Məhkəmə qərarları › İş №2(106)-1158/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1158/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1158/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, X17 oğlunun katibliyi, İddiaçı və cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızının iştirakları ilə, İddiaçı cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(049)-532/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri Rakim Heydərov ilə onun dostunun evinə getmişdir. Həmin vaxt əri Rakim demişdir ki, dostu Azər də onlarla birlikdə dostu Əlinin evinə getmək istəyir, onları da götürsünlər. Onlar yolda Azər və onun arvadı Əminəni maşına götürmüşlər. Söhbət zamanı o, Əminə ilə tanış olmuşdur. Həmin vaxt Əminə “Favorlic kasmetik”də işləmişdir. Əminənin əri Azər demişdir ki, Rakimin arvadı Sevinci, yəni onu da həmin şirkətə qoşsun və guya işləyib pul qazansın. O, isə demişdir ki, ehtiyac yoxdur. O, özü onlayn satışı həyata keçirir. Mal gətizdirib satır. Bundan sonra Əminə ilə bir-birlərinə nömrələrini vermişlər. Bir müddət sonra o, sutatusuna xalça qoymuşdur. Əminə ona zəng edib xalçaların satılıq olub-olmadığını soruşmuş o da demişdir ki, gətizdirib satır, Əminə ona xalçaları nisyə almağın mümkün olub-olmadığını soruşduqda o, nisyə sata biləcəyini demişdir. Sonra Əminə ona xalça sifariş verdirir, ondan xalçaları götürüb satır və həmişə vaxtında pulu verirdi. Sonra isə ondan digər əşyalar məsələn ətçəkən, pastel, qazan dəstləri və digər əşyalar da alıb satmış və pulunu vaxtında vermişdir. Bir dəfə Əminə 28 ədəd xalça sifariş vermişdir. O, 2021-ci ilin noyabr ayında həmin 28 ədəd xalçanı Əminə üçün sifariş vermişdir. Xalçalar bir neçə gündən sonra onların evinə gətirilmişdir. O, Əminəyə zəng edərək xalçaları götürməsini demiş və Əminə gəlib onlardan xalçaları götürmüşdür. Bundan sonra Əminə Cəlilabad rayon sakini Şəmistana həmin xalçaları vermişdir. Həmin xalçalar 14 ədədinin ölçüsü 1,50 metrin-2.30 metr və hər birinin qiyməti 300 manat, 6 ədədinin ölçüsü 2 metrin-3 metr və hər birinin qiyməti 350 manat, 1 ədədinin ölçüsü 4 metr və qiyməti 350 manat, 4 ədədinin ölçüsü 1 metrin-12 metr və hər birinin qiyməti 540 manat, 3 ədəd xalça isə 2.50 metrin-3.50 metrə olub və hər birinin qiyməti 300 manat olmuşdur. Həmin 28 ədəd xalçanın ümumi qiyməti 9710 manat məbləğ təşkil edib. Əminə ona həmin xalçaların pulunu verə bilmədikdə ondan mütəmadi olaraq əlaqə saxlayaraq xalçaların pulunu verməsini tələb etmişdir. Həmin vaxt Əminə ona demişdir ki, ona birdəfəlik olaraq pul ödəyə bilmir. Onu lotareya oyununa qoşsun, həmin oyunda o və qohumların da olsun. Ancaq o sənin yerinə hər ay pul qoyacaqdır. O pul qoymasın. Sonda isə onun pulu almaq vaxtın çatanda özü götürər. İddiaçı da onunla razılaşmış və öz qohumlarını da lotareyaya salmışdır. Qohumları isə X5, X6 və X10 olub. Digər adamlar öz pullarını vaxtı-vaxtında öz növbələri çatanda pullarını götürmüşlər. Lakin adlarını saldığı qohumlarının pulu götürmək vaxtı 2022-ci ilin avqust ayından başlayırdı. Yəni avqust ayında Sevda, sentyabr ayında o, özü, oktyabr ayında Tərbiyyə, noyabr ayında isə Müqabil pul götürməli idi. Lotereyanın da pulunu hər ay Əminə gəlib onlardan götürüb gedirdi. Avqust ayında Sevdanın pulu götürmək vaxtı çatanda Əminə ilə əlaqə saxlamaq mümkün olmamışdır. O Əminəni çox axtarsa da, bir daha tapa bilməmişdir. Bundan sonra qohumlarının lotereyaya verdikləri pulları da o özü işləyərək qaytrarmışdır. Lotaereyadan ona olan borcu isə 4000 manat təşkil edirdi. Əminənin ona olan ümumi borcu 13711 manat məbləğ təşkil etmişdir. O, qohumlarının borcunu qaytarandan sonra Əminə ilə əlaqə saxlamağa çox cəhd etsə də, bunun faydası olmamışdır. Bundan sonra o, əri Rakim ilə birlikdə Əminənin əri Azərin evinə gedərək müxtəlif xalçalar, qazan, ətçəkən maşın, pərdələr götürmüşdür. Əminənin evindən götürdüyü əşyalarının qiyməti 6211 manat məbləğ təşkil edir. Bundan sonra Əminənin ona olan ümumi borcu 7500 manat qalmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-532/2024 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) İddiaçı cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızına qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdeh iddiaçı ilə aralarında olan borc məbləğinin yarandığını, həmin məbləğin ümumilikdə 13711 manat təşkil etdiyini, həmin borcu qaytara bilmədiyindən onun, yəni iddiaçı tərəfindən onda olan qab-qacaq, pərdə, xalça və digər əşyaları geri götürməklə ümumilikdə 6211 manat dəyərində əmlakı götürməyini və yerdə qalan borcun 7500 olduğunu etiraf etməklə guya xalçaların Cəlilabad rayon sakini Şəmistanadlı şəxsə satmaq üçün verdiyini və həmin şəxsin də xalçaların pulu birbaşa ona verdiyini bildirsə də, cavabdehin əri Azərin Şəmistana qarşı Cəlilabad polis şöbəsinə verdiyi şikayət üzrə Lənkəran ŞRPŞ-də aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda olan Şəmistanın ifadəsində xalçaların pulunu ona deyil, Əminəyə verdiyini bildirməsi, həmin qərarın prosessual şəxs olmadığı üçün ona verilmədiyindən həmin qərarın surətinin məhkəmə tərəfindən Lənkəran ŞRPŞ-dən alınması barədə vəsatət verilsə də, hakim heç bir əsas gətirmədən həmin vəsatəti rədd etmişdir. Qərarı alıb iş materiallarına əlavə etməmiş və cavabdehin yalan danışmasını pərdələmişdir. Bundan başqa, cavabdehin məhkəmə baxışı iclasında guya o 7500 deyil, 2500 borcu olduğunu, həmin borcu da onun əri Rakimin "xxxx" ASC-yə məxsus olan plastik kart hesabına köçürdüyünü və qəbzi özündə saxlamadığını bildirdikdən sonra vəkili və onun tərəfindən həmin kart hesabından çıxarışın məhkəməyə təqdim edilməsi üçün fasilə verilməsi və ya sorğu verməklə həmin kart hesabından çıxarışın alınması üçün verilən vəsatətlər də hakim tərəfindən təmin edilməmiş, vəsatətin hansı səbəbdən təmin edilməməsi barədə də heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri məhkəmə tərəfindən olduğu kimi qeyd edilməmiş, onların ifadələri təhrif edilərək iddianın əsaslılığının sübutu hissəsində dəyişilmiş cavabdehin xeyrinə olan ifadələrlə əvəz edilmişdir. Bundan başqa, iddia ərizəsinə sübut növü kimi əlavə edilmiş “Whatsapp” ani yazışma sosial şəbəkəsində cavabdehlə aralarında olan yazışmalar və səs yazıları da məhkəmə iclasında araşdırılmamış, həmin araşdırmanın aparılmasına ehtiyacın olmamasını da qətnamədə qeyd edilməməklə əsaslandırılmamışdır. Habelə məhkəmə qəbul edilmiş qətnamədə aralarında olan borc məbləğinin 3000 manatdan çox olduğu və bununla bağlı olaraq aralarında yazılı borc müqaviləsinin olmadığını qeyd etsə də, həmin borcun aralarında olan nisyə-alqı satqı müqaviləsindən yarandığını unutmuş, iddianın predmetini borca verilən pul kimi qiymətləndirməyə çalışmışdır. Bundan əlavə, onun, vəkili və şahidlərinin verdiyi ifadələr və vəsatətlər “AZFEMİDA” proqramı vasitəsi ilə aparılmış videoçəkilişdə qeyd edilmişdir. Yəni verilən ifadələrin məhkəmə tərəfindən dəyişdirilməsi və vəsatətlərin qəbul edilməməsi “AZFEMİDA” proqramı vasitəsi ilə aparılmış videoçəkilişdə öz əksini tapır. Belə ki, məhkəmə iclasında ifadələr məhkəmənin qeyd edilən qətnaməsində dəyişdirilərək hakim tərəfindən məhkəmədə deyilən fikirlər yox, hakimin öz fikirləri əsasında yazılmışdır. Eyni zamanda, məhkəmə həmin məbləğin birdəfəlik satış üçün verilən əmlakların dəyəri olmadığını, hissə-hissə cavabdehə tərəfindən nisyə satış üçün mal verdiyini və cavabdeh isə həmin malların pulunu da hissəhissə alıb ona ödəməməklə borcun yığılıb 7500 manat yaranması hallarını araşdırmamışdır. İddiaçı əvvəlki məhkəmə iclasında bildirmişdir ki, o xalçaları satmaq üçün gətirir. Cavabdehə 28 ədəd xalça vermiş, o da həmin xalçaları Şəmistan adlı şəxsə vermişdir. Cavabdeh həmin xalçaların pulunu ona hissə-hissə verməli olduğu halda verməmişdir. Bu barədə polisə şikayət etmişlər. X3 da pulu cavabdehə verdiyini bildirmişdir. Cavabdeh bildirir ki, guya yoldaşının kartına pul atıb, lakin atmayıb. O ancaq xalçalarının pulunu istəyir. Lotoreya zamanı isə o yox, cavabdeh pul qoymuşdur. Sadəcə lotereyanın təşkilində o səbəbkar olduğu üçün pul istəyir. Hazırkı məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 9000 manat puldan 7500 manatı xalçanın puludur, lakin xalça və lotareyanın pulu qarışıq hesablanmışdır. Xalça 28 ədəd olmaqla öz qiymətində olmuş, 350 manatdan 4 xalça ona qaytarılmışdır. Cavabdehlə həmişə mal alqı-satqısı etmiş, belə ki, malları cavabdehə satmış, o da alıb həmin malları başqasına sataraq iddiaçıya pulunu qaytarmışdır. Ona hazırda xalçaların pulu maraqlıdır. Xalçaları cavabdehlə 8600 manat razılaşmış, daha sonra cavabdeh bazarda xalçaların daha ucuz olmasını öyrənmiş və razılaşdırılan qiymətə xalçaları sata bilməyəcəyini qeyd edərək Şəmistan adlı şəxslə razılığa gəlmişdir. Qeyd edir ki, xalçaları Şəmistan ondan yox, cavabdehdən götürmüşdür. Cavabdeh xalçaları Şəmistana satıb-satmamağı ilə bağlı fikir mübadiləsi apararkən iddiaçı telefonda ona Şəmistana aşağı qiymətə satmamasını bilmişdir. Lakin cavabdeh vəziyyətinin pis olduğunu, çıxılmaz vəziyyətdə qaldığını, başqa şəxsə sata bilməyəcəyini bildirdikdən sonra bu məsələni onun ixtiyarına buraxdığını bildirmişdir. Xalçaları öz pulu ilə “Sədərək Ticarət Mərkəzi”ndən götürürdü. Cavabdeh xalçanı götürəndə ona aylıq 50 manat verəcəyini bildirmişdir. Lakin borclarını ödəyə bilmədiyi üçün onu lotereyaya qoşmuşdur. Lotereyanı cavabdeh təşkil etmiş və iddiaçı ora pul qoymamışdır. Cavabdehin başqa borcları da var idi ki, həmin borcun qarşılığı olaraq iddiaçı onun evindən əşyalar götürmüşdür. Həmin əşyalar məişət əşyaları olub. Onun xalçaya heç bir aidiyyəti yoxdur. Həmin əşyaları cavabdehə nisyə vermiş, lakin o, borcunu qaytara bilməmişdir. Əşyaları cavabdehin yoldaşının yanında götümüşdür. Lotareya ilə bağlı bildirir ki, ordan baldızı 500, qaynanası 1000 manat götürüb. Pulu qaytarılmayan şəxslər dayısı, nənəsi və qonşusunun 200 manatı olub. Şəmistanla xalçanın qiyməti və satılması barədə heç vaxt danışmamışdır. Lakin borcu soruşduqda, Şəmistan xalçaların pulunu cavabdehə verdiyini bilirmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, ona iddiaçı tərəfindən 8600 manat dəyərində 26 ədəd xalça verilmişdir. Bazar qiyməti ilə müqayisədə həmin xalçalar daha bahadır və buna görə də, həmin xalçaları sata bilməmiş, mallar “əlində qalmışdır”. Bundan sonra xalçaları iddiaçıya qaytarmaq istəmiş, lakin iddiaçı xalçaları götürməmişdir. O da məcbur olub, Şəmistan adlı şəxsə dəyərindən aşağı qiymətə satmışdır. Şəmistan xalçaları 3500 manata dəyərləndirmiş və bu qiymətə razılaşıb ona satmışdır. Xalçaların hamısını Şəmistan aparmışdır. O, xalçaları Şəmistana qeyd edilən qiymətə verib-verməməklə bağlı iddiaçıdan soruşmuş, iddiaçı isə xalçaların ucuz qiymətə istənildiyini bildirmişdir. Onun iddiaçıya xalça pulu borcundan qalan 6000 manat borcunu hissə-hissə ödəyirdi. Xalçadan başqa alverləri də olmuş, satdıqca onun pulunu qaytarmışdır. Lakin onun borcunu ödəyə bilmədiyinə görə iddiaçı borcun qarşılığı olaraq gəlib evdən onun əşyalarını götürmüşdür. Əşyalar götürüləndə özü orda olmamışdır. Həmin əşyaların dəyəri 6000 manat məbləğ təşkil edir. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-532/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İ Ş İ N H A L L A R İ: Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, Sevinc ilə Əminənin arasında alver olduğunu bilmişdir. X11 borcu olduğunu bilmişdir. Əminənin Sevincə olan borcunu verə bilmədiyi üçün Əminənin təklifi ilə lotereya oynamağı təklif etmiş və Sevinc də bununla razılaşmışdır. Sevincin təklifi ilə o da, lotereyaya qoşulmuş və 1000 manat məbləğdə pul vəsaiti ödəsə də, sonradan Əminədən xəbər tuta bilməmiş və o öz pulunu geri ala bilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid X10 bildirmişdir ki, Sevinc ilə Əminənin arasında alver olduğunu bilmişdir. X11 borcu olduğunu bilmişdir. Əminənin Sevincə olan borcunu verə bilmədiyi üçün Əminənin təklifi ilə lotereya oynamağı təklif etmiş və Sevinc də bununla razılaşmışdır. Sevincin təklifi ilə lotereyaya qoşulmuş və 1000 manat məbləğdə pul vəsaiti ödəmişdir. Sonradan avqust ayında Əminədən xəbər tuta bilməmişlər. Sonradan Sevinc özü onun pulunu ona ödəmişdir. Birinci instansiya məhkəməsində şahid X12 bildirmişdir ki, Sevinc ilə Əminənin arasında alver olduğunu bilmişdir. Belə ki, o, arvadı Sevinc ilə dostunun evinə gedərkən Əminənin əri Azər ona zəng edərək o da, onun dostunun evinə getmək istədiyini demişdir. Onlar birlikdə yəni o, arvadı Sevinc, Azər və Azərin arvadı Əminə birlikdə maşın ilə getmişlər. Həmin vaxt yolda Azər arvadı Əminənin kasmetik vasitələr satdığını bildirir və Sevincə Əminədən kasmetik vasitələr alıb-satmağı təklif edir. Bu zaman Sevinc ehtiyacının olmadığını, onun özünün də alver etdiyini bildirir. Bu zaman Əminə Sevincdən nə satdığını soruşur və Sevinc də ona məişət əşyaları satdığını bildirir. Əminə ilə onun arvadı Sevinc bu minvalla tanış olmuşlar. Həmin vaxt onların arasında münasibət yaranmış və alver etməyə başlamışlar. X21 müəyyən məişət əşyaları sifariş edərək nisyə götürmüş və sonra pullarını ödəmişdir. Bir müddət bu qaydada alver etdikdən X21 xalça sifariş vermişdir. Xalçaları Əminə onların evindən götürüb aparmışdır. Lakin Əminə xalçaların isə pulunu verməmiş və borcu ondan tələb etsələr də, ala bilməmişlər. Bundan X21 lotereya oynamağı təklif etmişdir. Əminənin təklifinə görə lotereya pulunu Sevinc verməzdi və onun əvəzinə Əminə pul qoyacaqdı. Həmçinin sonda Sevincin növbəsi çatanda 1000 (min) manat məbləğində pulu Sevinc götürəcəkdi və beləcə Əminə Sevincə olan borcunu azaldacaqdı. Əminəninm təklifinə əsasən Sevinc özünün digər qohumlarını lotereya oyununa qoşmuşdur. Əminə hər ay onun qohumlarından pulu yığıb getmişdir. Avqust ayında onların pul götürmək növbəsi gəldikdə isə Əminəni tapa bilməmişlər. Bütün bunlar nəticısində Əminənin Sevincə 13000 manata yaxın borcu yaranmışdır. Əminəni çox axtarsalar da, tapa bilməmişlər. Nəhayət, Azərlə danışaraq razılaşmışlar ki, Sevincin Əminəyə verdiyi və Əminənin sata bilmədiyi əşyaları gəlib götürsünlər. Azərlə razılaşdıqdan sonra o və Sevinc Əminənin evinə gedərək müəyyən əşyaları götürmüşlər. Birinci instansiya məhkəməsində cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı əri Rakim onun evində qapı düzəltmişdir. Bundan sonra Rakimin vasitəsilə Sevinci tanımışdır. Sonradan Sevinclə onun arasında müəyyən alış-veriş olmuşdur. Belə ki, o, Sevincdən nisyə qabqacaq və xalça almışdır və mütəmadi olaraq onların pulunu tamamilə ödəyib qurtarmışdır. Sonuncu dəfə Sevinc onun evinə gələrək, ona qalan borcuna dair müəyyən məişət əşyalarını yığıb aparmışdır. Sevincin onun evindən apardığı məişət əşyalarının dəyəri ona olan borcundan da artıq məbləğ təşkil etmişdir. Aralarında olan lotereya oyunu nəticəsində də Sevincə və onun qohumlarına heç bir borcu qalmamışdır. Hal-hazırda İddiaçı heç bir borcu qalmamış və hazırkı iddia tələbi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, iş üzrə İddiaçı onun arvadıdır. Əminənin evində plastik qapı quraşdırmışdır. Sonradan Əminə onun vasitəsilə arvadı Sevinclə tanış olmuşdur. Bundan sonra Əminə ilə Sevincin arasında qab-qacaq və xalça alveri olmuş və Əminənin Sevincə 7500 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun gəlinidir. Ona məlumdur ki, Sevinc “Sədərək” ticarət mərkəzindən qab-qacaq, xalça gətirib satırdı. Cavabdeh onun gəlini Sevincdən nisyə olaraq qab-qacaq və xalça alıb aparırdı. Əminənin Sevincə borcu olduğunu bilir, amma həmin borcun nə qədər olduğunu bilmir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qohumudur. Sevincin Əminə ilə münasibəti olduğunu və onların arasında xalça alveri olmasını bilmişdir. Əminənin Sevincə borcu olduğunu eşitmiş, amma həmin borcun hansı məbləğdə olduğunu bilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, daxil olmuş ərizə ilə bağlı izahatının alınmasından ötrü Əminə adlı qadının mobil nömrəsinə zəng edib barəsində daxil olmuş şikayətin mahiyyəti ona izah edilməklə Lənkəran ŞRPŞ-yə gəlməsi bildirilsə də, hazırda işləri ilə bağlı Sumqayıt şəhərində olduğunu, Müqabil Kazımovun lotareya pulunun onda olduğunu, onu aldatmaq fikrinin olmadığını, rayona gələndən sonra pulunu verəcəyini, hazırda işi ilə bağlı gələ bilməyəcəyini bildirmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən ona yaranmış borcuna dair 7500 manat məbləğində pul vəsaitini tələb edir. İddiaçı cavabdehin ona olan həmin borcunun nisyə alış-veriş zamanı və lotereya borcundan yarandığını əsaslandırır. Cavabdeh isə iddiaçıya heç bir borcunun olmadığını və iddia tələbinin əsassız olduğunu bildirir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə həmin halları sübut etmək üçün heç bir mötəbər sübut - qəbz, müqavilə, iltizam və s. məhkəməyə təqdim etməmişdir. Hazırda iddia tələbində qeyd edilən borc 7500 manat, yəni 3000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. Həmçinin tərəflər arasında əşyaların nisyə alqı-satqısına dair də müqavilə bağlanmamışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində cavabdehin iddiaçıya borcunun olduğunu bildirməklə, həmin borcun dəqiq hansı əsasla və hansı hesablamanın nəticəsində yarandığını bilmədiklərini qeyd etdilər. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında elan edilməklə tədqiq edilən “Whatsapp” ani mesajlaşma sistemindən olan danışıqların çıxarışlarından da iddia tələbində qeyd edilən borc məbləğinin yaranma əsası və iddia tələbinin əsaslandırılması müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Tətbiqedilənhüquq: Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinin tələbinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmini istiqamətində iddiaçı tərəfindən məhkəməyə müvafiq sübutlar (iddiaçının izahatı, şahid ifadələri, cavabdehin iddiaçı tərəfindən 8600 manat dəyərində xalça verilməsi barədə izahatı və s.) təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş bütün mötəbər sübutları hərtərəfli şəkildə araşdırmayaraq iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməmişdir. Belə ki, kollegiya diqqətə çatdırır ki, işin mübahisəsiz hallarına əsasən iddiaçı öz iddia tələbində cavabdehdən ona verdiyi xalçanın dəyəri qismində 7500 manat pulunu istəyir. Belə ki, iddiaçı cavabdehə 8600 manat dəyərində 26 ədəd xalçanı nisyə qaydada satmış və cavabdeh isə həmin xalçaların dəyərini onları satıb pul əldə etdikcə hissə-hissə olmaqla, qaytarmalı olmuşdur. Bu fakt birinci instansiya məhkəməsində cavabdehin izahatı ilə də müəyyən edilmişdir. İşdən açıq-aşkar görünür ki, tərəflər xalçaları konkret qiymət üzrə razılaşmış və onlar cavabdehə 8600 manat məbləğə nisyə satılmışdır. Cavabdeh həmin xalçaları Cəlilabad rayon sakini X3 ilə 3500 manata razılaşaraq sonuncuya satmışdır. Cavabdeh adıçəkilən xalçaları satarkən iddiaçı ilə məsləhətləşdiyini desə də, iddiaçı həmin qiymətin ucuz olduğunu bildirmişdir. Bu baxımdan da, onların satılması zamanı gəlir və ya zərər üçün də məsuliyyəti məhz cavabdeh daşıyır. İddiaçı ilə hər hansı qiymətlə əlaqədar məsləhət etmək cavabdehin iddiaçı qarşısında məsuliyyətini qarşılamır. Qeyd edilməlidir ki, tərəflər arasında 8600 manat dəyərində qiymətləndirilən xalçaların baha qiymətə satılması zamanı da əldə edilmiş gəlir də cavabdehə qalacaqdı. Bununla yanaşı, diqqətdən qaçırılmamalıdır ki, cavabdeh öz izahatında xalçadan başqa alverinin də olduğunu və satdıqca iddiaçıya olan borcundan ödənişlər etdiyini göstərmişdir. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçıdan 8600 manat dəyərində nisyə aldığı 26 ədəd xalçanın pulunun iddiaçıya ödənildiyini, eləcə də qalan dəyərinin iddiaçı tərəfindən aparılmış digər əşyalar – məişət avadanlıqları hesabına ödənildiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Habelə işin mübahisəsiz hallarından iddiaçı tərəfindən cavabdehə xalçadan əlavə müxtəlif məişət əşyalarının da verildiyi məlumdur. İddiaçı da özlüyündə həmin əşyaların deyil, məhz xalçanın dəyərini tələb etdiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 532/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, 7500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 95 manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 49,60 manat, ümumilikdə 144,60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(049)-532/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Əliyeva (Vəlizadə) Əminə Əliağa qızından 7500 (yeddi min beş yüz) manat məbləğində, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 95 (doxsan beş) manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 49 (qırx doqquz) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar