Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1139/2025 26.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mobil telefonun eyni modelli yeni telefonla əvəz edilməsi, bu mümkün olmadıqda xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilərək çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SAMSUNG GALAXY S23 ultra” (sm-s918b) 12/256gb-BEİGE) eyni modelli yeni telefonla əvəz edilməsini, bu mümkün olmadıqda xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilərək çəkdiyi 2699.99 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus “Kontakt Home 11” Sumqayıt ilə iddiaçının arasında 14 sentyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “SAMSUNG GALAXY S23 ultra” (sms918b) 12/256gb-BEİGE), SAMSUNG 25W Charger White EP-TA800NWEGRU, SAMSUNG GALAXY TAB A7LİTE (Sm-T225) 32 GB-GRAY elektronik əşyaları 2739.98 manata satın almışdır. Lakin “SAMSUNG GALAXY S23 ultra” (sm-s918b) 12/256gbBEİGE), qısa müddət sonra problemlər və qüsurlar üzə çıxmışdır. Ekranın rənginin dəyişməsi, ekran görüntüsünün korlanması, qüsurlar olduğu üçün “Kontakt Home 11” Sumqayıta yaxınlaşaraq bu problemi bildirmişdir. Mağazadan onu Samsung Service plazaya göndərmişlər. Yoxlamadan sonra 13122023 nömrəli xx.xx.2023-ü il tarixli texniki rəy sənədində qeyd olunub ki, qüsurun səbəbi istehlakçı tərəfindən deyil. “SAMSUNG GALAXY S23 ultra” (sm-s918b) 12/256gb-BEİGE), zavod istehsalı qüsurdur. xx.xx.2023cü il tarixdə ona imzalı kağız verərək telefonun düzəldiyini bildiriblər. xx.xx.2023-cü il tarixdə yenidən eyni problem təkrarən yaranmışdır. Bundan sonra şüşə qoruyucu qoydurmuş və həmin vaxt usta bildirmişdir ki, telefonun ekranı dəyişdirilmişdir. Yenə eyni ssenari ilə onu ötür-ötür etmişlər. xx.xx.2023-cü il tarixdə telefonu “SAMSUNG” servisə təhvil vermiş, bu günə kimi telefon onlardadır. Cavadeh tərəfindən ona vurulan ziyan ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı etirazlarında bildirmişlər ki, iddiaçının əldə etdiyi cihazın ekranı ilkin müraciət zamanı onun razılığı olmadan dəyişdirilmiş və ona bu barədə məlumat verilməmişdir. Daha sonradan, ikinci dəfə servisə eyni qüsurla müraciət etdiyini və həmin vaxtdan cihazın servisdə olduğunu bildirmişdir. İddiaçının onun xəbəri olmadan cihazın ekranının dəyişdirilməsi ilə bağlı qeyd etdikləri tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, məhkəməyə qədər iddiaçı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də eyni məsələ ilə bağlı şikayət etmişdir. Müştərinin həmin quruma şikayəti ilə bağlı şirkətə sorğu da daxil olmuşdur. Həmin sorğuya əsasən müəyyən etmək olur ki, iddiaçı ekranın dəyişildiyini bilmiş, hətta buna razı olmuşdur ki, təmirli cihazı servisdən təhvil almışdır. Əgər iddiaçı təmirli məhsulu qəbul etmək istəməsə, bundan imtina edərdi. Sorğudan müəyyən olur ki, iddiaçı cihazın saz vəziyyətdə olmasını istəmiş, lakin dəyişdirilmə xahiş etməmişdir. İkinci dəfə yenə qüsur yarandığını iddia edərək köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının ikinci servis müraciəti zamanı isə məhsul hərtərəfli müayinə edilmiş, lakin məhsulda iddia edilən qüsur aşkar edilməmişdir. Samsung modelli cihazların ölkədə rəsmi servis mərkəzi olan Samsung servis plazanın 29 dekabr 2023 tarixli texniki rəyinə əsasən cihazın texniki göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı hazırda işlək vəziyyətdə olan, qüsur aşkar edilməyən cihazını təhvil ala bilər. İddiaçının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti də bu istiqamətdə köməklik göstərilməsi ilə bağlı olmuşdur. Buna uyğun olaraq, cihaz birinci dəfə müştərinin də razılığı ilə təmir edilmiş, iddiaçı da ekranı dəyişildiyini bildiyi cihazı təhvil almışdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətində ekran dəyişikliyi barədə məlumatlı olduğu açıqca görünür, növbəti servis müraciəti zamanı isə məhsulda hər hansı nasazlıq aşkar edilməmişdir. İddiaçı istədiyi zaman işlək vəziyyətdə olan cihazı təhvil alıb istifadəyə davam edə bilər. Əgər gələcəkdə yenidən belə hal baş verərsə, yenə də rəsmi servis mərkəzinin rəyi əsas götürülməklə qanunamüvafiq tədbirlər görüləcəkdir. Samsung model cihazların rəsmi servis mərkəzi samsung servis plazadır, onların rəyi əsas götürülərək müvafiq tədbirlər görülür. İddiaçı ilk dəfə təmir olunmuş malı təhvil almış, bir müddət istifadə etmiş, daha sonra təkrar müraciət etmişdir, bu zaman isə cihazda heç bir qüsur aşkar edilməmişdir. İddiaçı istifadə etdiyi, hazırda qüsur aşkar edilməyən malı təhvil ala bilər. Qanunvericiliyə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna (7-ci maddə) əsasən qüsurlu mal üzrə satıcının dəyişdirilmə, qaytarılma öhdəliyi nəzərdə tutulmuşdur. Hazırda malda qüsur yoxdur, buna görə də dəyişdirilmə və ya qaytarılma ilə bağlı öhdəlikləri də ola bilməz, eyni zamanda, maldan istifadə edilmişdir, iddiaçının müraciəti 14 gün ərzində olmamışdır. Ona görə də zəmanət öhdəlikləri qüvvədədir, qüsur olmadığı üçün satıcı olaraq hazırda zəmanət üzrə öhdəliyi mövcud deyildir. Gələcəkdə qüsur aşkar edilərsə, qanunamüvafiq tədirlər görüləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsi ilə (Hakim: Xaliq İmanov) iddia təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin üzərinə “SAMSUNG GALAXY S23 ultra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefonun yeni telefonla əvəz edilməsi öhdəliyinin qoyulması, bu mümkün olmadıqda həmin müqavilənin ləğv edilməsi və “SAMSUNG GALAXY S23 ultra” (sms918b) 12/256gb-BEİGE) markalı telefona görə ödənilmiş 2699.99 (iki min altı yüz doxsan doqquz manat 99 qəpik) manat xərcin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində bildirmişdir ki, AR Mülki Məcəlləsinin 587, xüsusilə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsində açıq şəkildə qeyd olunmuşdur ki, istehlakçı qüsurlu mal ilə bağlı hüquqlara malikdir. Yəni malda qüsur olduğu müəyyən edilərsə, istehlakçı malın yenisi ilə əvəz edilməsini, yaxud maldan imtina edərək ödənişini tələb edə bilər. Hazırki halda isə iddiaçının malı ilkin müraciətdən sonra onun da razılığı ilə Samsung mallarının rəsmi servis mərkəzində zəmanətli təmir edilmişdir. Məhkəmənin istinad etdiyi texniki rəydə də zəmanətli təmirə yararlı olduğu göstərilmişdir. Lakin iddiaçının ikinci müraciəti zamanı yenə eyni rəsmi servisdə mal müayinə edilmiş, bu dəfə isə malda heç bir qüsur aşkar edilməmişdir. Yəni cihaz işlək vəziyyətdə olmuşdur. İddiaçı isə malı servisdən təhvil almadan ondan imtina etmişdir. Faktiki olaraq isə mal qüsursuz olmuşdur. Qüsuru olmayan malın yenisi ilə əvəz edilməsi hüququ nə Mülki Məcəllənin 587-ci maddəsində, nə də qanunda təsbit edilmişdir. Məhkəmə isə bütün etiraz və dəlillərimizə baxmayaraq qətnamədə ikinci servis rəyinə münasibət bildirməmiş, həmin rəyi görməzdən gəlmişdir. Əslində isə məhkəmə işə baxan zaman 2-ci servis rəyində qüsur olmadığı qeyd edildiyi üçün malı ekspertizaya göndərmək qərarına gəlmişdir, lakin ekspert rəy verməkdən imtina etmişdir. Məhkəmə isə ikinci servis rəyini nəzərə almadan öz mülahizəsinə əsasən qənaətə gəlmiş, yalnız 1-ci rəy əsasında qətnamə çıxarmışdır. Bu isə tamamilə ədalətsiz və əsassız mövqedir, çünki mal zəmanətli təmirdən sonra qüsursuz və işlək olmuşdur. İşdən göründüyü kimi iddiaçının mülkiyyətində olan mobil telefonda yaranmış nasazlıq Mülki Məcəllənin tələblərinə uyğun olaraq aradan qaldırılmışdır. Lakin məhkəmə tərəfindən bu hal qəti şəkildə nəzərə alınmamışdır. Məhkəmənin qətnaməsində qüsurla bağlı olan 1-ci rəyə, yəni işə əlavə edilmiş, Samsung Service plazanın xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “maye keçməsi və mexaniki zədə aşkar edilmədi, zəmanətli təmirə yararlıdır” rəyinə istinad etmişdir. Lakin iş üzrə eyni rəyi vermiş samsung servis mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi məhkəməyə tərəflərindən təqdim edilməsinə baxmayaraq həmin rəyə ümumiyyətlə heç bir hüquqi qiymət verilməyərək münasibət bildirilməmişdir. Həmin rəylə müəyyən edilir ki, məhsulda iddia edilən qüsur aşkar edilməmişdir. Cihazın texniki göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən demək olar ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri ziyanlarına şərh edilməklə, bütün sübutlar qarşılıqlı təhlil edilmədən, sübutlara düzgün hüquqi qiymət verilmədən, işin faktiki halları tam şəkildə araşdırılmadan əsassız qətnamə çıxarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır, təmin olunmamalıdır. Apellyasiya şikayətində yazılanlarla işin faktiki halları eyni deyil, təhrif edilmişdir. xx.xx.2023-cü il tarixində "Kontakt Home" mağazasının Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən filialından 1 (bir) illik zəmanətlə 2699 (iki min altı yüz doxsan doqquz) manat dəyərində "Samsung Galaxy S23 Ultra" markalı mobil telefon almışdır. Cəmi 2 (iki) ay sonra həmin telefonda ciddi texniki qüsur aşkar etmişdir. Bu barədə "Kontakt Home" mağazasına müraciət etdikdə, onu mağazanın "20 Yanvar" filialına yönləndirdilər. Həmin filialda ona bildirilmişdir ki, telefon onlarda qalmalı və texniki baxışdan keçməlidir. Lakin o, telefonun onların nəzarətində olduğu müddətdə qəsdən zədələnməsi ehtimalından ehtiyat etdiyi üçün bu şərtlə razılaşmamışdır. Bundan sonra onu ünvan 1 ünvanında yerləşən "Samsung Service Plaza" təmir məntəqəsinə yönəltmişlər. Təmir məntəqəsində telefonu təhvil vermiş və 2 gün sonra, xx.xx.2023-cü il tarixində telefonda istehlakçı tərəfindən törədilməyən texniki qüsurların aşkarlandığına dair texniki rəy təqdim olunmuşdur. Həmin texniki rəyə əsasən "Kontakt Home" mağazası mobil telefonu yenisi ilə əvəz etməli idi. Lakin 7 gün ərzində mağazanın qaynar xəttinə və digər vəzifəli şəxslərə dəfələrlə müraciət etməyinə baxmayaraq, telefon yenisi ilə əvəz olunmamışdır. Məcbur qalıb xx.xx.2023-cü il tarixində mobil telefonunu təmir üçün mağazaya təhvil vermişdir. xx.xx.2023-cü il tarixində telefonun 3 (üç) fərqli hissəsi dəyişdirilərək ona geri qaytarılmışdır. Lakin 3 gündən sonra telefon yenidən işləməmişdir. Növbəti dəfə "Kontakt Home" mağazasına müraciət etmişdir. Orada məsul şəxs onu texniki mütəxəssisə yönləndirmişdir. Mütəxəssis telefona baxış keçirmiş və yenidən texniki qüsurun olduğunu təsdiqləmişdir. Ona bildirilmişdir ki, cihazı yenidən "Samsung Service Plaza" təmir məntəqəsinə təhvil versin. xx.xx.2023-cü il tarixində telefondakı qüsurların videosunu çəkərək diskinə köçürmüş və telefonu həmin təmir məntəqəsinə təhvil vermişdir. xx.xx.2023-cü ildə ona bildirilmişdir ki, telefon işlək vəziyyətdədir. Lakin şəxsən təmir məntəqəsinə gedib cihazı yoxladıqda qüsurların aradan qaldırılmadığını görmüş və bu səbəbdən telefonu təhvil almamışdır. Həmin tarixdən bu günə qədər təxminən 2700 manat dəyərində olan telefonun harada saxlanıldığı barədə məlumatı yoxdur. Nə telefon yenisi ilə əvəz edilmiş, nə də təmir olunaraq ona qaytarılmışdır. Sonradan məlum olmuşdur ki, həmin telefon vasitəsilə qeydiyyatdan keçdiyi ona məxsus elektron poçt ünvanının parolu dəyişdirilmiş və telefon kənar şəxslər tərəfindən istifadə olunmuşdur. Bu barədə sübutları məhkəməyə təqdim etmişdir. "Samsung Service Plaza" tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş texniki rəyin əsas sübut kimi qəbul edilməsini, "Kontakt Home" mağazası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli texniki rəyin, telefonun ona heç bir formada təhvil verilməməsi və istifadəyə yararsız olması səbəbilə əsassız hesab edilməsini, artıq həmin model köhnəldiyinə görə ödənilən pulun qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.6-cı maddəsinə əsasən yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh "xxxx" MMC-nin vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). İş materiallarında olan “Samsung Service Plaza”nın xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, cihazda maye izləri və mexaniki zədə aşkar olunmamışdır, cihaz öz parametrlərinə uyğun işləyir. Həmçinin apellyasiya icraatı zamanı məhkəmə baxış iclasında “SAMSUNG GALAXY S23 ultra” (sms918b) 12/256gb-BEİGE) markalı telefona baxış keçirilərək müəyyən edilmişdir ki, cihaz işlək vəziyyətdədir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 587.2-ci madddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə ya alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, ya da lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Hazırki halda “SAMSUNG GALAXY S23 ultra” (sms918b) 12/256gb-BEİGE) markalı telefonda iddiaçının idda etdiyi qüsurlar mövcud deyil. Əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozuntusu halları aşkar edilmir. Belə olan halda iddiaçının Mülki Məcəllənin 587.2-ci maddəsinə istinadən əşya üçün ödədiyi pulun qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yoxdur. İddiaçı həmçinin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi mobil telefonun başqa bir telefon olduğunu bildirmiş, bu hal da məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır (mobil telefonun seriyası, İMEİ kodu iş materiallarında olan sənədlərdəki nömrələrlə eynilik təşkil etmişdir). Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1085/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1139/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1139/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver