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1138/2024 05.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1765/2023 saylı qərardadından cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14700 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1765/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 14700 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini, eyni zamanda ərizə verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1765/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin ona münasibətdə üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1765/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1765/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa olunmasına dair Cavabdeh tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1765/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh göndərilmiş, qətnamənin olduğu zərf 17 oktyabr 2023-cü il tarixdə Cavabdeh evdə olmadığına görə poçtalyon tərəfindən Cavabdeh təqdim edilməsi üçün cavabdehin qohumu və həmkəndlisi olan Yalçın adlı şəxsə verilmiş, lakin qətnamənin verilməsi ilə əlaqədar xəbərnamə imzalanmamışdır. Məhkəmə iş hesab edib ki, həmin qətnamə cavabdeh X5 tərəfindən vaxtında alınmışdır. Belə ki, cavabdeh qətnamə qəbul edildikdən sonra Bakı şəhərində ambulator müalicədə olduğunu göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən orada məhkəmə tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun və məhkəmə qətnaməsinin göndərildiyi zərfin apellyasiya şikayətinə əlavə edildiyi göstərilmiş və həmin sənədlər də apellyasiya şikayətinə əlavə edilən qoşmada olmuşdur. Məhkəmənin qeyd edilən qətnaməsini ümumiyyətlə almadığı halda, həmin məktubu və zərfi apellyasiya şikayətinə əlavə etməsi isə mümkün deyildir. Cavabdeh nümayəndəsi X3 şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)- 1765/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1765/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamə çıxarılarkən onun iştirakı olmadan baxıldığına görə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və məhkəmə qətnaməsi onun iştirakı olmadan qəbul edilmiş və həmin qətnamədən məlumatı olmamışdır. Halbuki, həmin işə qanunvericiliyin tələbinə görə qiyabi icraat qaydasında baxılmalı idi. Ona yalnız icra məmuru tərəfindən məlumat verildikdən sonra onun məhkəmə qətnaməsindən məlumatı olmuş və Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək qeyd edilən qətnaməni 15 dekabr 2023-cü il tarixdə əldə etmişdir. İşə baxılan müddətdə və qətnamə ona göndərildiyi vaxt Bakı şəhərində olmuş və ambulator şəraitdə müalicə almışdır. Poçtalyon tərəfindən məhkəmə qətnaməsi cavabdehin qohumu və həmkəndlisi olan Yalçın adlı şəxsə verilmiş, Yalçın isə məhkəmədən gələn zərfi Cavabdeh verməmişdir. O, qətnaməni məhkəmənin dəftərxanasına ərizə ilə müraciət etdikdən sonra 15 dekabr 2023-cü il tarixdə almışdır. Həmçinin Cavabdeh izahatında bildirmişdir ki, onun İddiaçı heç bir borcu yoxdur. Həmin borcları tam şəkildə iddiaçıya qəbzlə ödəmişdir və bu barədə sübutlar apellyasiya şikayətinə və hazırkı şikayətə əlavə edilmişdir. Qeyd edilən sübut müddətin bərpası ilə bağlı apellyasiya şikayətinə əlavə edilsə də, lakin hazırkı qərarda buna heç bir münasibət göstərilməmişdir. Bu isə işə qərəzli formada baxılmasına gətirib çıxarmışdır. Həmin sübutun nəzərə alınması mütləqdir. Həmçinin məhkəmə müddətin bərpası ilə bağlı iclasda iddiaçı izahatında bildirmişdir ki, guya cavabdehi dəfələrlə Cəlilabad rayon İcra və Probasiya Şöbəsində görmüş, lakin cavabdeh məqsədli şəkildə proseslərdə iştirak etməmişdir. Həmin işə baxılan ərəfədə Cavabdeh Cəlilabad rayon icra və Probasiya Şöbəsində olmamışdır. Bu barədə məhkəmənin inzibati binasında quraşdırılmış videokameraya da baxıla bilər, əgər qeyd edilən məhkəmənin videokamerasına baxılarsa, İddiaçı qeyd etdiyi fikirin nə qədər yalan olduğu aydın olar. Halbuki, iddiaçının qeyd etdiyi xüsusat yəni, cavabdehin həmin vaxt İcra və Probasiya şöbəsində olub-olmamağı araşdırılmalı idi. Lakin bu hissə də araşdırılmamış qaldı. Eləcə də, şahid qismində izahatı alınmış kəndin poçt şöbəsinin rəisi olan X8 izahatında bildirmişdir ki, məhkəmə qətnaməsinin göndərildiyi zərfi cavabdehə təqdim etmək üçün cavabdehin yaşadığı evə getmiş, lakin cavabdeh evdə olmadığına görə həmin zərfi cavabdehin qohumu və həmkəndlisi olan Yalçın adlı şəxsə vermiş və həmin zərfin Cavabdeha çatdırılmasını xahiş etmişdir. Həmin zərfin Rahimə çatdırılıb-çatdırılmaması ilə bağlı məlumatı yoxdur. Qərarda qeyd edilir ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin xəbərnaməyə əsasən qətnamənin surəti 17 oktyabr 2023-cü il tarixdə Cavabdeh təqdim edilmiş, lakin xəbərnamə onun tərəfindən imzalanmamışdır (imza yoxdur). Maraqlı burasındadır ki, izahatı alınmış poçt rəisi Adəm Quliyev bildirir ki, zərfi Yalçın adlı şəxsə vermiş, həmin zərfin Rahimə verilib-verilməməsi barədə məlumatı yoxdur, Cavabdeh özü də bildirir ki, həmin zəifi Yalçından almamışdır, lakin məhkəmə heç bir sübuta istinad etmədən qeyd edir ki, guya qətnaməni cavabdeh almışdır. Halbuki, cavabdehin həmin qətnaməni 15 dekabr 2023-cü il tarixdə alması qeyd edilən hazırki qərardadda da öz əksini tapmışdır. Göründüyü ki, cavabdeh həmin qətnaməni 15 dekabr 2023-cü il tarixdə alsa da, poçt rəisi zərfin Cavabdeh çatdırlıb-çatdırılmaması barədə məlumatı olmasa da, habelə cavabdeh özü də qətnaməni 15 dekabr 2023-cü il tarixdə almasını bildirsə də, lakin məhkəmə bu xüsusatlara obyektiv qiymət verməmiş, bir-birinə zidd olan hallara aydınlıq gətirməmişdir. Ümumiyyətlə poçt işçisinin həmin zərfi Yalçın adlı şəxsə verməsi də özlüyündə qanun pozuntusudur. İşin daha da obyektiv araşdırılması və ədalətli qərarın qəbul edilməsindən ötrü adı qeyd edilən Yalçın adlı şəxs də məhkəməyə çağrılıb izahatı alınmalıydı. Lakin Yalçın adlı şəxsin izahatı alınmamış, doğurdan da qətnamənin vaxtında cavabdehə verilməsi tam dəqiqləşdirilməmişdir. Məhkəmənin göstərilən məsələnin, yəni qətnamənin surətinin 17 oktyabr 2023-cü il tarixdə xəbərnamə əsasında Cavabdeha verilməsi qənaətinə gəlməsi məlum deyildir. Ona görə ki, qərarda da qeyd edilir ki, xəbərnamə imzalanmamışdır. İmzalanmamış bir xəbərnamənin mövcudluğu və bu faktın məhkəmə tərəfindən təsdiq edilməsi məhkəmənin qəbul etdiyi qərarla tam ziddiyyət təşkil edir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, xəstəliyi ilə bağlı Bakı şəhərində yaşayıb, orada müalicə alıb. Ailəsi də onunla birlikdə qalır. Yalçın adlı şəxs qohumu deyil, rayonda mağaza sahibidir. Yalçın mövcud qətnaməni ona təqdim etməmişdir. Təsadüfən atası onların evi tərəfdən keçən zaman Yalçın adlı şəxs onu görmüş, onlara çatası olan məktubları toplu şəkildə ona təqdim etmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsindən yalnız icra şöbəsində xəbəri olmuş, ondan sonra qətnaməni əldə etmişdir. Apellyasiya şikayətini özü tərtib edib. “***-***-**-**” mobil telefon nömrəsi ona məxsusdur, lakin onu işlətmir. Məhkəmə iclaslarından xəbəri olmamışdır. Şikayətin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, poçtalyon məktubu mağazaya qoymuşdur. Onlar həmin mağazadan alış-veriş etmirlər. Məhkəmə iclası zamanı poçtalyon da təsdiqləmişdir ki, həmin qətnaməni onlara təqdim etməmişdir. Ümumiyyətlə, məhkəmə iclaslarından xəbərləri olmamışdır. Şikayətin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, cavabdeh qətnaməni almadığını, ambulator müalicə ilə bağlı Bakı şəhərində yaşadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi zamanı işə baxan hakim bunu təsdiq edəcək sübutların təqdim edilməsini təklif etsə də, cavabdeh ambulator müalicə alması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. 18 sentyabr 2023-cü il tarixdə qətnamə tərəflərə rəsmi qaydada göndərilmişdir. Cavabdeh qətnamənin alınmasını Yalçın adlı şəxsə tapşırmış, o da qətnaməni cavabdehə çatdırmışdır. Şikayətin rədd edilməsini xahiş edirlər. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı cavabdehin atası və anası məhkəmənin həyətində gözləyirdilər. Onların məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən xəbərləri olmuşdur. Şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddəyə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya şikayətin dəlilləri ilə mülki işin materiallarını qarşılıqlı şəkildə və müqayisəli təhlil edərək şikayətin əsaslı olduğu qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsi araşdırma nəticəsində müəyyən etmişdir ki, cavabdeh qətnaməni aldıqdan sonra aldığı müalicə dövrü ilə bağlı hər hansı sübut təqdim etməmişdir və apellyasiya şikayətinə əlavə edilmiş zərflə də onun qətnaməni vaxtında alması təsdiq olunmuşdur. Kollegiya cavabdeh qətnaməni aldıqdan sonra aldığı müalicə dövrü ilə bağlı hər hansı sübut təqdim edə bilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin və iddiaçı tərəfin mövqeyinə münasibətdə qeyd edir ki, ilk növbədə qətnamənin həqiqətən də cavabdeh tərəfindən alınıb-alınmaması halı araşdırılmalıdır. Belə ki, apellyasiya şikayətinə zərfin əlavə edilməsi zərfdə qeyd edilən tarixdə cavabdeh tərəfindən zərfin alınmasını deyil, zərfin Yalçın adlı şəxs tərəfindən qəbul edilməsi ilə də bağlı ola bilər. Habelə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsinin göndərildiyi zərfi cavabdehə təqdim etmək üçün onun (cavabdehin) yaşadığı evə getmiş, lakin cavabdeh evdə olmadığına görə həmin zərfi cavabdehin qohumu və həmkəndlisi olan Yalçın adlı şəxsə vermiş və həmin zərfi Cavabdeh çatdırmasını xahiş etmişdir. Həmin vaxt tək olduğuna və işi çox olduğuna görə xəbərnaməyə imza etdirmək yadından çıxmışdır. Lakin həmin zərfin Yalçın tərəfindən Cavabdeh çatdırılıb-çatdırılmaması barədə işdə hər hansı məlumat yoxdur. Hazırkı hal adıçəkilən qətnamənin cavabdeh tərəfindən alınması kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1765/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı hesab edilməli, qərardad ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1765/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və MPM-in 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1765/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1765/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilsin və müddət bərpa edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1765/2023 saylı qətnaməsindən Cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar