Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1215/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X2 və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının tanınması və miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payın müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1279/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elçin Qurbanov) iddia təmin edilərək, İddiaçı tərəfindən miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilinin qəbul edilməsi faktı müəyyən edilmiş, İddiaçı adına Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-413/2022 saylı qətnaməsi ilə Cavabdeh1 İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsi dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2(102)-3613/2022 saylı qərarı ilə Cavabdeh1 İsmayıl qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-413/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, Cavabdeh2 Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Hazırda qətnaməsindən apellyasiya şikayətinin verildiyi Şirvan Şəhər Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Qeyd edilən normaların tələblərindən isə göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda Cavabdeh2 tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydada riayət olunmadan verilmiş, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, elektron imza ilə imzalanmamışdır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin həmin tələblərə uyğun olmadığına əhəmiyyət vermədən, onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bundan başqa, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyator qeyri-dəqiqliyə yol verərək, ləğv edilməsini istədiyi qətnamənin qəbul edilmə tarixini düzgün qeyd etməmişdir. Belə ki, hazırkı iş üzrə Cavabdeh2 tərəfindən mübahisələndirilən qətnamə Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsi olsa da, o, Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-in 363.1.1-1-ci və 363.1.5-ci maddələrinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 2(032)-1279/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1215/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1215/2024
25.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver