Məhkəmə qərarları › İş №2(106)-1201/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1201/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1201/2024 24.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2793/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 716- GL/15 nömrəli müqavilə üzrə yaranmış 8200 manat gecikdirilmiş borcun, hesablanmış 12058,70 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat vəsaitin, cəmi 20558,7 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 716-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2015-ci il tarixli, 716-GL/15 nömrəli müqavilə üzrə 8200 manat gecikdirilmiş borc və hesablanmış 12058,70 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Həmçinin, hüquqi yardımın göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 716- GL/15 nömrəli müqavilə üzrə yaranmış 8200 manat gecikdirilmiş borcun, hesablanmış 12058,70 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat vəsaitin, cəmi 20758,7 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hüquqi yardıma görə ödənilən məbləğin həcmi 300 yox, 500 manat təşkil edir. İddia ərizəsi tərtib edilərkən mexaniki yanlışlığa yol verilmişdir. İmişli Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(036)-2793/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 716-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 8200 manat əsas borcun və 33 manat cərimənin tutulub iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(036)-2793/2023 saylı qətnaməsinin hüquqi yardım ilə bağlı təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hüquqi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, AR KTN Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə bilavasitə və ya "xxxx" MMC tərəfindən vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən hüquqi xidmət haqqının məbləğinə dair sübut təqdim etməmişdir. Ona görə də xx.xx.2015-ci il tarixli 716-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 8200 manat əsas borc, iki dəfə gecikdirilən lizinq ödənişi məbləğlərinə görə müvafiq olaraq 21,90 (3,65x0,1x60) manat və 10,950 (3,65x0,1x30) manat tutulub iddiaçı AR KTN Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. Məhkəmənin mövqeyi tamamilə qanunsuz və əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İş materiallarına əlavə edilmiş etibarnamədən də göründüyü kimi, vəkil Agentliyi təmsil edir, onun adından iddia qaldırır və digər hərəkətləri həyata keçirir. Həmçinin, vəkil ilə bağlanmış müqaviləyə əsasən öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bununla yanaşı, iş materiallarında olan “Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” Sazişə əsasən, "xxxx" MMC Agentliyin adından məhkəmə-hüquq xidmətlərinin hayata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün vəkillərə etdikləri yardım üçün ödənilən xərc kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “Sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin iş materiallarında olan vəkilin göstərdiyi hüquqi yardım müqabilində ona ödənilmiş 500 manat vəsaitin ödəniş qəbzinin olmasına baxmayaraq, məhkəmə həmin faktı nəzərə almamışdır. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin cavabdehdən tutulması ilə bağlı məsələyə hüquqi qiymət verərkən heç bir qanunvericilik normasına istinad etməməsi və əlavə heç bir hüquqi əsaslandırma aparmaması məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Eyni zamanda, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin ödənilməsinin rədd edilməsi əsassız olduğuna görə ləğv edilməlidir. MPM-in 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Buna görə də hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğundur. Bununla yanaşı, iş materiallarında olan vəkilin göstərdiyi hüquqi yardım müqabilində ona ödənilmiş 500 manat vəsaitin ödəniş qəbzinin olmasına baxmayaraq məhkəmə həmin faktı nəzərə almamışdır. Beləliklə, məhkəmə qanunvericilik normasının tələblərinə riayət etməmişdir. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin ödənilməsinin rədd edilməsi əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin hüquqi yardım ilə bağlı təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddia tələbinin hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulmasının rədd edilməsi hissəsində yoxlanılır. İş materiallarından görünür ki, iddiaçı digər tələbləri ilə yanaşı, həm də hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin də cavabdehdən tutulmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə bilavasitə və ya "xxxx" MMC tərəfindən vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən hüquqi xidmət haqqının məbləğinə dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də qətnamə hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, işdə surəti olan sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə 27 may 2021-ci il tarixli, 1 nömrəli sazişdən görünür ki, həmin sazişə əsasən icraçı sifarişçinin adından məhkəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan sifarişçiyə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. İş materiallarının 17-ci vərəqində olan ******* nömrəli, 28 sentyabr 2023-cü il tarixli vəkil orderindən görünür ki, Cavabdeh qarşı iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə hüquqi yardımın göstərilməsi üçün Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə1 ilə 28 sentyabr 2023-cü il tarixli, 959 nömrəli müqavilə bağlanmışdır. İşdəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, bu etibarnamə ilə Agentlik məhkəmə orqanlarında təmsilçiliklə bağlı müvafiq səlahiyyətləri 1 il müddətinə Nümayəndə1 həvalə etmişdir. İş materiallarının 53-cü vərəqində olan 23 oktyabr 2023-cü il tarixli, 000İPX12329653FD nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat məbləğində vəsait köçürülmüşdür. Köçürmənin əsası kimi Cavabdeh qarşı iş üzrə hüquqi yardım göstərilməsi üçün Xırdalan şəhər Vəkil Bürosu ilə bağlanmış 28 sentyabr 2023-cü il tarixli, 959 nömrəli müqavilə göstərilmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçının iş üzrə bilavasitə və ya "xxxx" MMC tərəfindən vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən hüquqi xidmət haqqının məbləğinə dair sübut təqdim etməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin müəyyən edilən hallarına uyğun deyil. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya hüquqi yardımın göstərilməsinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə1 ilə 28 sentyabr 2023-cü il tarixli, 959 nömrəli müqavilə bağlanmış, iddiaçı tərəfindən Nümayəndə1 28 sentyabr 2023-cü il tarixli etibarnamə verilmiş, məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə 27 may 2021-ci il tarixli, 1 nömrəli sazişə uyğun olaraq "xxxx" MMC-nin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, iş materiallarından görünür ki, Nümayəndə1 iddiaçıya hüquqi yardımın göstərilməsi çərçivəsində iddia ərizəsinin tərtib edilərək imzalanması ilə yanaşı, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 16 oktyabr 2023-cü ildə, 22 oktyabr 2023-cü ildə və 28 noyabr 2023-cü ildə ərizələr vermiş, 26 noyabr 2023-cü ildə ödəniş tapşırığı ilə bağlı sübutu təqdim etmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil Nümayəndə1 tərəfindən müvafiq işlər görülmüşdür. MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. MPM-in 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.5-ci və 115.0.6-cı maddələrinə görə, nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası işin yuxarıda müəyyən edilmiş hallarını və vəkilin göstərdiyi yardımın həcmini nəzərə alaraq belə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti ağlabatan hesab edilməli, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 500 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(036)-2793/2023 saylı qətnaməsi qismən – hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. Hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar