Məhkəmə qərarları › İş №2(106)-1187/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1187/2023

15.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1187/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (İB) qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat debitor borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 31 avqust 2022-ci ildə onun xəbəri olmadan “Azəriqaz” X2 xidmət sahəsinin işçiləri Saatlı rayonu Sarıcalar kəndində yerləşən evinə gələn qaz xətti üzərində quraşdırılmış qaz sayğacına növbəti dövlət yoxlaması adı ilə baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 31 avqust 2022-ci il tarixli ******* saylı akt tərtib edərək köhnə qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Bundan sonra ona məlum olmuşdur ki, “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli əməkdaşları onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər və həmin aktın əsasında ona 1036,80 manat borc hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də köhnə sayğacın giriş membranının kənar təsir nəticəsində deşilməsi göstərilmişdir. O, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktı və həmin akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər. Birinci instansiya məhkəməsində cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, İddiaçı yaşadığı evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş, sayğac yoxlanılması üçün açılaraq “Azəriqaz” İB Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən köhnə sayğacın giriş membranının kənar təsir nəticəsində deşilməsi məlum olmuş, faktla bağlı “Azəriqaz” X3 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə İddiaçı Saatlı XS-nin abonent bazasındakı **********04450 nömrəli abonent koduna (abonent saldosuna) 1036,80 manat borc əlavə edilmişdir. Həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) 12 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********04450) əlavə edilmiş borcun silinməsi, 30 (otuz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi iddiaçının istifadəsində olan G-4 markalı 10353619 saylı qaz sayğacına, onun tərəfindən əsassız olaraq müdaxilə edilməsini aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən bütün hallar yoxlanılmamış və müvafiq araşdırılmanın aparılması məqsədilə ekspertiza təyin edilməmişdir. İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Tərəflərə müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən 31 avqust 2022-ci il tarixli aktla çıxarılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 sentyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, köhnə sayğacın giriş membranının kənar təsir nəticəsində deşilməsi məlum olmuşdur. Akt üzrə 01 oktyabr 2022-ci il tarixli qərarla 90 gün müddət üzrə dəymiş ziyana görə 8640 m3 sərfiyyat hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sayğacın yararsız olmasında iddiaçının təqsiri sübuta yetirilməmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən istehlakçı məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, 90 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Hazırkı halda sayğacın nasazlığı barədə aktın və borcun hesablanması üzrə qərarın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(055)-406/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar