Məhkəmə qərarları › İş №2(106)-1223/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1223/2024

04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1223/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçı X10, onun nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı X10 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Lənkəran rayon 1 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və müqavilənin ləğv edilməsi və əmlakda payın müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-685/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 adına 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına, şəhadətnamə əsasında alınmış qeydiyyat vəsiqəsinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi 1672, qeydiyyat tarixi 31 iyul 2023-cü il) müqavilənin ləğv edilməsinə, həmin əmlakdan yetkinlik yaşına çatmayan X34 və X13 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m, ümumi sahəsi 32,4 kv.m olan bir otaqlı mənzil X5 məxsus olmuş, ona bu barədə 1991-ci ilin oktyabr ayında 39/39 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X3 Vahab Mirzəli oğlu ilə qanuni nikahda olmuşdur. İddiaçı Valiyyənin xx xxxxx 1959-cu ildə anadan olmuş Rahim adlı oğlunun gəlinidir, belə ki, X27 ilə qanuni nikaha daxil olub ailə qurmuşdur. Bu nikahdan iki övladı var: 1) X34; 2) X20. 10 aprel 1982-ci il təvəllüdlü əri X38 13 dekabr 1989-cu ildə X11 tərəfindən övladlığa götürülmüş, bu barədə Lənkəran rayon Qeydiyyat şöbəsində 11 nömrəli övladlığa götürmə haqqında akt qeydi tərtib edilmişdir. X14 20 sentyabr 2017-ci ildə vəfat etmiş və bu barədə 319 nömrəli akt qeydi tərtib edilmişdir. X17 26 sentyabr 2022-ci ildə vəfat etmişdir. Hələ sağ ikən 1994-cü ilin iyun ayında X1 şəhəri, Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X31 vəsiyyət etmişdir. Sonuncu Lənkəran rayon notariat ofisinə 14 fevral 2018-ci il tarixli ərizə ilə müraciət edərək, təkbaşına vərəsəlik şəhadətnaməsi almış, mübahisəli əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirmiş və onu iş üzrə ikinci Cavabdeh2 faktiki 22000 manata satmış, görünüş üçün müqavilə bağlayaraq əmlakın dəyərini 12000 manat göstərmişlər. Cavabdeh3 dövlət notariat ofisinə müraciət edərkən özünü yeganə vərəsə kimi göstərmişdir. İş üzrə birinci cavabdeh tərəfindən əldə edilən Lənkəran rayon 1 saylı dövlət notariat ofisi tərəfindən verilən vərəsəlik haqqında şəhadətnamə etibarsızdır, belə ki, həmin akt verilərkən vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. X46 Valiyyə Məmmədova tərəfindən övladlığa götürüldüyünə baxmayaraq, vərəsələrin dairəsinə daxil edilməmişdir. Əri miras qoyanın ölümündən 5 il sonra öldüyündən onun yetkinlik yaşına çatmayan uşaqları atalarının miras əmlakdakı payına irsi transmissiya qaydasında vərəsələr hesab olunurlar. Yetkinlik yaşına çatmayan hər iki uşağın qanuni nümayəndəsi olduğundan hazırkı iddianı qaldırmağa subyektiv hüququ var. Həmçinin, mübahisəli əmlak birinci cavabdehin adına rəsmiləşdirilərkən ölüm haqqında şəhadətnamədə, qeydiyyat vəsiqəsində, vəsiyyətnamədəki soyadların eyni şəxsə məxsus olmasına dair xüsusi icraat qaydasında mülki işə baxılmamış, bu sənədlərdəki soyadların eyni şəxsə məxsus olması müəyyən edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(049)-685/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Murad Aslanov) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X18 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-685/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1.1, 1159.1.2-ci maddələrinin tələbinə görə iddiaçının əri miras qoyan tərəfindən övladlığa götürüldüyündən onun iki yetkinlik yaşına çatmayan övladının mübahisəli əmlakda şəksiz payı vardır. Məhkəmə bu normaların tələblərini formal olaraq sadalasa da, iş üzrə onları tətbiq etməmişdir. Mülki Məcəllənin 1193, 1194 və 1252-ci maddələrinin tələbləri də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir, belə ki, məhkəmə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçının övladlarının məcburi payının olmasını göstərmiş, irsi transmissiya qaydasında mirasdan pay almaq hüququnu tanımışdır, lakin həmin normaları iş üzrə tətbiq etmək əvəzinə, iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun yox, vəzifəsindən irəli gələn hüquqi dəlillər və sırf subyektiv mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin normalar birmənalı şəkildə iddianın tam həcmdə təmin edilməsinə imkan versə də, məhkəmə tərəfindən normaların tələbləri formal sadalanmış, əsassız olaraq MM-in vicdanlı alıcı institutuna aid normaları tətbiq etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 vicdanlı alıcıdır. İş üzrə digər cavabdehlərin 10 saylı Lənkəran Ərazi İdarəsinin işdə iştirakının təmin edilməməsi düzgün olmayan məhkəmə aktının çıxarılmasına səbəb olub, belə ki, miras qoyanın soyadı mübahisəli əmlaka dair sənədlərdə müxtəlif cür göstərilsə də, həmin sənədlərin eyni şəxsə məxsus olmasına dair məhkəmə aktı mövcud deyildir. Bir qayda olaraq, reyestr orqanı belə olan halda əmlakı qeydə almaqdan imtina edir. Lənkəran rayon 1 saylı notariat ofisinin işdə iştirakının təmin edilməməsi miras qoyan tərəfindən 1994-cü ildə həqiqətən də vəsiyyətnamənin verilibverilməməsini müəyyən etməyə imkan vermir, belə ki, sənədin surəti iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir, səlahiyyətli subyekt tərəfindən tərtib edilmiş mötəbər sənədə oxşamır. Bu sənədin işdə olması iddiaçı üçün bir cür hüquqi nəticə olmaması başqa cür hüquqi nəticə yaratdığından qəbul edilən qətnamə tərəflər arasındakı münasibətləri ədalətli tənzimləmir və akt yenidən mübahisəyə səbəb olur. Bu cavabdehlərin işdə iştirakının təmin edilməməsi işə baxmağı mümkünsüz edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğu halda MM-in vicdanlı alıcı institutuna dair normalara və Ali Məhkəmə Plenumunun qərarlarına istinad etməklə iddia predmetindən kənara çıxmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 iddiaçını miras qoyanın övladlığa götürdüyü X19 arvadı kimi tanımışdır, onun Lənkəran şəhərinə yay fəslində gəldiyini bilmişdir. Bu əsasla onu vicdanlı alıcı hesab etmişdir, lakin bu xüsusatlar məhkəmənin belə nəticəyə gəlməsinə əsas vermir. Belə ki, Böyükxanım satılan mənzilin mübahisəli olduğunu bilmiş, Ceyhunəyə mənzili satın aldıgını, qaynanası tərəfindən ona miras pay əvəzinə müəyyən pul məbləği ödəniləcəyini bildirmişdir. Daha sonra məhkəmə MM-in mülkiyyət haqqındakı normalarına istinad etməklə iş üzrə bilərəkdən gəldiyi səhv nəticələri “əsaslandırmışdır”. Məhkəmə iş üzrə ikinci cavabdehin vicdanlı alıcı kimi prosessual statusunu müəyyən edərkən işi tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Vicdanlı alıcı statusu yetkinlik yaşına çatmayan iki uşağın miras əmlakdan pay hüququnu məhdudlaşdırmış, onları əldə edə biləcəkləri əmlakdan məhrum etmişdir, halbuki məhkəmə qanunsuz əldə etdiklərinin birinci cavabdehdən alınması barədə qətnamə qəbul edə bilərdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz etmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(049)- 685/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 gəlinidir, oğlu X27 26 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili anası 1994-cü ilin iyun ayında Cavabdeh3 vəsiyyət etmişdir. Oğlu öldükdən sonra 2023-cü ilin iyul ayında həmin mənzili Cavabdeh2 12000 manata satmışdır. Qeyd edilən mənzil hazırda Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 qeyd etmişdir ki, qonşuluqda yaşayan Cavabdeh3 evini satdığından Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili 12000 manata notarial qaydada almışdır. Hazırda həmin ev onun xüsusi mülkiyyətindədir. İddiaçını qonşusu Cavabdeh3 gəlini kimi tanımışdır. Cavabdeh3 anası Valiyyə Məmmədova olmuş, onun öz nəvəsini övladlığa götürməsini, ümumiyyətlə, həmin evin problemli olmasını bilməmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçı X18 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onun mərhum X46 2022-ci ildə vəfat etmişdir. Onların birgə nikahdan Gülnarə və Əli adlı iki uşağı doğulmuşdur. Rüfət Məmmədzadə hələ 1989-cu ildə nənəsi Valiyyə Əkbərova tərəfindən övladlığa götürülmüşdür. Valiyyə Əkbərova isə hələ yoldaşından da əvvəl 2017-ci ildə vəfat etmişdir. Valiyyə Əkbərovadan miras kimi bir mənzil qalmış, o, həmin mənzili Cavabdeh3 vəsiyyət etmişdir. Həmin mənzildə mərhum X46nin də məcburi payı olmuş, o da Valiyyə Əkbərovanın qanun üzrə vərəsəsi olmuşdur. Lakin qaynatası olan Cavabdeh3 2018-ci ilin fevral ayında Lənkəran rayon 1 saylı notariat ofisinə müraciət edərək, özünün Valiyyə Əkbərovanın tək vərəsəsi olduğunu qeyd etmiş və yalnız öz adına olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa nail olmuşdur. Halbuki, həmin mənzildə mərhum X46nin də məcburi payı olmuşdur. X37 vəfat etdiyinə görə onun məcburi payı vərəsəlik qaydasında övladlarına keçmişdir. Lakin mübahisəli mənzil 31 iyul 2023-cü ildə Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmış, bununla da övladlarının hüququ pozulmuşdur. Həmçinin, qeyd etdi ki, məhrum əri hələ sağlığında hərdənbir mübahisəli mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini və iddiaçı Ceyhunə Məmmədzadənin bildirdikləri ilə razılaşdığını qeyd etdi. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil onun yaşadığı mənzilin qonşuluğunda yerləşir. O, X25 Əkbərova tərəfindən övladlığa götürülməsindən, mənzil barəsində tərəflər arasında mübahisə olmasından məlumatsız olmuşdur. Mübahisəli mənzil onun yaşadığı mənzilin qonşuluğunda yerləşdiyinə görə Cavabdeh3 israrlı təklifinə əsasən həmin mənzili 12000 manata almış, onu əsaslı təmir etdirmişdir. Hesab edir ki, tərəflər arasında olan bu çəkişmənin ona heç bir aidiyyəti yoxdur. O, qanuna müvafiq şəkildə mübahisəli mənzili almış, onun əsaslı təmir etdirilməsi məqsədilə xərc çəkmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 24 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil anası Valiyyə Əkbərova tərəfindən ona vəsiyyət olunmuş, o da həmin əmlaka dair 19 fevral 2018-ci ildə vərəsəlik şəhadətnaməsi almışdır. Mərhum oğlu Rüfət Məmmədzadə anası Valiyyə Əkbərova tərəfindən övladlığa götürülmüş, o da 2022-ci ildə vəfat etmiş, lakin sağ olduğu müddətdə Valiyyə Əkbərovadan miras qalmış əmlakla bağlı hər hansı tələb irəli sürməmişdir. Ümumiyyətlə, mərhum oğlu Rüfət ilə aralarında hər hansı narazılıq olmamış, oğlunun ölümündən sonra gəlini olan iddiaçı mübahisə yaratmışdır. Həmçinin, qeyd etdi ki, mübahisəli mənzili 2023-cü ildə digər cavabdeh olan Cavabdeh2 12000 manata satmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh3, Lənkəran rayon 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(049)-685/2024 saylı qətnaməsi qismən – vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin və əmlakda payların müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZB 122536 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1959-cu il təvəllüdlü Cavabdeh3 atası X30, anası X8r. İşdəki AZ-İ 563822 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 aprel 1982-ci il təvəllüdlü X19 atası X39, anası X8r. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2020-ci ildə verilmiş 05/3304 nömrəli arayışın surətindən görünür ki, 10 aprel 1982-ci ildə Bakı şəhərində doğulmuş X7 Valiyə Əbdülqasım qızı tərəfindən övladlığa götürülmüşdür. Bu barədə 13 dekabr 1989-cu il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 11 nömrəli övladlığa götürmə haqqında akt qeydi tərtib olunmuşdur. Övladlığa götürüldükdən sonra vətəndaşa X35 adı verilmişdir. İşdəki AZ-İ 889649 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 20 sentyabr 2017-ci ildə ölmüşdür. İşdəki Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli, 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20 sentyabr 2017-ci ildə ölmüş X6 vərəsəsi Cavabdeh3dur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Lənkəran rayonu TİB idarəsi tərəfindən 20 fevral 1991-ci il tarixdə X9 verilmiş 39/39 qeydə alma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,4 kv.m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarətdir. İşdəki AZ-İ 277039 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 və Ceyhunə Ömərova 25 sentyabr 2006-cı ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Məmmədzadə, arvada Məmmədzadə soyadı verilmişdir. İşdəki AZ-İ 932099 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 iyul 2007-ci il təvəllüdlü X13 atası X27, anası Ceyhunə Məmmədzadədir. İşdəki AZ-İİ 420859 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 2009-cu il təvəllüdlü X23 atası X27, anası Ceyhunə Məmmədzadədir. İşdəki AZ-İİ 310353 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 26 sentyabr 2022-ci ildə ölmüşdür. İşdəki Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2023-cü il tarixli, 12-18/171 saylı arayışından görünür ki, Ceyhunə Məmmədzadənin həyat yoldaşı X27 26 sentyabr 2022-ci il tarixində vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və aşağıda adları qeyd edilən ailə üzvləri olmuşdur: 1) həyat yoldaşı – Məmmədzadə Ceyhunə; 2) övladı – X34; 3) Övladı – X20. İşdəki 12 iyun 1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 öldükdən sonra ona məxsus olan bütün əmlakını və o cümlədən Lənkəran şəhəri, Ş.Axundov küçəsi 27-də yerləşən evi oğlu X31 vəsiyyət etmişdir. Cavabdeh3 Lənkəran rayon notariat ofisinə ünvanladığı 14 fevral 2018-ci il tarixli ərizəsində 20 sentyabr 2017-ci ildə vəfat etmiş anası X6 ondan başqa vərəsəsinin olmadığını qeyd etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, X6 08 aprel 1986-cı ildə vəfat etmiş X30 ilə birgə nikahından 1 oğlu olmuşdur və o da hazırkı iş üzrə cavabdeh olan Cavabdeh3dur. X40 1989-cu ildə nəvəsi X21 övladlığa götürmüş, bu barədə 13 dekabr 1989-cu il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 11 nömrəli övladlığa götürmə haqqında akt qeydi tərtib olunmuşdur. Valiyyə Əkbərova 20 sentyabr 2017-ci ildə vəfat etmiş və ondan miras olaraq ünvan 3 ünvanında yerləşən mənzil qalmışdır. Valiyyə Əkbərova 12 iyun 1994-cü il tarixli vəsiyyətnamə ilə həmin əmlakı oğlu Cavabdeh3 vəsiyyət etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Belə ki, X40 tərəfindən oğlu Cavabdeh3 xeyrinə vəsiyyətnamə 12 iyun 1994-cü il tarixində yazılmış olsa da, Valiyyə Əkbərova 20 sentyabr 2017-ci ildə vəfat etmiş, deməli, miras da həmin vaxt açılmışdır. Bu baxımdan vərəsəlik hüququ haqqında şəhadətnamə hissəsində iddia tələbi Azərbaycan SSR-nin 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Mülki Məcəllə əsasında deyil, hazırda qüvvədə olan Mülki Məcəllə əsasında həll edilməlidir. Çünki vəsiyyətnamənin tərtib edilməsi heç də onun tərtib edildiyi məqamda hüquqi nəticə yaratması demək deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında da qeyd olunur ki, əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırkı iş üzrə mübahisəli mənzil X40 tərəfindən Cavabdeh3 vəsiyyət edilmiş, sonuncu isə Valiyyə Əkbərovanın ölməsindən sonra həmin mənzilə dair şəhadətnamə alınması üçün notariat ofisinə müraciət etmiş, bu zaman özünün Valiyyə Əkbərovanın yeganə vərəsəsi olduğunu qeyd etmiş və 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına nail olmuşdur. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Konstitusiya Məhkəməsinin Plenumu 19 fevral 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Qeyd edilən normalar onu göstərir ki, övladlığa götürülən şəxs kimi X27 da Valiyyə Əkbərovanın birinci növbə vərəsəsi olmuş və onun mirasda məcburi payı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü bəndinin sonuncu hissəsinə əsasən, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Lakin notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi yoxlanılmadan Cavabdeh3 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, X19 mirasda məcburi payı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunmadan, mirasda məcburi pay hüququ olan şəxs çağırılmadan verildiyinə görə etibarsız hesab olunmalıdır və iddiaçının bu hissədə tələbi əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 adına 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin rədd edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsə də, hazırda mübahisələndirilən alğı-satqı müqaviləsinin qanuniliyi həmin alğı-satqıda satıcı kimi iştirak etmiş Cavabdeh3 müvafiq hüquqa malik olması ilə də bağlıdır. Cavabdeh2 vicdanlı alıcı olması qəbul edildiyinə görə, onun hüquqları müdafiə olunmalı, mənzili ona satmış satıcının mənzil üzərində qeydiyyat vəsiqəsi (çıxarış) ləğv olunmamalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə, iddiaçının həmin hissədə tələbi qeyri-müəyyən xarakter daşımış, o, məhz hansı tarixli, hansı nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunmasını tələb etdiyini göstərməmiş, həmin qeydiyyat vəsiqəsinin surətini məhkəməyə təqdim etməmişdir. İddia tələbinin digər hissəsi ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi 1672, qeydiyyat tarixi 31 iyul 2023-cü il) müqavilənin ləğv edilməsi ilə bağlıdır. İşdəki “Elektron notariat” X2 Çıxarışdan görünür ki, reyestr nömrəsi 1672, qeydiyyat tarixi 31 iyul 2023-cü il olan daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58 kv.m olan mənzili 12000 manata alıcı Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. X29 Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq bildirir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh3 arasında bağlanılmış 31 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilə bilməz və ya etibarsız sayıla bilməz. Belə ki, iddiaçı sözügedən alğı-satqı müqaviləsi üzrə tərəf olmadığından, onun ləğvini tələb etmək üçün subyektiv hüquqa malik olmamaqla yanaşı, əqdin etibarsızlığı üçün də hər hansı əsas müəyyən edilmir. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə Cavabdeh2 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış, o, dövlət reyestrindəki qeydə əsaslanmaqla mənzili əvəzli şəkildə əldə etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi alğı-satqı müqaviləsinə dair hissədə düzgün olmuşdur. İddiaçının sonuncu tələbi miras əmlakda yetkinlik yaşına çatmayan X34 və X13 payının müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, miras əmlakı alğı-satqı yolu ilə əldə edən Cavabdeh2 əqdə münasibətdə vicdanlı alıcı olsa da, həmin miras əmlakda iddiaçının və uşaqlarının məcburi payı olduğundan, onların həmin əmlakın alğı-satqısı nəticəsində onlara vurulmuş zərərin əvəzini Cavabdeh3 tələb etmələri üçün məcburi payın həcminin müəyyən edilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, miras qoyan Valiyyə Əkbərova vəfat edərkən onun sağ qalmış qanun üzrə iki birinci növbə vərəsəsi olmuş, onlardan Cavabdeh3 vəsiyyətnamə verilmiş, sonuncu isə notariat orqanına müraciət edərək, özünü yeganə vərəsə kimi tanıdaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bu yerdə onu qeyd etmək lazımdır ki, Cavabdeh3 özünü yeganə vərəsə kimi tanıtması səbəbindən ona qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hazırkı işin halları baxımından əhəmiyyət kəsb etmir. Həmçinin sorğu edilərək əldə olunmuş notariat işindən də görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən tərtib olunan notariat işinə vəsiyyətnamə də əlavə olunmuşdur. Hazırda isə vəsiyyətnamənin etibarlılığı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də mərhum Rüfət Məmmədzadənin, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, Valiyyə Əkbərovadan miras qalmış mübahisəli mənzildə məcburi payı olmuş, onun bu payı qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (yəni ¼ hissə, belə ki, qanun üzrə vərəsəlik zamanı mirasdan ona çatası pay ½ hissədə olacağından məcburi pay da bunun yarısı qədər olmalıdır) təşkil etməlidir. Rüfət Məmmədzadənin mirasdan qanunla müəyyən edilmiş müddət ərzində imtina etməməsi onun mirasdakı məcburi payını qəbul etdiyini göstərir. Mirasda məcburi payın qəbul edilməsi hər hansı xüsusi müddətdən asılı deyil və məcburi payın tələb edilməsinə iddia müddəti şamil olunmur. X42 məcburi payı qəbul etməsi rəsmiləşdirilmədən vəfat etdiyinə görə məcburi payı tələb etmək hüququ vərəsəlik üzrə arvadına (iddiaçıya) və iki uşağına keçmişdir. Lakin uşaqların hər ikisi yetkinlik yaşına çatmayan şəxslər olduqlarından iddiaçı hazırkı iddianı onların adından da qaldırmaq səlahiyyətinə malik olmuşdur. Bundan başqa, iddiaçı özü üçün payın müəyyən edilməsini tələb etməmiş olsa da, məhkəmə praktikasının vahidliyi baxımından, iddiaçının da Rüfət Məmmədzadənin mirasdakı məcburi payına vərəsəlik hüququ olduğundan, onun da payı müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bildirir ki, Rüfət Məmmədzadənin miras əmlakdakı məcburi payı ¼ hissədə olduğundan, onun birinci növbə vərəsələri kimi iddiaçı X10, övladları X23 və X13 hər birinin bərabər şəkildə 1/12 hissədə payı müəyyən olunmalıdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, iddiaçının və övladlarının məcburi pay hüququ olan Rüfət Məmmədzadənin vərəsələri kimi miras əmlakda paylarının müəyyən edilməsi onların həmin əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün əsas deyil, çünki mübahisəli miras əmlak sonradan vicdanlı alıcı Cavabdeh2 özgəninkiləşdirilmişdir. Hazırda payların müəyyən olunmasının yeganə məqsədi ondan ibarətdir ki, iddiaçı və övladları miras əmlakın özgəninkiləşdirilməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini Cavabdeh3 tələb edə bilsinlər. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(049)-685/2024 saylı qətnaməsi qismən – iddianın 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin və miras əmlakdan paylarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi təmin edilməli, 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X4 miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ olan X19 vərəsələri kimi iddiaçı X10, onun övladları X23 və X13 hər birinin ünvan 1 ünvanında yerləşən əmlak üzərində 1/12 hissədə payları müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(049)-685/2024 saylı qətnaməsi qismən – iddianın 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin və miras əmlakdan paylarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə iddia təmin edilsin. Cavabdeh3 adına 19 fevral 2018-ci ildə verilmiş və reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X4 miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ olan X19 vərəsələri kimi iddiaçı X10, onun övladları X23 və X13 hər birinin ünvan 1 ünvanında yerləşən əmlak üzərində 1/12 hissədə payları müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar