Məhkəmə qərarları › İş №2(106)-1185/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1185/2023

03.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1185/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli 031837 nömrəli akt əsasında əsassız olaraq hesablanmış 853,56 manat məbləğində əlavə ödənişin silinməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)-594/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)-594/2023 saylı qətnaməsi ilə (hakim Aqil Musayev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli 031837 nömrəli akt əsasında əsassız olaraq hesablanmış 853,56 manat məbləğində əlavə ödənişin silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)- 594/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli 031837 nömrəli akt əsasında 883,29 manat məbləğində hesablanmış əlavə ödənişin silinməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları onun ünvan 1 ünvanında yerləşən yaşadığı evə quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirərkən, ona guya sayğaca müdaxilə etdiyini və yaşadığı evə sayğacdan kənar elektrik xətti çəkdiyini demiş, sonradan onun iştirakı olmadan barəsində guya elektrik enerjisindən istifadə qaydalarını pozması haqqında tərtib etdikləri 22 fevral 2023-cü il tarixli 031837 nömrəli akt əsasında 883,29 manat məbləğində əlavə ödəniş hesablamışlar. Sonradan həmin akt ona təqdim ediləndə orada göstərilənlərlə razı olmadığına görə akta imza etməkdən imtina etmişdir. Çünki o, həmin sayğaca müdaxilə etməmiş, alt qapaq möhürünün simini qırmamış, yaşadığı evə sayğacdan kənar elektrik xətti çəkməmişdir. Həmin sayğac yaşadığı evin həyətindən çöldə, hasara bərkidilmiş vəziyyətdə quraşdırıldığına, sayğacın daxil edildiyi dəmir qutunun qapısı əvvəldən açıq vəziyyətdə olduğuna və həmin qutunun açarı ona cavabdeh olan enerji təchizatı müəssisəsi tərəfindən təhvil verilmədiyinə görə sayğacla bağlı yaranmış xətaya görə o deyil, cavabdeh məsuliyyət daşıyır. Göstərdiklərinə əsasən cavabdehin əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş 22 fevral 2023cü il tarixli 031837 nömrəli aktı və hesablanmış əlavə ödənişi qanunsuz hesab edir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsinə verdiyi yazılı etirazında göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış keçirərkən sonuncunun sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsini aşkar etdiklərinə görə iddiaçının barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən 031837 nömrəli akt tərtib etmişlər. Habelə, 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış keçirərkən faza və “0” xətləri arasında 12 Amper fərqin olması, beləliklə də sayğacın qoşulma sxemində səhv olmasını müəyyən etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəyə dair onlar tərəfindən mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim olunmuş vidoçəkilişdən də məlum olur ki, həqiqətən abonent sayğacdan birbaşa kənar xətt vasitəsi ilə istifadə edir və bu fakt öz təsdiqini tapır. Beləliklə də, həmin mülki iş tam, hərtərəfli araşdırılmamış, sübutlar düzgün tədqiq edilməmiş, maddi və prosessual normalar pozulmaqla qətnamə qəbul edilmişdir. İddiaçı məhkəmədə izahatında cavabdehin apellyasiya şikayətinini qəbul etməyərək Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)-594/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin mübahisələndirdiyi aktın hal şahidləri tərəfindən imzalanmadığı üçün əsas sayıla bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)-594/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli 031837 nömrəli aktın surətindən görünür ki, cavabdeh iddiaçının Füzuli rayonu Qayıdış-8 qəsəbəsində yaşadığı evə quraşdırılmış 03787799 nömrəli elektrik sayğacına baxış keçirilərkən sayğacın faza və “0” xətləri arasında 12 Amper fərqin olmasından ibarət müəyyən edilmiş halın iddiaçının yaşadığı evə sayğacdan kənar faza xətti çəkməsi, iddiaçının qonşuluğunda yaşayan digər abonentin yaşadığı evə quraşdırılmış 03589257 nömrəli elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması və alt qapaq möhürünün siminin qırıq olması nəticəsində baş verməsi ilə izah etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün simini qırmadan sayğacın qoşulma sxeminə müdaxilə etməsi, sayğacın faza və “0” xətləri arasında fərq yaratmasını tamamilə absurddur və cavabdehin iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasını sübut edə bilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün simini qırmadan sayğaca müdaxilə etməsi və sayğacın qoşulma sxemini pozmasının hansı qaydada mümkün olmasını izah edə bilmədiyini də nəzərə almışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, işdə olan iddiaçının izahatı və iş materiallarına əlavə edilmiş “Disk”dəki videoçəkilişə əsasən iddiaçı tərəfindən sayğacdankənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən “Disk”dən aşkar olur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ona məxsus elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etmiş və buna görə də, onun barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən 031837 nömrəli akt tərtib edilmişdir. Bundan əlavə, elektrik sayğacına baxış keçirərkən faza və “0” xətləri arasında 12 Amper fərqin olması, həmin sayğacın qoşulma sxemində səhv olması müəyyən edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, videoçəkilişdən də aşkar görünür ki, ona məxsus sayğaca İddiaçı şəxsən iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt istehlakçı İddiaçı 22 fevral 2023cü il tarixli 031837 nömrəli aktı imzalamaqdan imtina etmiş, yol verilmiş pozuntu texniki vasitə olan videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Buna baxmayaraq, İddiaçı tərtib edilmiş akt barəsində öz izahat və ya mülahizələrini təqdim etməmiş, habelə onu imzalamaqdan imtina etməsinin səbəblərini göstərməmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, işə əlavə edilmiş “Disk”də öz əksini tapan videogörüntüdən isə həmin qoşulmanın gizli deyil və hər kəsin görə biləcəyi açıq yerdə olması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)-594/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli 031837 nömrəli akt əsasında əsassız olaraq hesablanmış 853,56 manat məbləğində əlavə ödənişin silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(064)-594/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli 031837 nömrəli akt əsasında əsassız olaraq hesablanmış 853,56 manat məbləğində əlavə ödənişin silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar