Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1147/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-973/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 17280 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Masallı rayonunun Şərəfə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Hamı kimi iddiaçı da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB-nin Lənkəran X2 İdarəsinin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evini qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmiş, sayğacı çıxarıb aparmışlar. Lakin həmin vaxt iddiaçı orda olmamışdır. Çünki 3 ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ötən ilin payızında iddiaçı kəndə gəldiyi zaman qaz sayğacının olmadığını görmüş və istifadə olunmuş qaza görə bildirişi əldə etmişdir. Həmin bildirişdə iddiaçı ödəməli olduğu məbləğin həddindən artıq çox olduğunu görmüş və bunun səbəbini öyrənməkdən ötrü “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Həmin Mərkəzdən ona abonentin saldosu, akt, tələbnamə vermişlər. Verilmiş sənədlərə nəzər saldıqda iddiaçı görmüşdür ki, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişlər. Aktda guya sayğacdan kənar qeyri-qanuni birləşmə müəyyən edildiyi bildirilmiş və tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 17280 kub metr müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. İddiaçı Cavabdeh İB-yə müraciət edərək, sayğacı hansı səbəbdən çıxardıqlarını ona bildirmələri ilə bağlı akt verilməsini istəmişdir. Cavabdehin əməkdaşları iddiaçıya qaz sayğacının dəyişdirilməsi barədə akt verərək sayğacı növbəti dövlət yoxlaması adı ilə çıxardıqlarını qeyd etmişlər. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və 17280 kub metr qaz sərfiyyatı silinməlidir. Belə ki, aktdan göründüyü kimi, aktın tərtib olunmasına səbəb sayğacdan kənar qeyri-qanuni qaz xətti olmuşdur. Akt tamamilə səhv yazılmışdır. İddiaçı sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdehin işçiləri aktı yazarkən iddiaçının evinin qaz xəttində heç bir qeyriqanuni istifadə olmamışdır. İddiaçı həmişə sayğacdan istifadə etmiş, onlar aktı yazarkən də qaz xəttində sayğac olmuşdur. İddiaçı uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, arabir Şərəfə kəndində olan evinə gəlir. İddiaçı həmin ünvanda yaşamadığı halda kənar xəttdən istifadəsinə nə lüzum var? Həmçinin, cavabdehin əməkdaşları idddiaçıya və 3 qardaşına eyni şəkildə 4 akt tərtib etmişlər. Onların sayğaclarının 4-ü də bir yerdə yerləşir. Həm də həmin sayğacların yanında sovet dövründən qalma qaz borusu var. Lakin bu o demək deyil ki, iddiaçı sayğacdan kənar qaz xəttindən istifadə edir, əgər belə hal varsa, cavabdeh bunu sübut edən mötəbər dəlillərini təqdim etməlidir. Çünki iddiaçı onlardan bunu tələb edərkən iddiaçıya təqdim edə bilməmişlər. Cavabdehin işçiləri otaq şəraitində iddiaçının iştirakı olmadan akt tərtib etmişlər. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Eləcə də, cavabdehin işçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirirlər və cavabdehin işçisi olan sahə nəzarətçisi bilir ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Əgər iddiaçı sayğacdan kənar qaz xətti çəkmiş olsaydı, Qaz İstismarı İdarəsinin əməkdaşları həmin faktın şəkillərini və video görüntülərini çəkmiş olardı. Eləcə də, əgər sayğacdan kənar qeyriqanuni birləşmə var idisə, idarənin əməkdaşları iddiaçının da iştirakı ilə akt tərtib edərdilər və bu zaman qonşuları da şahid kimi qeyd edərdilər. Masallı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(050)-973/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 1036,80 manat, yəni 8640 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(050)-973/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə mülki işi hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etmişdir. Lakin qətnamənin təsviri-əsaslandırıcı hissəsində iddia tələbinin tam əsaslı olması tam sübuta yetirilmişdir. Həmçinin, necə olur ki, akt etibarsız hesab edilir, amma cərimə qismən silinir? Əgər akt etibarsızdırsa, deməli, onun əsasında yazılmış cərimə də tam şəkildə silinməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirir və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçının abonent hesabına hesablanmış borc tam silinməlidir. İşdəki Cavabdeh İB-nin Lənkəran RQİİ-nin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 26 avqust 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. İşdəki Cavabdeh İB X3 İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 26 avqust 2022-ci il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın həcmi 17280 kub metr müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Tələbnamənin verilməsinə əsas kimi 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İşdəki İddiaçı **********04010 nömrəli abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin avqust ayında akt əsasında 17280 kub metr (2073,60 manat) borc hesablanmışdır. İddiaçı öz iddia tələbində cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş ******* nömrəli, 26 avqust 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış 17280 kub metr borcun silinməsini tələb etmişdir. Masallı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(050)- 973/2023 saylı qətnaməsi ilə isə iddia qismən təmin edilərək, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilmiş, həmin akt əsasında hesablanmış 1036,80 manat, yəni 8640 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı isə həmin qətnaməni iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının abonent hesabına 2022-ci ilin avqust ayında 17280 kub metr (2073,60 manat) borcun hesablanması üçün əsas 26 avqust 2022ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmin akt etibarsız hesab edilmiş, aktın etibarsız hesab edilməsinə dair nəticə isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçının abonent hesabına borcun hesablanması üçün əsas olmuş aktın etibarsız hesab edilməsi halında, həmin borc məbləğinin qismən silinməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş materialları ilə iddiaçının barəsində tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsızlığı təsdiq olunduğundan, hesablanmasına əsas olmuş akt etibarsız hesab edildiyindən, həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 17280 kub metr (2073,60 manat) borc tam olaraq silinməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunmalı, 26 avqust 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında iddiaçının abonent hesabına hesablanmış 17280 kub metr (2073,60 manat) borc tam olaraq silinməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə 1036,80 manat təşkil edir. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(050)-973/2023 saylı qətnaməsi qismən – iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin olunsun. 26 avqust 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında İddiaçı abonent hesabına hesablanmış 17280 kub metr (2073,60 manat) borc tam olaraq silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1147/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1147/2023
19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver