Məhkəmə qərarları › İş №2(106)-1203/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1203/2023

22.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1203/2023 22.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Kamil oğlu Həsənov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X8, Cavabdeh1, maraqlı tərəf Maraqlı şəxs3 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətində olan torpaq sahəsini 2500 (iki min beş yüz) manata X1. X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 qeydə alınmış 20 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, cavabdehlərin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 13 oktyabr 1981-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından Cavabdeh2 anadan olmuşdur. Cavabdeh1 ilə aralarında olan nikah 20 iyun 2013-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə olduğu vaxtda Cavabdeh1 Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi almış və onlar həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikmişlər. Cavabdeh ondan xəbərsiz 20 noyabr 2013-cü il tarixdə həmin 0,08 hektar torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs2 satmışdır. Maraqlı şəxs2 isə həmin torpaq sahəsini 30 noyabr 2013- cü il tarixli bağışlanma müqaviləsinə əsasən anası Maraqlı şəxs3 bağışlamışdır. Hesab edir ki, cavabdeh torpaq sahəsini qanunsuz olaraq onun razılığı olmadan satmışdır. Çünki həmin torpaq sahəsi onların birgə nikahı dövründə əldə etdikləri əmlakdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, o, iddiaçı X7 13 oktyabr 1981-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onlar arasında olan nikah 20 iyun 2013-cü il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra o, 07 noyabr 2013-cü il tarixdə Astara rayonu Şahağacı kəndində yerləşən 0,08 hektar torpaq sahəsi əldə etmiş və bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Bundan sonra o həmin torpaq sahəsini 20 noyabr 2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X2. Torpaq sahəsini 07 noyabr 2013-cü il tarixdə əldə edərkən o, Əbdülnasirlə nikahda olmamışdır. Birinci instansiya məhkəməsində Maraqlı şəxs3 izahatında bildirmişdir ki, Maraqlı şəxs2 onun oğludur. O, Astara rayonu Şahağacı kəndində yerləşən, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən 0,08 hektar torpaq sahəsini 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manata Cavabdeh1 almış, sonra isə 30 noyabr 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Oğlu həmin torpaq sahəsini alarkən həmin torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh2, maraqlı şəxslər Maraqlı şəxs2, Astara Notariat ofisinin nümayəndəsi və 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Alqı-satqı müqavbiləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi tələbinə dair” iddiası əsassız olduğuna görə rədd edilmişdir. Qətnamədən iddiaçı X7 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, mülki iş materiallarına əlavə edilmiş JN-714 A kod 80112018nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamə saxtadır. Onun da cavabdeh kimi mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ vardır. Lakin cavabdeh ondan xəbərsiz həmin daşınmaz əmlakı qanunsuz olaraq satmışdır. Onun bundan məlumatı olan kimi məhkəməyə müraciət etmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən maraqlı tərəf Maraqlı şəxs3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram göndərək, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs2, Astara Notariat ofisinin nümayəndəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarından aşağıdakılar müəyyən edilmişdir: X7 ilə Cavabdeh1 arasında nikah Astara rayonu Şahağacı kənd icra nümayəndəliyində 13 oktyabr 1981-ci il tarixdə 43 nömrə ilə qeydə alınmışdır. Onların arasında olan nikah 20 iyun 2013-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 və X4 mülkiyyətinə Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onların ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmi, bu barədə mülkiyyət hüququnu təsdiq edən 07 noyabr 2013-cü il tarixli çıxarış verilmişdir. Astara rayon İHB-nın Astara rayon Şahağacı kənd İƏD üzrə nümayəndəliyinin 15 may 2020-ci il tarixli arayışından məlum olur ki, Maraqlı şəxs3 ona məxsus olan 0,08 hektar torpaq sahəsində 2017-ci il tarixdə yaşayış evi inşa etmişdir. 20 noyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətində olan torpaq sahəsini 2500 (iki min beş yüz) manata X1. 30 noyabr 2013-cü il tarixli, reyestrdə 4Ə-767 nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsinə əsasən X15 mülkiyyətində olan Astara rayonu Şahağacı kəndi ərazisində yerləşən 0,08 hektar yaşayış məntəqələri torpaqlar kateqoriyasından torpaq sahəsini Maraqlı şəxs3 bağışlamışdır. Astara rayonu Şahağacı kəndi ərazisində 0,08 hektar torpaq sahəsinə dair Maraqlı şəxs3 mülkiyyət hüququnu təsdiq edən 25 noyabr 2013-cü il tarixli çıxarış verilmişdir. Hazırda iddiaçı 20 noyabr 2013-cü il tarixli alqı-satqı müqavilələrinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişlər. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tələbini alqı-satqı müqaviləsinin ləğv edilməsi tərzində ifadə etsə də mahiyyətcə müqavilənin etibarsızlığını iddia etmişdir. Belə ki, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı alqı-satqının predmeti olan torpaq sahəsini birgə nikah dövründə əldə edilmiş əmlak və ümumi birgə birgə mülkiyyət hesab etdiyini bildirməklə alqı-satqı müqaviləsinin etibarsızlığı müddəalarına əsaslanmışdır. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sözügedən torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğu halda iddiaçının tələbi keçərlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunun mənasına görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, habelə ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. daxildir. İşin hallarından müəyyən edilir ki, iddia edilən torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə gəliləri hesabına əldə edilən əmlak deyil. Toprpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 və X4 mülkiyyətinə əvəzsiz verilmiş əmlakdır. Ona görə həmin əmlak birgə nikah dövründə əldə edilmiş, birgə mülkiyyət hesab edilən əmlak deyildir. İddia edilən torpaq sahəsi Cavabdeh1 və X4 mülkiyyətində olmuşdur. Bundan başqa müəyyən edilir ki, X3 Federasiyası vətəndaşıdır. Onun mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Beləliklə, X7 torpaq sahəsinin mülkiyyətçisi olmamışdır, yaxud torpaq sahəsi birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməmişdir. Ona görə, onun torpağın alqısatqısına dair müqaviləni etibarsız saymaq barədə tələbi əsassızdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyətcə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qətetdi: İddiaçı X5 apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(018)-69/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar