Məhkəmə qərarları › İş №2(106)-1228/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1228/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1228/2024 28.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-334/2024 saylı, 22 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına şəhadətnamə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin aralarında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında ona məxsus olduğunu iddia edərək torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Guya 2006-cı ildə onun müalicəsi ilə bağlı 400 manat pul götürülmüş, həmin borc isə mübahisəli torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Müqavilə yazılan və imzalanan vaxt yataq xəstəsi olmuş, müalicə müəssisəsində stasionar müalicə almışdır. Həmin müqavilə sonradan tərtib olunmuşdur. Xətşünaslıq ekspertizası təyin olunarsa xx.xx.2006-cı il tarixli müqavilənin onlar tərəfindən imzalanmadığı müəyyən olunar. Hal-hazırda da mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olsa da, onların mülkiyyətindədir. Ona görə də mülkiyyətlərində olan Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adlarından satılmasına dair tərtib edilmiş və Poladlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-334/2024 saylı, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (X6) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Kollegiya iş materiallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə müqayisə edərək belə qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində artıq qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, işdə olan Ağcabədi rayonunun Poladlı bələdiyyəsinin möhürü və tərəflərin imzası ilə təsdiq edilmiş 06 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, JN 048 B kod 60812038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarına əsasən İddiaçı1 və İddiaçı2 (habelə uşaqları xx.xx.1996-cı il təvəllüdlü X1) mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini İddiaçı1 və İddiaçı2 400 manat məbləğə Cavabdeh satmışlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, adıçəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilmiş və imzalar özlərinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların iddia tələbindən müəyyən edilir ki, mülkiyyətlərində olan Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adlarından satılmasına dair tərtib edilmiş və Poladlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli müqavilədə adlarının qarşısındakı imza onlara məxsus deyildir. Müqavilə yazılan və imzalanan vaxt yataq xəstəsi olmuş, müalicə müəssisəsində stasionar müalicə almışdır. Həmin müqavilə sonradan tərtib olunmuşdur. Xətşünaslıq ekspertizası təyin olunarsa xx.xx.2006-cı il tarixli müqavilənin onlar tərəfindən imzalanmadığı müəyyən olunar. Məhz bu əsasla xx.xx.2006-cı il tarixli müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, o, iddiaçı ilə 2006-cı ildə mübahisəli torpağa dair alğı-satqı müqaviləsi bağlamışlar. Cavabdehlər yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən Rüstəmovlar ailəsinin açıq-aşkar və fasiləsiz istifadəsinə 17 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Rüstəmovlar iddiaçıların bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. İşin bu hallarına Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsi ilə də, hüquqi qiymət verilmişdir. İş materiallarından o da məlum olur ki, iddiaçılar məhkəmə qarşısında iki tələb irəli sürmüşlər. Birinci tələb üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 tərəfindən cavabdehlər Cavabdeh və X3 qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı tələb irəli sürülmüş və iddia tələbi belə əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN 048 B kod 60812038 nömrəli şəhadətnamə də verilmişdir. Özü xəstə olduğuna görə 2006-cı ildə onun müalicəsi ilə bağlı arvadı İddiaçı2 Cavabdeh 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə xx.xx.2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında alğı-satqı olmamış, həmin alğı-satqıda qeydə alınmamışdır. İkinci tələb üzrə iddiaçılar qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini təşkil edən sübyektiv hüququn olmasını əsas götürməklə xx.xx.2006-cı il tarixdə aralarında bağlanmış alğı-satqı müqaviləsinin ləğvini tələb etmişlər. Göründüyü kimi, iddiaçılar əvvəlki işdə mülkiyyətlərində olduğu torpaq sahəsindən cavabdehlərin çıxarılmasını hazırkı işdə isə həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli alğı-satqı müqavilənin ləğv edilməsini tələb edirlər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsi xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi ilə cavabdehə satılmış və həmin müqavilə əsasında torpaq sahəsi Cavabdeh qanuni sahibliyinə keçmiş və o, hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. Hazırki tələbə mahiyyəti üzrə baxan məhkəmə irəli sürülmüş iddianı yuxarıda qeyd edilən məhkəmə aktı ilə həll olunmuş predmetlə eyni saymamış, fərqli tələb kimi qiymətləndirərək iddiaya mahiyyəti üzrə baxmış və mövqeyini belə əsaslandırmışdır ki, müqavilənin ləğvi üçün qanunvericilikdə müəyyən edilmiş əsasların mövcudluğu birinci tələb üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə aradan qalxmış, yəni bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (MPM maddə 82.3). Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun müdafiəsi kimi torpaq sahəsindən çıxarılma və müqavilənin ləğv edilməsi tələblərinin mahiyyəti etibarilə müxtəlifliyi, yəni bu tələblərin həm faktiki, həm də hüquqi əsaslarının fərqli olması şübhəsizdir. Belə ki, müqavilənin ləğv edilməsinin əsasları Mülki Məcəllənin 421-ci və sonrakı maddələrində, mülkiyyət hüququnun müdafiəsi əsasları isə həmin məcəllənin 152-ci və sonrakı maddələrində nəzərdə tutulmuşdur. Bu səbəbdən mülkiyyətci kimi mülkiyyət hüququnun (torpaq sahəsindən çıxarılma) müdafiəsi və həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin ləğv edilməsi tələblərinə ayrı-ayrılıqda baxılır. Qeyd edilənlər eyni faktiki əsaslara görə iddiaçı əvvəlcə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsaslanaraq mülkiyyətçi kimi torpaq sahəsindən çıxarılma, sonra isə isə həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli alğı-satqı müqavilənin ləğv edilməsi barədə irəli sürülmüş tələblərə də aiddir. O da diqqətdə saxlanılmalıdır ki, “ləğv edilmə” və ya mülkiyyət hüququnun müdafiəsi” haqqında tələblər əqdlərə münasibətdə fərqli hüquqi nəticələr doğurur. Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat isə əqd deyil. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə, m.324). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu, m.2.1). Məhkəmə kollegiyası vurğulayır ki, iddaçıların mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə dair iddiaçılar ilə cavabdehin aralarında bağladıqları xx.xx.2006-cı il tarixli alğı-satqı müqavilənin ləğv edilməsi ilə bağlı iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Odur ki, iddiaçıların iddia etdiyi kimi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN 048 B kod 60812038 nömrəli şəhadətnamə də verilmişdir. Özü xəstə olduğuna görə 2006-cı ildə onun müalicəsi ilə bağlı arvadı İddiaçı2 Cavabdeh 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə xx.xx.2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında alğı-satqı olmamış, həmin alğı-satqıda qeydə alınmamışdır kimi ifadə olunması əvvəlcə torpaqdan çıxarılma bu təmin (iddianın təmin olunmamasının əsası mülkiyyətçi kimi sübyektiv hüquqa söykənərək hazırda iddia etdiyi torpaq sahəsi barəsində bağladıqları xx.xx.2006-cı il tarixli alğısatqı müqaviləsinin olması olmuşdur) olunmadığı halda isə həmin torpağa dair xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hər ikisi eyni predmet hesab edilir. Çünki mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir.(Konstitusiya Məhkəməsi: 12 iyul 2016-cı il tarixli qərar) İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə sərbəstdir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin nəticə hissəsində “müqavilənin ləğv edilməsi” və ya torpaq sahəsindən çıxarılma” sözlərinin yazılması iddianın qeyd olunan tələblərdən hansına aid olmasını müəyyənləşdirmək üçün yetərli deyil. Çünki, iddiaçının irəli sürdüyü tələbin mahiyyəti həm də onun söykəndiyi faktiki hallara, yəni iddia ərizəsinin əsaslandırıcı hissəsindəki dəlillərə baxılaraq müəyyən edilir. Bu hissələr arasında uyğunluq olması vacibdir. Həmin dəlillərlə (faktiki əsaslarla) iddiaçının qeyd etdiyi hüquqi əsas (maddi hüquq normaları) və tələb uzlaşmadıqda isə aşkar edilmiş ziddiyyətin aradan qaldırılması üçün birinci instansiya məhkəməsi tərəfindən işin hüquqi vəziyyəti tərəf(lər)lə müzakirə edilməlidir. Başqa sözlə, iddiaçının çatmaq istədiyi hüquqi mənafeyin və bunun üçün söykəndiyi faktiki əsasların nədən ibarət olması aydınlaşdırılmalıdır. Baxılan işdə iddiaçıların müqavilənin ləğv edilməsi tələbinin söykəndiyi faktiki hallarla, daha əvvəl baxılmış, torpaq sahəsindən çıxarılma tələbinin dayandığı faktlar əsasən eynidir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçılar Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adlarından satılmasına dair tərtib edilmiş və Poladlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan və hazırda qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-559/2023 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 tərəfindən cavabdehlər Cavabdeh və X3 qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı tələb irəli sürülmüş və iddia tələbi belə əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən onlara Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN 048 B kod 60812038 nömrəli şəhadətnamə də verilmişdir. Özü xəstə olduğuna görə 2006-cı ildə onun müalicəsi ilə bağlı arvadı İddiaçı2 Cavabdeh 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə xx.xx.2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında alğı-satqı olmamış, həmin alğı-satqıda qeydə alınmamışdır. İddiaçıların hazırkı iş üzrə ləğv edilməsini tələb etdikləri xx.xx.2006-cı il tarixli müqavilə üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, bu müqavilə əsasında torpaq sahəsi Cavabdeh qanuni sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. Kollegiya qeyd edir ki, hər iki iddia tələbində də hüquqi müstəvidə mübahisə mövzusu olan Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-cı il tarixli müqavilə ilə cavabdehin sahibliyinə keçmişdir. Şirvan Apellyasiya Məhkəməsi də xx.xx.2023-cü il tarixli qətnaməsində iddiaçıların mübahisəsinin hüquqi əsasını təşkil edən müqavilənin (iddiaçılar tələblərində alğı-satqının olmadığını və müqavilənin notarial qaydada təsdiq edilmədiyini iddia edirdilər) bağlanmaması və onlar tərəfindən imzalanmaması, dolayı yolla müqavilənin etibarsız hesab edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət vermiş və məhkəmə həmin müqavilənin qanuniliyini qəbul etməklə Cavabdeh həmin müqavilə əsasında gözlənilən mülkiyyət hüququ olduğunu bildirmişdir. Həmçinin məhkəmə həmin müqavilənin qanuniliyini təsdiqi kimi cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyinə istinad edərək adıçəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzaların müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edildiyini və onlar tərəfindən imzalandığını göstərmişdir. Göründüyü kimi hazırkı işdə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə, yəni hazırda iddiaçının mübahisələndirdiyi 06 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı göstərdiyi əsaslara və həmin müqavilənin yaratdığı hüquqi nəticələrə torpaq sahəsindən çıxarılmaya dair qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilmiş, hal-hazırda da həmin qətnamə qüvvədədir. İddiaçıların nümayəndəsi apelyasiya icraatı zamanı izahatında ekspert rəyi ilə razı olmadığını və müqavilənin bağlandığı tarixdə iddiaçın xəstə olduğunu və müqavilə bağlamaq iqtidarında olmadığını bildirmişdir. Kollegiya iddiaçıların hazırkı iddianın qaldırılması üçün əsas kimi gətirdikləri bu halı yeni tələb kimi qəbul etmir. Çünki hazırkı mübahisənin predmeti olan 06 noyabr 2006-cı il tarixli müqaviləyə artıq hüquqi qiymət verilmişdir. İddiaçıların 06 noyabr 2006cı il tarixli müqavilənin qanuniliyini istisna edən yeni hallara istinad etməsi, eyni predmet, eyni tərəf və eyni əsasla iddia qaldırılmasına deyil, yeni açılmış hallar üzrə əvvəlki mübahisəyə yenidən baxılması üçün əsas ola bilər. Beləliklə kollegiya iddiaçının 06 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi tələbi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və həmin qətnamə ilə müqavilənin qanuniliyi müzakirə edilərək həmin müqavilə üzrə cavabdehin mübahisələndirilən torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ qəbul edildiyindən iddiaçının yenidən həmin müqavilənin ləğvi üçün eyni tələb üzrə məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, bu həm də ictimai maraq obyektidir. Cəmiyyət qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz qəbul edilməsində və icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır. Qanunvericiliyin mübahisələrin həllinə bu cür yanaşmasının məqsədi tərəflərin əsassız məhkəmə çəkişməsinə şərait yaratmasının qarşısını almağa xidmət edir. Əks yanaşma, yəni iddiaçının iddia tələbinə yenidən baxılması və bu barədə qətnamə çıxarılması, müqaviləyə yenidən hüquqi qiymət verilməsi barədə qətnamə qəbul edilməsi, qətnamə qəbul olunduqdan sonra bu halın dəfələrlə təkrar olunması, hər dəfə yeni iddia (burada iddiaçıların müqaviləninetibarsızlığı barədə iddia vermək imkanın olduğu nəzərdə rurulur) qaldırmaq yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməklə yeni qətnamə qəbul edilməsi, eyni tərəflər, eyni predmet, eyni əsasla əvvəllər qəbul edilmiş qətnamənin əhəmiyyətsizliyinə gətirib çıxara bilər ki, bu da qüvvəyə minmiş məhkəmə aktının xəyali bir sənədə, lazımsız kağız parçasına, boş bir illüziyaya çevirə bilər. Hansı ki, prosessual məcəllənin tələblərinə əsasən belə olan halda işə mahiyyəti üzrə baxılması deyil, eyni tərəf, eyni predmet və eyni əsasla verilmiş iddia kimi qiymətləndirilməklə ya iddia ərizəsi icraata qəbul edilməməli, qəbul olunduğu halda isə iddia üzrə icraata xitam verilməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativhüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçların tələb üzrə qətnamə qəbul etməklə yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərini pozmuş, nəticədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Məhkəmə nəzərə almamışdır ki, eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-334/2024 saylı, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-334/2024 saylı, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar