Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1214/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 26 aprel 2023cü il tarixli 2(057)-546/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(057)-546/2023 saylı qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair (abunə kodu **********09113) hesablanmış 804 manat məbləğdə borc silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC Salyan Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(057)- 546/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 09 yanvar 2023-cü il tarixli 282734 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 814 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. 09 yanvar 2023-cü il tarixdə ona məxsus № 30200412 nömrəli sayğacı yoxlanılmış və 282734 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda “0” xətti vasitəsilə dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən birbaşa istifadə olunduğu göstərilmiş və ona əsassız yerə 814 manat məbləğdə cərimə yazılmışdır. Akt yazılmamışdan əvvəl onun işığa görə heç bir borcu olmamış, lakin cavabdehin əməkdaşları müəyyən maraqlar naminə qanunsuz akt tərtib etmişlər, akt tərtib olunan zaman nə hal şahidləri olmuş və nə foto, videoçəkiliş aparılmış, maraqlı şəxslər tərəfindən tərtib olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin gəldiyi nəticəyə dair onlar tərəfindən mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Təqdim olunmuş vidoçəkilişdən də məlum olur ki, həqiqətən abonent sayğacdan birbaşa kənar xətt vasitəsi ilə istifadə edir və bu fakt öz təsdiqini tapır. Beləliklə də, həmin mülki iş tam, hərtərəfli araşdırılmamış, sübutlar düzgün tədqiq edilməmiş, maddi və prosessual normalar pozulmaqla qətnamə qəbul edilmişdir. İddiaçı məhkəmədə izahatında apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq diqqətə çatdırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı həmin evin müşahidə kameralarından görmüşdür ki, Azərişıq” ASC-nin X4 qrupunun əməkdaşları başqa qonşuların sayğaclarını yoxlamadan birbaşa onun evinin sayğacına yaxınlaşaraq sayğaca baxış keçirmiş və baxış zamanı ona sayğaca müdaxilə olunduğunu bildirərək akt tərtib etmişlər. O, "xxxx" MMC-də təmizləyici işləyir, övladları isə Bakı şəhərində ali təhsil alır. Sayğaca müdaxilə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(057)-546/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli R282734 saylı aktın surətindən görünür ki, abonent İddiaçı sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac “0” xətti vasitəsi ilə dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən birbaşa istifadə olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli BOEO saylı müqaviləyə əsasən İddiaçı 814 manat məbləğdə borcu vardır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, hazırkı halda cavabdeh tərəfindən hesablanmış borcun hansı əsaslarla hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşdüyündən və həmin borcun hesablanması üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (abonent tərəfindən şəbəkəyə qanununsuz qoşulması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Cavabdeh orqanın əməkdaşları iddiaçının yaşadığı evə quraşdırılmış sayğaca 05 iyul 2022-ci il tarixdə baxış keçirdiklərini qeyd etsələr də, həmin tarixdə hansı saatda baxışın keçirilməsi müəyyən olunmur. Həmçinin video çəkilişdən çəkilişin aparıldığı ünvanı müəyyən etmək olmur və kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə də müəyyən olunmur. Habelə iddiaçı 814 manat məbləğdə borcun silinməli olduğunu iddia etsə də, cavabdeh orqan tərəfindən akt üzrə hesablanmış olan borc məbləği 804 manat məbləğ təşkil edir. Ona görə də, məhkəmə iddiaçının iddia tələbinin 10 manat hissəsində borcun silinməsini əsaslı hesab edə bilməz. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş “Disk”dəki videoçəkilişə əsasən iddiaçı tərəfindən sayğacdankənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən “Disk”dən aşkar olur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən ona məxsus 30200412 seriya nömrəli elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etmiş və buna görə də, onun barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən 282734 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, videoçəkilişdən də aşkar görünür ki, İddiaçı məxsus sayğaca baxış keçirilərkən istehlakçı İddiaçı tərəfindən yol verilmiş pozuntu texniki vasitə olan videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Buna baxmayaraq, İddiaçı tərtib edilmiş akt barəsində öz izahat və ya mülahizələrini təqdim etməmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, işə əlavə edilmiş “Disk”də öz əksini tapan videogörüntüdən isə həmin qoşulmanın gizli deyil və hər kəsin görə biləcəyi açıq yerdə olması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(057)-546/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçınun cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin 09 yanvar 2023-cü il tarixli 282734 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 814 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(057)-546/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçınun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin 09 yanvar 2023-cü il tarixli 282734 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 814 manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1214/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1214/2023
10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver