Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1151/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X3 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair bağlanmış ******* saylı, 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə, Cavabdeh alqı-satqı və digər çəkilmiş xərclərə görə 15315.24 (on beş min üç yüz on beş manat iyirmi dörd qəpik) manat pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun və mənəvi zərər olaraq 1000 (bir min) manat olmaqla, cəmi 16345.24 (on altı min üç yüz qırx beş manat iyirmi dörd qəpik) manat pul vəsaitinin tutularaq ona (İddiaçı) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianın həcminin azaldılmasına dair ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair bağlanmış ******* saylı 16 iyun 2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə, Cavabdeh alqı-satqıya və digər çəkilmiş xərclərə görə 15 315.24 (on beş min üç yüz on beş manat iyirmi dörd qəpik) manat pul vəsaitinin, 30 (Otuz) manat dövlət rüsumunun, cəmi 15345.24 (on beş min üç yüz qırx beş manat iyirmi dörd qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh, üçüncü şəxslər 1 saylı Bakı «Asan» xidmət mərkəzində notariat ofisinin nümayəndəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Cavabdeh,1 saylı Bakı «Asan» xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair 1 saylı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş ******* saylı 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə torpağa görə 15 000 (on beş min) manat pul ödəmişdir. Cavabdeh ona ilkin olaraq göstərdiyi torpaq sahəsi alqı-satqı predmeti olan torpaq sahəsindən fərqlidir. Belə ki, o, torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdiyi zaman onun müraciətindən imtina edilmişdir. Həmin qurumun 21 avqust 2020-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan xx.xx.2013-cü il tarixli **********24 saylı reyestr nömrəli 0.05 ha torpaq sahəsinə baxış keçirildiyi, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh alqı-satqı predmeti olan torpaq sahəsi barədə ona yanlış məlumat vermiş və nəticədə göstərdiyi torpaq sahəsini deyil, başqa yerdə olan və əlverişsiz mövqeyi olan torpaq sahəsini satmışdır. Bununla da, cavabdeh mülki qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Alqı-satqı müqaviləsi bağlanan zaman onun (iddiaçı) tərəfindən haqq (dövlət rüsumu), həmçinin digər notariat və xidmətlər üçün cəmi 315.24 (üç yüz on beş manat iyirmi dörd qəpik) manat vəsait ödənilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Qalib Paşayev), iddianın təmin edilməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı (4Ə-534 reyestr nömrəli) daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömərli) çıxarışın ləğv edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 15 000 (on beş min) manat, alqısatqı üçün çəkilmiş xərcə görə 315.24 (üç yüz on beş manat iyirmi dörd qəpik) manat, cəmi 15315.24 (on beş min üç yüz on beş manat iyirmi dörd qəpik) manat vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Şükürov X1 Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı və cavabdehlər tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək, apelyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, cavabdeh və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənəvi ziyanın ödənilməsi hissəsi üzrə iddia tələbi təmin edilməmiş və iddiaçı iddianın bu hissəsi üzrə apellyasiya qaydasında mübahisə açmamış, qətnaməni yalnız cabadeh iddianın təmin edilən hissəsi üzrə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarı). Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsaslı olması və iş materiallarında olan mötəbər sübutların məcmusuna əsasən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Şükürov X1 Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AA055527 saylı torpaq sahəsinin plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Həsənov X5 rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı 15000 (on beş min) manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.05 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********69 saylı məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan xx.xx.2013-cü il tarixli, **********24 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çölölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin məqsədi olan ilkin plan-ölçü sənədinin verilməsindən imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********57 saylı məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, **********24 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinin planölçüdəki koordinatları GPS mövqetəyinetmə vasitəsilə ölçülərək naturada döngə nöqtələri təin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.0158 ha hissəsi ümumi istifadədə olan yol kimi istifadə olunur və 0.0225 ha hissə ilə başqa şəxslər tərəfindən mişar daşla hasara alınaraq istifadə olunur. **********24 reyestr nömrəli, 0.05 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları aşağıdakılardır: X401282.77, Y- 4483961.15, X-401307.01, Y-4483959.14, X-401306.17, Y-4483938.79, X-401281.92, Y- 4483940.41. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə notariat xidmətlərinə görə 30.99 (otuz manat doxsan doqquz qəpik) manat, 33 (otuz üç) manat və 201.25 (iki yüz bir manat iyirmi beş qəpik) manat ödənişlər etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsinin hesabına 20 (iyirmi) manat və 30 (otuz) manat olmaqla cəmi 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına 311 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/5781 saylı rəydən görünür ki, X4 adına xx.xx.2020ci il tarixdə **********24 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları yerində (naturada) faktiki istifadəsində olan mübahisəli 0.0469 ha torpaq sahəsi ilə üst-üstə düşmür və sənəd üzrə faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə ara məsafəsi 18.54 metr təşkil edir. Dövlət aktına əsasən verilmiş xx.xx.2020- ci il qeydiyyat tarixli, **********24 reyestr nömrəsi ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad kəndində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmişdir, bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Cavabdeh adına xx.xx.2013-cü il tarixdə **********24 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi alqısatqı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2020-ci il tarixdə **********4 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinə çıxarış verilmişdir. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları elektron kadastr məlumat bazasında eynilik təşkil edir. Eyni zamanda, mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxemdən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.0469 ha təşkil edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərində, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyatı qaydalarının pozulması, yəni mübahisəsinin inzibati hüquq münasibəti olduğu halda məhkəmənin iddia ərizəsini qanunsuz olaraq icraat qəbul etməsi məsələsi mübahisələndirilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçı tərəfindən inzibati qaydada mübahisələndirilməmişdir. Bu kimi məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən ilk növbədə iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən DƏDRX və onun ərazi idarələri inzibati orqan sayılır. İnzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilən qərarlar isə inzibati akt hesab edilir. Həmin çıxarış publik hüquq münasibətlərindən irəli gələn hərəkətlər ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbindən müəyyən edilir ki, iddiaçı Cavabdeh qarşı yönəlmiş tələbi 3 hissədən ibarətdir:
1. onunla Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair bağlanmış ******* saylı, 16 iyun 2020-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi
3. Cavabdeh alğı-satqı və digər çəkilmiş xərclərə görə 15315.24 (on beş min üç yüz on beş manat iyirmi dörd qəpik) manat pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun və mənəvi zərər olaraq 1000 (bir min) manat olmaqla, cəmi 16345.24 (on altı min üç yüz qırx beş manat iyirmi dörd qəpik) manat pul vəsaitinin tutularaq ona (İddiaçı) ödənilməsi. Cavabdehin nümayəndəsi iddiaçının irəli sürdüyü 2-ci tələb üzrə mübahisənin ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aid olduğunu qeyd edərək, iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyini mübahisəndirdiyini qeyd edərək iddia ərizəsinin qanunsuz olaraq icraata qəbul edildiyini bildirmişdir Kollegiya apelyasiya şikayətinin adı çəkilən yeganə dəlili ilə bağlı qeyd edir ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasındaduran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi də ləğv olunur. Hazırki işdə isə iddiaçı həm müqavilənin etibarsızlığı həm də həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Yəni iddiaçı hazırkı işdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxs kimi hərəkət və ya hərəkətsizliyini mübahisələndirməmiş, yalnız alğı-satqı müqaviləsinin əsasında verilən çıxarışın ləğv edilməsini mübahisələndirmişdir. Bu isə onu göstərir ki, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən məhkəmə aiddiyyəti qaydalarına riaəyət etmiş və gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli Cəlilabad Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-264/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.