Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1152/2025 22.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3456 (üç min dörd yüz əlli altı) manat əsas borc, 1380 (bir min üç yüz səksən) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat olmaqla, ümumilikdə, 5368,34 (beş min üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alğı-satqısına dair xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW6P3114860), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilən avtomobil üçün ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra iki ayın ödənişini gecikdirməklə xx.xx.2024-cü il tarixli xəbərdarlıq nəticəsində xx.xx.2024-cü il tarixində iki aylıq ödəniş etdikdən sonra (mart və aprelayları üçün) heç bir ödəniş etməmişdir. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətində, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-022-SA-24 nömrəli Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda, cavabdehə “Skoda Kamiq 1.6 MPİ” markalı, ** YX *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X2 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tairixində faktiki təmir işləri icra edilməklə təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda, baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (15611 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda, tərəflər arasında müqavilə imzalandığı tarixdən iki ay sonra gecikmə ilə cavabdeh yalnız iki ayın (mart və aprel ayları) ödənişini etmiş avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın (aprel, may, iyun ayları üçün) ödənilməmiş məbləği, yəni 3456 (üç min dörd yüz əlli altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1380 (bir min üç yüz səksən) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 5368.34 (beş min üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəməyə elektron ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştiakı olamadan baxılmasını xahiş etmişdir. Eyni zamanda, məhkəmənin 04 mart 2025-ci il tarixli iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı MMC ilə onun arasında bağlanmış olan müqaviləyə əsasən nəqliyyat vasitəsini əldə etmişdir. Həmin nəqliyyat vasitəsi ilə bağlı müqavilə onunla bağlanmış olsa da, həmin nəqliyyat vasitəsi onun tərəfindən az müddət istifadə edilmişdir. Sonradan həmin nəqliyyat vasitəsini İddiaçı MMC-yə geri qaytarmışdır. Nəqliyyat vasitəsini geri qaytardıqdan sonra bildiyinə görə başqa şəxsə satılmışdır. İddia tələbində qeyd edilən məbləğlə tam razı deyil. Onun tərəfindən nəqliyyat vasitəsinin icarə haqqı olaraq ilkin ödəniş ödənilmiş, sonra isə 2-3 ayda ödəniş edilmişdir. Maşının təmir xərci ilə razı deyil, təzə maşın olub, onun yağını və digər lazımi ehtiyat hissələrini özü dəyişidirib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsi ilə (Hakim: Ceyhun Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 2304 manat əsas borc, 633.60 manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 532.34 manat olmaqla, ümumilikdə, 3469.94 (üç min dörd yüz altmış doqquz manat doxsan dörd qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu 54.7 (əlli dörd manat 70 qəpik) manatın alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, tərəflər arasında buraxılış ili 2023 olan dəyəri 70.548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilən “Skoda Kamiq 1.6 MPİ” markalı, 77 YX390 dövlət qeydiyyat nömrəli avtomobil üçün ilkin ödəniş 1428 (min dörd yüz iyirmi səkkiz) manat ödənməklə qalıq borc məbləği olan 69.120 (altmış doqquz min yüz iyirmi) manat pulun 60 ay müddətinə hər ay 1.152 (min yüz əlli iki) manat ödəniş ediləcəyi şərti ilə xx.xx.2024-cü il tarixli, B022-SA-24nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edərək nəqliyyat vasitəsini cavabdehə qüsursuz şəkildə təhvil verməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, müqavilə bağlandıqdan və ona təhvil verildikdən sonra iki ayın ödənişini gecikdirməklə xx.xx.2024-cü il tarixli xəbərdarlıq nəticəsində xx.xx.2024-cü il tarixində iki aylıq ödəniş etdikdən sonra (mart və aprel ayları üçün) heç bir ödəniş etməmişdir. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətində iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda, cavabdehə həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verilməmiş və DYP tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmiş və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış aktı əsasında avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tarixində faktiki təmir işləri icra edilməklə təmir xərci - 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat müəyyən edilmişdir. İddiaçı, həmçinin müqavilə üzrə aylıq ödənişlərini üç ay (aprel, may və iyun ayları üçün) ödəməməklə 3456 (üç min dörd yüz əlli altı) manat əsas borc və bu gecikməyə görə 1380 (min üç yüz səksən) manat məbləğində dəbbə pulu yaranmışdır. İddia ərizəsində qeyd olunan düzgün olmayan hallarla bağlı iş üzrə Cavabdeh qeyd edir ki, onun iddiaçıya müqavilə üzrə hər hansı bir əsas borcu yoxdur. Müqavilə üzrə iddiaçıya 1428 (min dörd yüz iyirmi səkkiz) manat məbləğində ilkin ödənişini etmiş və avtomobili idarə etdiyi iki ayın da ödənişləri kimi 2.304 (iki min üç yüz dörd) manat pulu iddiaçıya ödəmişdir. İşdən çıxdığı üçün aylıq ödəniş etməyə imkanı olmamış və avtomobili iddiaçı təşkilatın əməkdaşlarına qaytarmış və iddiaçı tərəf ondan avtomobili saz vəziyyətdə qəbul etmişdir. Lakin avtomobil saz vəziyyətdə olduğu üçün aralarında rəsmi təhvil-təslim olunmamışdır. Eşitdiyinə görə, həmin avtomobil təhvil veriləndən az müddət sonra başqa alıcıya satılmışdır. Avtomobilin iki aylıq qalıq ödənişlərini xx.xx.2024-cü il tarixdə ödəmişdir. Onun müqavilə üzrə aylıq borcu qalmamış və heç bir gecikmə etmədən avtomobili iddiaçı təşkilatın əməkdaşlarına qaytarmışdır. Bu səbəbdən iddiaçı tərəfdən haqsız olaraq müqavilə üzrə ödənişlərin gecikdirilməsi üçün hesablanmış cərimə borcu əsassızdır və ədalətsizdir. Bundan başqa, 2 ay ərzində 15.611 km sürülmüş 0 km təzə avtomobilin hansı təmir xərclərindən söhbət gedə bilər? Təzə avtomobil üçün ancaq 5 min km-dən bir mühərrik yağının dəyişməsi tələb olunur ki, bunlar da vaxtlı-vaxtında edilmiş və avtomobilin heç bir xərci olmamışdır. İddiaçı təşkilat avtomobili saz vəziyyətdə təhvil aldığı üçün bu üzdən təhvil-təslim aktı tərtib edilməmişdir. İddiaçı təşkilatın özünün servisində yalandan baxış aktı tərtib edib, guya avtomobilin 532.34 manat təmir xərcinin olması barədə aktın tərtibi saxtakarlıqdan başqa bir şey deyil. Qaldı ki, iddiaçının yalan olaraq iddia ərizəsində qeyd etdiyi, guya “cavabdehə həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verilməmiş və DYP tərəfindən saxlanıldıqdan sonra nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmişdir” sözləri heç bir sübutla təsdiqlənməyən yalan sözlərdir. Əvvəla, əgər cavabdehi DYP saxlamışdırsa və avtomobili ondan alıb müvafiq DYP-nin və ya hər hansı bir polis şöbəsinin mühafizə duracağına yerləşdirmişdirsə, bu barədə protokol tərtib etməli, həmçinin cavabdehə etibarnaməsiz nəqliyyat vasitəsini idarə etdiyi üçün ona inzibati protokol tərtib etməli idi. Bu protokollar mövcuddurmu? DYP-nin müvafiq mühafizə duracağından avtomobil götürülürsə və iddiaçıya avtomobili təhvil verilirsə, bu barədə də müvafiq rəsmi sənəd olmalıdır. Bu sənədlər varmı ki məhkəmə iddiaçının avtomobili DYP-nin müvafiq duracağından xx.xx.2024-cü il tarixdə götürmüşük deyə yalan sözlərini həqiqət kimi qəbul etmişdir? Bu hal hansı sübutla təsdiqlənir? Məhkəmə iddiaçı tərəfdən iddia ərizəsində əsassız və yalan olaraq qeyd edilmiş əsas borc, cərimə borcu və təmir xərcini, heç bir sübuta söykənməyən işin bu halını həqiqət kimi qəbul edərək və onun “avtomobili özüm şəxsən vaxtında iddiaçı təşkilatın əməkdaşlarına qaytarmışam” sözlərini qəbul etməyərək, nəticədə işin mühüm əhəmiyyətli faktiki hallarını hərtərəfli və tam araşdırmayaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd edir ki, iki ay avtomobil idarə etmiş və bu müddət ərzində iddiaçıya ilkin ödəniş 1428 manat + iki aylıq ödəniş 2.304 manat = 3.732 manat pul ödəmişdir. Avtomobilə dövlət qeydiyyat nişanının alınması üçün 580 manat pul və avtomobil üçün sığorta ödənişini etmişdir. Ümumilikdə, 4.400 manatdan çox xərci çıxmışdır. Müqavilənin pozulması halında o, ziyan çəkmişdir, nəinki iddiaçı. İddiaçı avtomobili başqa alıcıya satmış və heç bir ziyana uğramamış, amma o, avtomobil əlindən çıxmağı bir yana, üstəlik iki aylıq avtomobil idarə etməyinə görə 4.400 manatdan çox ziyana düşmüşdür. Bu məbləğin yarısına istənilən avtomobili kirayə götürüb sürə bilərdi və ya satıcı bu məbləğin yarı qiymətindən yüksək bu avtomobili kirayə verə bilməzdi. Qeyd edir ki, əsassız olaraq iddia ərizəsində qeyd edilmiş əsas borc, cərimə borcu və təmir xərclərinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxaran haldır ki, bu da qanunvericiliklə yolverilməz haldır. Şirvan Şəhər Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Cavabdeh apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsini Cavabdeh apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin olunan hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququ qanundan və ya müqavilədən irəli gəlir. Hazırkı mülki iş üzrə iddiaçının tələb hüququ müqavilədən irəli gələn hüquqdur. Tərəflər arasında bağlanmış olan müqavilənin 4-cü bəndinə əsasən müqavilə predmeti olan nəqliyyat vasitəsinə istehsalçı zavodun tələblərinə müvafiq olaraq texniki xidmətdən keçmək alıcının öhdəliyidir. Lakin müqavilə üzrə alıcı tərəfindən üzərinə götürülmüş olan öhdəliyin tam icra olunmuş olması sübuta yetrilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan xx.xx.2024-cü il tarixli aktdan satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bu halın əksini sübutetmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən bu hala dair məhkəmə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün tərəflər arasında avtomobilin nisyə alğı-satqısına dair bağlanmış xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli müqavilə nəzərdən keçirilməlidir. Həmin müqavilədən görünür ki, müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW6P3114860), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilən avtomobil üçün ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin arasında yaranan münasibətlər nisyə alğı-satqı ilə bağlı öhdəlik münasibətləridir. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi çıxış edir. 600.1-ci maddəyə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, qanunvericilik nisyə alğı-satqı zamanı alıcının nisyə aldığı əşyaya görə müəyyənləşdirilmiş ödəniş məbləğini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməməsinə görə satıcıya iki alternativdən birini seçmək imkanı verir. 1) verilmiş əşyanın ödənilməsini tələb; 2) ödənilməmiş malın qaytarılmasını tələb etmək. İşin mübahisəsiz halıdır ki, iddiaçı avtomobili cavabdehdən geri almışdır. Belə olan halda iddiaçının həm də əşyanın ödənilməsini tələb etmək hüququ yoxdur. Eyni zamanda, müqavilə şərtlərinə nəzər saldıqda da satıcının avtomobili geri aldıqdan sonra əlavə olaraq avtomobilin alıcıda olduğu müddətə görə ödənilməmiş aylıq pul məbləğini tələb etməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının cavabdehdə qarşı əsas borc tələbi əsassızdır. Əsas borc tələbi əsassız olduğundan iddiaçının cavabdehə qarşı cərimə tələbi də təmin edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsaslanıb qeyd etmişdir ki,müqavilə üzrə alıcı tərəfindən üzərinə götürülmüş olan öhdəliyin tam icra olunmuş olması sübuta yetrilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan xx.xx.2024-cü il tarixli aktdan satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bu halın əksini sübutetmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən bu hala dair məhkəmə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Mcəllənin1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. İddiaçının sübut kimi təqdim etdiyi icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil edir. Göründüyü kimi, aktda qeyd edilmiş xidmətlər mühərrik yağının dəyişdirilməsi, hava filtrinin dəyişdirilməsi, kimyəvi təmizləmə, tam cilalanma, motorxananın kimyəvi təmizlənməsi və yuyulma xərclərdir ki, bu da zərər hesab edilmir. Çünki qeyd olunanlar mütəmadi olaraq hər bir avtomobil üçün nəzərdə tutulmuş xidmətlərdir. İddiaçının avtomobili təhvil aldıqdan sonra qeyd olunan prosedurları tətbiq edib cavabdehdən dəymiş ziyana görə pul tələb etməsi absurddur.Göründüyü kimi, iddiaçı tərəf yuxarıda qeyd edilən müqavilə üzrə cavabdehdən 532.34 manat zərər tələb etməkdə haqlı olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-393/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh 2304 manat əsas borc, 633.60 manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 532.34 manat olmaqla, ümumilikdə, 3469.94 (üç min dörd yüz altmış doqquz manat doxsan dörd qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu 54.7 (əlli dörd manat 70 qəpik) manatın alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1152/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1152/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver