Məhkəmə qərarları › İş №2(106)-1205/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1205/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1205/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı “əqdin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-758/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(041)-758/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia təmin edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(041)-758/2023 saylı qətnaməsinin surəti məhkəmənin 03 avqust 2023-cü il tarixli göndəriş məktubu ilə tərəflərə göndərilmişdir. Hazırda birinci instansiya məhkəməsi İddiaçı 06 iyun 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etdiyi apellyasiya şikayətini iş materiallarına əlavə etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(041)-758/2023 saylı qərardadı ilə İddiaçı Kürdəmir Rayon Məhkəməsinin 2(041)-758/2023 saylı, 27 iyul 2023cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə həmin qərardadında qeyd etmişdir ki, məhkəmənin qeyd olunan qətnaməsi 03 avqust 2023-cü il tarixli məktubla tərəflərə göndərilmiş, lakin qətnamənin rəsmi olaraq tərəflərə təqdim edildiyi vaxtı təsdiq edən sübut işə əlavə edilməmişdir. Mülki iş materialları 14 iyun 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin hazırda birinci instansiya məhkəməsi 27 iyul 2023-cü il tarixli qətnaməsindən 06 iyun 2024-cü ildə verilmiş apellyasiya şikayətini iş materiallarına əlavə edərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmiş, iddiaçı tərəfindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi, onun apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürübötürməməsi kimi məsələləri araşdırmadan, sadəcə qətnamənin rəsmi olaraq tərəflərə təqdim edildiyi vaxtı təsdiq edən sübutun işə əlavə edilmədiyini qeyd etməklə kifayətlənmiş, qanunla müəyyən edilmiş prosessual müddətlərin hüquqi əhəmiyyətini gözardı etmişdir. Bundan əlavə, iddiaçı tərəf də apellyasiya şikayətində barəsində şikayət olunan qətnamənin alınma tarixini qeyd etməmiş, lakin məhkəmə bu məsələyə də əhəmiyyət verməmişdir. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-758/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar