Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1213/2023 25.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0837 saylı, KOD 80906018 nömrəli Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi əhəmityyəti olan faktın müəyyən edilməsi” barədə ərizələrinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1078/2023 saylı, 23 may 2023-cü il tarixli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək “Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2011-ci il tarixli 12 saylı Qərarı ilə Salyan rayonu, Qarabağlı kəndinin ərazisində onların mülkiyyətinə verilmiş 0,89 ha torpaq sahəsinin onlara verilməsi barədə “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-0837 saylı, KOD 80906018 nömrəli Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1078/2023 saylı, 23 may 2023-cü il tarixli qərardadı ilə (hakim A.Səmədov) ərizə və ərizəyə əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilmiş və geri qaytarılmışdır. Ərizəçi1 oğlu Salyan Rayon Məhkəməsinin 2(057)-1078/2023 saylı, 23 may 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2022-ci ildə sənədin şəxsə məxsus olması barədə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə sənədləri geri qaytararaq Şirvan İnzibati Məhkəməsinə müraciət edilməsini tövsiyə etmişdir. Sənədləri hazırlayaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsində sənədlərinə baxılmış və bu işə Salyan Rayon Məhkəməsində baxılmalı olduğu bildirilmişdir. Ona görə də hesab edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1078/2023 saylı, 23 may 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Salyan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(057)-1078/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Salyan Rayon Məhkəməsinin 2(057)- 1078/2023 saylı, 23 may 2023-cü il tarixli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(057)-1078/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçilər torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən olunmasını xahiş etmişlər. Ərizəçilər həmin tələblə 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu təşkilat tələbin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən mübahisənin həlli ilə bağlı ərizəçilər qanunla müəyyən olunmuş qaydada sənədləri toplayaraq 13 saylı Şirvan Ərazi idarəsinə müraciət etməlidirlər. İmtina verildiyi halda inzibati məhkəmədə iddia qaldırmalıdırlar. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından da görünür ki, ərizəçilər “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 0837 saylı, KOD 80906018 nömrəli Dövlət Aktının onlara məxsus olmasına dair hüquqi əhəmityyəti olan faktın müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair” JN-0837 saylı, KOD 80906018 nömrəli Dövlət Aktından görünür ki, həmin dövlət aktı Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarı əsasında verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəyə xüsusi icraat qaydasında ümumi məhkəmədə deyil, inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə baxılmalı olmasına dair düzgün nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(057)1078/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Salyan Rayon Məhkəməsinin 2(057)-1078/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1078/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadı Ərizəçi1 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1213/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1213/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver