Məhkəmə qərarları › İş №2(106)-115/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-115/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-115/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X12 oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması və uşaqların atanın yanında qalmasının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(018)-411/2022 saylı qətnaməsindən (hakim Z.İbrahimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında 08 oktyabr 2008-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından 09 fevral 2010-cu ildə doğulmuş X1, 27 iyul 2011-ci ildə doğulmuş X4 və 26 avqust 2017-ci ildə doğulmuş X2 onun yanında qalmalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 oktyabr 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 09 fevral 2010-cu il təvəllüdlü X7, 27 iyul 2011-ci il təvəllüdlü X10 və 26 avqust 2017-ci il təvəllüdlü X8 adlı üç uşaqları olmuşdur. Özü hərbçi olmaqla aliəsinin dolanışığını təmin edir. Evliliklərinin ilk illərində xasiyyətləri uyğun gəlsə də, sonradan münasibətləri pisləşmişdir. Nikahları artıq formal xarakter daşıdığından, ailənin bərpasına ümid yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X15 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı boşanmaq istədiyi üçün o da, boşanmağa razıdır. Belə ki, ailəsinin dağılmaması üçün əlindən gələni etməsinə baxmayaraq, ailənin qorunub saxlanması mümkün olmamışdır. Hazırda azyaşlı uşaqların hər üçü atalarının yanındadır. Nikahları pozulan zaman uşaqlarını tələb edir. Lakin, azyaşlı uşaqlarından 09 fevral 2010-cu il təvəllüdlü X7 atasının yanında qalmasını istəyir. Ona görə də, İbrahimin atasınn yanında saxlanılmasına etirazı yoxdur. İddiaçı özü hərbçi olmaqla aylıq əmək haqqısı vardır. Qeyd olunanları nəzərə alaraq 27 iyul 2011-ci il təvəllüdlü X4 və 26 avqust 2017-ci il təvəllüdlü X2 İddiaçı alınıb ona verilməsinə və azyaşlı uşaqların saxlanılması üçün alimentin kəsilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(018)-411/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflər arasında 08 oktyabr 2008-ci ildə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 09 fevral 2010-cu ildə doğulmuş X1 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 27 iyul 2011-ci ildə doğulmuş X10 və 26 avqust 2017-ci ildə doğulmuş X2 ataları İddiaçı alınıb anaları Cavabdeh verilməsi,atadan faktiki alınaraq analarına verildikləri vaxtdan hesablanmaqla yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı qazancının hər ay 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin iki uşağın cavabdehə verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsalsandırlmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən, hüquqi əsası olmadan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, evliliklərinin ilk illərində xasiyyətləri uyğun gəlsə də, sonradan münasibətləri pisləşmişdir. Çünki hərbi hissədə olduğu zaman oğlu İbrahim zəng edərək cavabdehin onları Astara Qum məscidində qoyub getdiyini bildirmişdir. O da, uşaqlarının başsız qalmaması üçün təcili Astara şəhərinə gələrək uşaqların hər üçünü məsciddən götürüb özü ilə aparmışdır. Həmin vaxtdan hər üç övladı onun yanındadırlar. Cavabdeh isə uşaqları ilə heç maraqlanmamışdır. Hər üç övladı onun yanında qalmaq niyyətindədirlər. İşin faktiki hallarından görünür ki, uşaqların hər üçü onun yanındadır. Məhkəmə isə iş üzrə faktiki halları hərtərli araşdırmadan qətnamə qəbul edib. Halbu ki, məhkəmə uşaqların hər üçünün onun himayəsində qalmasını bilərək, uşaqların ikisini cavabdehə vermişdir. Cavabdehin uşaqları məsciddə başsız qoyaraq getməsinə baxmayaraq, məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Əgər uşaqlar cavabdehə verilərsə, uşaqların gələcək taleyi qeyri müəyyən olacaq. Məhkəmə cavabdehin uzun müddətdən sonra uşaqlarını tələb etməsini mötəbər sübut kimi qəbul etmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, ailə münasibətlərinin pozulmasının səbəbkarı cavabdehdir. İş materiallarında cavabdehin Astara rayonunda atası ilə birlikdə yaşadığı qeyd olunsa da, hal-hazırda cavabdeh Bakı şəhərində yaşayıb-işləyir. Cavabdehin nə işlə məşğul olduğunu bilmir. Bununla belə cavabdeh uşaqlarla telefonla əlaqə saxlayır, hər-hansı bir əyləncə mövzusunda danışırlar. Uşaqların anaları ilə əlaqələrinin kəsilməməsi üçün Astaraya dəfələrlə aparmışdır. Lakin böyuk uşaq cəmisi bir gün qalıb, kiçik uşaq ümumiyyətlə anasına getmir, ortancıl isə bir həftə qalıb gəlir. Ümumiyyətlə cavabdehlə birlikdə yaşadıqları dövrdə bir hərbçi kimi harada xidmət etmişdir, uşaqları da yanında olmuşlar. Hazırda da onun yanındadırlar. Özü faktiki olaraq yeni ailə qurmuşdur və hərbihissədə olduğu dövrdə uşaqları həmin qadınla qalırlar, münasibətləri olduqca yaxşıdır. Uşaqlar həmçinin Beyləqan rayonunda orta məktəbdə təhsil alırlar. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iki uşağın anaya verilməsi hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə həmin hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında nikah, 08 oktyabr 2008-ci il tarixdə Astara rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlandıqdan sonra ərə Qafarov, arvada Qafarova soyadları verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 09 fevral 2010-cu ildə X7, 27 iyul 2011-ci ildə X10 və 26 avqust 2017-ci ildə X8 adlı üç uşaqları doğulmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayə komissiyasının 15 iyul 2022-ci il tarixli 147 saylı rəyindən görünür ki, qəyyumluq və himayə komissiyası 09 fevral 2010-cu il təvəllüdlü X7, 27 iyul 2011-ci il təvəllüdlü X4 və 26 avqust 2017-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Komissiya araşdırmasında iştirak edən 09 fevral 2010-cu il təvəllüdlü X7 və 27 iyul 2011-ci il təvəllüdlü X10 valideyinlərinin ayrılmasını istəmədiklərini, ayrılacaqları təqdirdə isə atalarının yanında qalmaq istədiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi ərizənin məzmunundan görünür ki, müraciət müəllifi iddiaçı ilə birgə nikahlarından 09 fevral 2010-cu ildə doğulmuş X1 atasına bağlılığının çox olduğunu bildirərək, atası ilə qalmasının müəyyən edilməsinə etiraz etməmiş, lakin digə iki uşağın onun yanında qalmalarının müəyyən edilməsini və saxlanılmaları üçün iddiaçının əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı uşaqların faktiki olaraq Beyləqan rayonunda yaşaması və təhsil almaları nəzərə alınaraq iş materialları Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına təqdim olunaraq, tərəflərin birgə nikahlarından olan uşaqları, 09 fevral 2010-cu il təvəllüdlü X1, 27 iyul 2011-ci il təvəllüdlü X4 və 26 avqust 2017-ci il təvəllüdlü X2 mənafeyləri nəzərə alınmaqla, hazırki halda valideyinlərindən hansının yanında qalmasının məqsədəmüvafiq hesab edilməsinə dair əsaslandırılmış rəyi və uşaqların tərbiyəsi ilə məşğul olmaq istəyən valideyinlərin hər birinin ayrı-ayrılıqda həyat şəraitinin müayinə aktı (foto və ya videoçəkilişləri əlavə olunmaqla), valideyinlərin şəxsi keyfiyyətlərinə dair məlumatlar (xasiyyətnamələr əsasında) istənilmiş, həmçinin uşaqların valideyinlərinə münasbətlərinin təhsil aldıqları Beyləqan rayon 4 saylı tam orta məktəbin pedaqoqunun iştirakı ilə öyrənilib, ixtisaslaşdırılmış psixoloq tərəfindən qiymətləndirilərək rəydə öz əksini tapması tapşırılmışdır. Bundan başqa valideyinlərin hər ikisi tərəfindən uşaqların təhsili, məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili, onların inkişafına yönələn mühitin yaradılması imkanlarının ətraflı təhlil edilməsi və veriləcək rəydə əksini tapması, obyektiv və əsaslandırılmış rəyin verilməsi üçün Cavabdeh yaşayış ünvanı üzrə Astara rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası ilə qarşılıqlı araşdırmanın aparılması da tapşırılmışdır. İş üzrə Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə işləri üzrə komissiyanın rəyindən görünür ki, komissiya uşaqların atalarına mənəvi-psixololoji bağlılığını, həmçinin hər üç uşağın bir yerdə yaşamasının, daima bir-biri ilə ünsiyyətdə olmasının onların fiziki və mənəvi inkişafında, sosial-psixoloji durumlarının stabil olmasına müsbət təsirini nəzərə alaraq 09 fevral 2010-cu ildə doğulmuş X1, 27 iyul 2011-ci ildə doğulmuş X4 və 26 avqust 2017-ci ildə doğulmuş X2 ataları İddiaçı yanında qalmalarını məqsədə müvafiq hesab etmişdir. Rəy verilərkən İddiaçı həyat şəraitinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sonuncu Beyləqan şəhəri, M.Əsədov küçəsində X6 məxsus 0.04 ha həyətyanı torpaq sahəsində mişar daşından tikilmiş birmərtəbəli, ümumi sahəsi təqribən 80 kv.metr olan üç otaq və mətbəxdən ibarət fərdi yaşayış evində yaşayır. Evin sanitar və gigiyenik normalara cavab verən hamamı və sanitar qovşağı vardır. Mənzil məişət əşyaları ilə təmin edilmişdir. Mənzil işıq, su və qazla təmin olunmuşdur. Evdə İddiaçı uşaqları İbrahim, Aişə, Aliyə və qeyri-rəsmi nikahda olduğu arvadı Həsənova Rəmziyyə ilə birlikdə yaşayır. İddiaçı baş gizir rütbəsində olmaqla "N" saylı hərbi hissədə işləyir və deməsinə görə aylıq əmək haqqı 1370 manatdır. Rəy verilərkən Astara rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə işləri üzrə komissiyasından Cavabdeh həyat şəraitinin müayinəsi aktı alınmışdır. Müayinə aktına əsasən Cavabdeh ünvan 2 ünvanında atası Tarverdiyev Rüstəmə məxsus mişar daşından tikilmiş iki otaqdan ibarət fərdi yaşayış evidə yaşayır. Ev normal kommunal şəraitə malikdir. Cavabdeh işsizdir və həmin evdə təqaüdçü atası ilə birlikdə yaşayır. Rəy verilərkən uşaqlarla fərdi sbhbətlər aparılmış və uşaqların hər üçü atalarının yanında qalmaq istədiklərini bildirmişlər. Rəy verilərkən uşaqlar, 09 fevral 2010-cu il təvəllüdlü X1, 27 iyul 2011-ci il təvəllüdlü X4 təhsil aldıqları Beyləqan şəhəri R.Abbasov adına 4 nömrəli tam orta məktəbin psixoloqu Nəzakət Quliyeva məktəbin şagirdləri və 5 yaşlı Aliyə Qafarzadə ilə fərdi və bğirlikdə söhbət aparmış, komissiyaya təqdim etdiyi 28 dekabr 2022-ci il tarixli rəyində uşaqların mənəvi, psixoloji durumunu nəzərə alaraq bir yerdə yaşamasını məqsədə uyğun hesab etmişdir. Belə ki, Aliyə özünü qardaşı İbrahim və bacısı Aişənin yanında təhlükəsiz və güvəndə hiss edir. Ancaq Aliyənin qardaş və bacısından ayrılma qorxusu onda güvənsiz və təşvişli bağlanmanın yaranmasına səbəb olub. 5 yaşlı bacnın Aişə və İbrahimdən ayrılması, onun psixoloji durumuna gələcəkdə mənfi təsir göstərməklə bərabər, psixikasında "Travma" yarada bilər. İş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında toplanmış HK-1/442 saylı materal üzrə Astara rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Samir Rəsullunun 16 aprel 2021-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, araşdırmanın aparılmasına əsas 10 aprel 2021-ci il tarixdə İddiaçı DİN-nin 102 xidmətinə məlumat verərək 11 yaşlı oğlu İbrahimin Natiq adlı qonşusu tərəfindən döyülməsi barədə məlumat verməsi olmuşdur. Təhqiqat zamanı izhatı alınmış Astara şəhəri, R.məmmədov küçəsi, ev 32-də yaşayan Cavabdeh izahatında göstərmişdir ki, 10 aprel 2021-ci il tarixdə saat 14 radələrində azyaşlı övladı X7 babası Rüstəmi əsəbləşdirdiyi üçün qonşuları Natiq adlı şəxs ona acıqlanaraq, qolundan tutub itələmiş, bu barədə oğlu İbrahim ona məlumat vermiş, lakin özü bu barədə şikayət etmək istəməmişdir. Əri Adilşah isə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına catmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur, 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur, 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur, 22.2.1-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər, 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir, 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar, 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir, 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər, 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar, 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Plenum qərarının 7.2-ci bəndinə əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması, uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin Plenum qərarının 7.4-cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Plenum qərarının 7.6-cı bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri, onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə kollegiyası mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarına sadalanan qanunvericilik aktı normaları, Plenum Qərarının tövsiyyələri baxımından məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin ailə münasibətləri pozulanadək uşaqların hər zaman valideyinləri ilə birlikdə atalarının xidmət etdiyi hərbi hissələrin yerləşdikləri ərazidə yaşamaları, ailə münasibətləri pozulandan sonra isə yalnız ataları ilə qalmaları, atalarının yaşadığı Beyləqan rayonunda məktəbdə təhsil almaları, uşaqların hər üçünün atalarına bağlılıqları, 12 və 11 yaşnda olan böyük uşaqların birmənalı olaraq ataları ilə qalmaq istəkləri, uşaqların bir-birinə hədsiz bağlılıqları və ayrılmalarının onların psixikasına güclü təsir edəcəyi, xüsusən azyaşlı Aliyənin özünü qardaşı İbrahim və bacısı Aişənin yanında təhlükəsiz və güvəndə hiss etməsi, ananın özünün böyuk uşaq İbrahimin atanın yanında qalmasına etiraz etməməsi, uşaqların artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının və təhsil almalarının təmin olunması baxımından eyni valideyinə verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması müstəsna hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də, təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X9 apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(018)-411/2022 saylı qətnaməsi 27 iyul 2011-ci ildə doğulmuş X10 və 26 avqust 2017-ci ildə doğulmuş X2 ataları İddiaçı alınıb anaları Cavabdeh verilməsi, atadan faktiki alınaraq analarına verildikləri vaxtdan hesablanmaqla yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı qazancının hər ay 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi hissələrdə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. 27 iyul 2011-ci il təvəllüdlü X10 və 26 avqust 2017-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında qalmaları müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar