Məhkəmə qərarları › İş №2(106)-119/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-119/2024

01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-119/2024 01.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən, məruzəçi), X13 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızının iştirakları ilə, İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 03 avqust 2023-cü il tarixli, 2(018)-532/2023 saylı qətnaməsindən üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon notariat Ofisinin notariusu X6 notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsini Astara rayon notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən sonradan ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə dəyişiklik edilməsi və mərhum anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə miras əmlakına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnamə çıxararkən mərhum anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, o cümlədən harada yerləşməsindən asılı olmayaraq mərhum anası X7 məxsus əmlaklarına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Ərçivan qəsəbəsinin sakini X8 anasıdır. xx.xx.2020-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində vəfat etmişdir. Anası ölkədə karantin olduğu vaxtda vəfat etmiş və həmin vaxtdan Astara rayonun Ərçivan qəsəbəsində olan anası X7 məxsus fərdi yaşayış evində yaşamaqla təsərrüfatını idarə etdiyini bildirmişdir. X1 Astara rayonun Ərçivan qəsəbəsində yerləşən miras əmlakının rəsmiləşdirilməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü Astara rayon notariat ofisinə müraciət etmişdir. Astara rayon notariat Ofisinin notariusu X9 notariat hərəkətini aparmaqdan imtina edilməsinə dair 11 avqust 2022-ci il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətini təmin etməmişdir. Qərarda imtinanın əsası kimi mirasın faktiki qəbulu barədə hər hansı bir sübut təqdim edə bilməməyi ilə əsaslandırılmışdır. Qeyd etmişdir ki, anası X8 ona yəni İddiaçı 21 avqust 2019-cu il tarixli vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnaməyə görə ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakları o cümlədən bütün hüquqlarını ona vəsiyyət etmişdir. O, anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən miras əmlaklarını qəbul etmiş, anasının ölümündən sonra 0.04 hektar torpaq sahəsində yerləşən anası X5 məxsus yaşayış evində yaşayır. Bunları iddia ərizəsinə əlavə edilmiş Astara rayon İHB-nın Ərçivan qəsəbəsinin icra nümayəndəliyinin arayışları ilə təsdiq edir. Həmin arayışlarla təsdiq olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 mülkiyyətində olmuş, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə rəhbərlik edir və hal-hazırda da həmin evdə yaşayır. Vərəsəlik arayışı da, bunları bir daha təsdiq edir. Digər sübut kimi tələb olunsa məhkəməyə şahidlərdə gətirə biləcəyini bildirmişdir. Qeyd etdiyi sübutlara əsasən anası X3 miras qalmış əmlaklarını qəbul edilmiş hesab edir və mərhum anası X7 məxsus Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, o cümlədən harada yerləşməsindən asılı olmayaraq mərhum anası X7 məxsus əmlaklarına dair vərəsəliyin qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(018)-532/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X2 miras qalmış JN 701A KOD 80100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu Ərçivan kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin və digər daşınmaz əmlakların miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Qətnamədən üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci insansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aydan Xəlil-zadə əlavə olaraq göstərmişdir ki, vaxtilə atası Moskvada olan evlərini sataraq Bakı şəhərində ayrı-ayrı ünvanlarda 3 ev almışdır. Atası 2013-cü ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra evləri vərəsəlik yolu ilə onun, qardaşının və nənəsi Vəciyənin adına keçmiş və reyestrdə onların hər birinin payları müəyyən olunmuşdur. Hazırda əmisi olan iddiaçı onlara məxsus olan hər 3 evdə nənəsi Vəciyənin payının hissəsindən pay tələb edir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, anası Vəciyədən qalan bütün miras əmlakdan payını istəyir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh Astara rayon Notariat Ofisinin nümayəndəsi hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və izahatı, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(018)-532/2023 saylı qətnaməsi ləğv edilməli, işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırda mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Astara Rayon Məhkəməsi iddianı təmin etmişdir. Astara Rayon Məhkəməsi iddianı təmin edərkən, mülki qanunvericiliyin mirasın qəbul edilməsi müddətlərini əsaslanmış, həmin maddi hüquq normalarını tətbiq etmişdir. Hazırda müəyyən edilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmış və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilmişdir. Qərar rəsmi dövlət qəzeti olan Respublika qəzetində 28 dekabr 2023-cü il tarixdə dərc edilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında vurğulanmışdır ki, oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən hazırkı iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi üçün əsas hesab edilmiş maddi hüquq norması qüvvədə düşmüş hesab edildiyindən, hazırkı işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfə izah edir ki, vərəsəliyin qəbulu ilə bağlı qanunla müəyyən edilmiş qaydada yenidən Notariat Ofisinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(018)-532/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi tələbinə mülki işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Üçüncü şəxs Xəlil-zadə Aydan Qalib qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(018)-532/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Astara Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsi tələbinə mülki işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar