Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1229/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Böyükxan oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(073)-304/2025 saylı qətnaməsindən (hakim O.Vəliyev) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Böyükxan oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək 3000 manat manat pulun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, şəxsi təsərrüfatında olan bir baş iribuynuzlu heyvanı satmaq istəyirdi, tanışı qəssab Cavabdeh1 və onun şəriki Cavabdeh2 onun həyətinə gəlib heyvana baxmışlar, almağa razı olduqda o, ətin təmiz çəkisinin bir kiloqramını 12 manata satmağa razılaşmış və həmin heyvanı 21 avqust 2024-cü il tarixdə X3 məxsus “Qazel' markalı avtomobillə Cəlilabad şəhərindəki ət kəsimi məntəqəsinə aparmışdır. Orada Cabir və Şamil heyvanın ayağına və boğazına ip atıb, yerə yıxmışlar, Cabir bıçaq götürüb kəsməyə başlayanda birdən demişdir ki, “heyvan ölüb”. Sonra qəsdən hay-küy salıb onun pulunu verməkdən imtina etmişlər və malı orada qoyub qaçmaq istəmişlər. Məntəqə rəisi X6 müdaxiləsindən sonra geri qayıdaraq heyvanın dərisini soyaraq, əti soyuducuya yerləşdirmişlər. Daha sonra AQTA-nın Lənkəran-Astara bölməsinin əməkdaşlarını dəvət etmişlər, onlar gəlib laboratoriya analizini götürmüşlər, oradan ətin qida üçün heç bir təhlükə yaratmadığını və qidaya yararlı olduğunu bildirmişlər. Lakin buna baxmayaraq ona məxsus olan 173 kiloqram təmiz heyvan əti qəssablar Şamil və Cabirin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən yararsız hala düşmüş və nəticədə ona 3 min manatdan çox maddi ziyan dəymişdir. Həmin dəymiş maddi ziyanı onlardan tələb etsə də faydası olmamış, polis şöbəsinə və 102 xidmətinə zəng edərək məsələnin araşdırılmasını xahiş etmişdir. Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi və mülki qaydada məhkəməyə müraciət edilməsinin məqsədə müvafiq hesab edilməsi barədə 23 avqust 2024-cü il tarixli qərar çıxarılmışdır. Ona məxsus olan həmin iribuynuzlu heyvanın məntəqəyə diri şəkildə gətirilməsi, məntəqəyə daxil olması, qəssabların ip ataraq onu yerə yıxması, başının kəsilməsi və başqa bu kimi mühüm faktların öz təsdiqini tapması üçün sübutları ərizəsinə əlavə etməklə məhkəməyə təqdim edir və məhkəmədən xahiş edir ki, ədalətli surətdə araşdırma aparsın, sübutları qiymətləndirsin və onun pozulmuş hüquqlarının bərpası üçün ədalətli qərar qəbul edilsin. Cavabdehlərdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq onlar bundan imtina etmişdirlər. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmədə iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia tələbindəki 1000 manat hissə onun məruz qaldığı mənəvi zərərin əvəzidir. Cavabdehlər onun malının pulunu ödəməyərək ona həmçinin mənəvi zərər də vurmuşlar. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, hər iki cavabdeh qəssablıq fəaliyyəti ilə məşğul olurlar. İddiaçıya məxsus bir baş iribuynuzlu heyvanı almaq barədə razılığa gəlmişlər, hər kilosunun qiymətini 12 manat müəyyən etmişlər. İddiaçı həminn heyvanı “Qazel” markalı avtomobillə Cəlilabad şəhərindəki ət kəsimi məntəqəsinə gətirib onlardan heyvanı kəsmələrini istəmişdir. Onlar heyvana yaxınlaşmaq istədikdə heyvan hürkərək, özünü tələf etmək həddinə çataraq yerə yıxılmışdır. Onlar heyvanı kəsmək istədikdə görmüşlər ki, heyvan ölüb. Bu səbəbdən də “ölmüş heyvanın əti bizə lazım deyil” demişlər. Lakin məntəqə direktoru və həkim heyvanı kəsib təhvil vermələrini istəmişlər. İddiaçı həmin vaxt “heyvan öləcək” deyə ağlayırdı. Cavabdehlərin hər ikisi iddiaçıya bildirmişdirlər ki, onlar (cavabdehlər) kəsim məntəqəsinə gəlib çatmayana qədər heyvanı maşından düşürtməsin, çünki ürəyi partlayıb ölə bilər. İddiaçı isə onlara qulaq asmamış, heyvanı düşürdərək məntəqədə bağlamış, heyvan isə qorxaraq ürəyi partlayıb ölmüşdür. İddia əsassızdır. Məhkəmədə Cavabdeh1 Böyükxan oğlu Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(073)-304/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 Böyükxan oğlu və Cavabdeh2 müştərək qaydada 2081.04 (iki min səksən bir manat dörd qəpik) manat borc və 40.81 (qırx manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 324.1, 329.2, 425.1, 385.1, 386.1, 500.1, 608.1, 567, 570.1.2, 571.1, 600.1 və 600.4, 609-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 106.1-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında heyvanın alğı-satqısına dair şifahi müqavilə bağlanılmaqla tərəflər iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanın alqı-satqısı, heyvanın təmiz çəkisinin bir kilosunun dəyərinin 12 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. İddiaçı malı təhvil vermək öhdəliyini icra edərək 21 avqust 2024-cü il tarixdə heyvanı ət kəsimi məntəqəsinə gətirmiş, cavabdehlər heyvanı təhvil almış, heyvanın ayağına və boğazına ip atmışlar, bu zaman heyvan hürkərək, özünü tələf etmək həddinə çataraq yerə yıxılmışdır. Cavabdehlər heyvanı kəsmişlər, lakin heyvanın hələ onu kəsməmişdən qabaq öldüyünü iddia edərək, heyvanın ətini almaqdan imtina etmişlər. Bu səbəbdən də iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehlər heyvanın kəsim aparılanadək ölməsini bildirsələr də, bu hal məhkəmə iclasında müəyyən olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş video görüntü ilə müəyyən edilmişdir ki, iddiaçı heyvanı kəsim məntəqəsinə gətirir, heyvan tam sağlamdır, xeyli müddət bağlı vəziyyətdə məntəqədə qalır, sonra cavabdehlər gələrək heyvanın ayağına və boğazına ip atmışlar, bu zaman heyvan hürkərək yerə yıxılmışdır. Cavabdehlər heyvanı kəsmişlər, bu zaman heyvanın boynundan qan axmışdır. Cavabdehlər heyvanın kəsilməmişdən qabaq artıq öldüyünü bildirsələr də, yəni satıcının cavabdeh olduğu qüsuru göstərsələr də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Bu hal həmçinin məhkəmə iclasında ifadələri alınmış kəsim məntəqəsinin direktoru və baytar həkimin ifadələri ilə, həmçinin laborator müayinənin nəticələri ilə tam təkzib edilmişdir. İddiaçı heyvanda Mülki Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan “başlıca qüsur” üçün məsuliyyət daşıya bilərdi ki, hazırki halda həmin qüsur da müəyyən edilməmişdir. Heyvanın ətinin təmiz çəkisinin 173.42 kq olması və tərəflər arasında hər kiloqram ətin dəyərinin 12 manat müəyyən edilməsi işin mübahisələndirilməyən hallarıdır, bu hallar tərəflərin məhkəməyə verdiyi izahatları ilə yanaşı iş materiallarında olan 21 avqust 2024cü il tarixli və 9 oktyabr 2024-cü il tarixli aktlarla təsdiqini tapmışdır. Borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öhdəlik və alqı-satqı müqaviləsi kimi hüquq münasibətlərinə istinad etmişdir. Qeyd edilməlidir ki, heyvanın alqı-satqısı, onun çəkisi və dəyəri mübahisəsizdir. Lakin onunla birlikdə digər cavabdeh olan Cavabdeh1 alqı-satqının və öhdəliyin qanunla nəzərdə tutulmuş heç bir normasını pozmamışlar. Belə ki, iddiaçıya məxsus olan 1 (bir) baş iribuynuzlu heyvanın ölməsində alıcı olaraq onun və digər cavabdehin heç bir təqsiri olmamışdır. Ona görə ki, həmin heyvanın ət kəsimi məntəqəsində tələf olması qarşısıalınmaz təsir nəticəsində baş vermişdir, yəni heyvanın ölməsi cavabdeh olaraq onların hər hansı bir qanunsuz hərəkətləri nəticəsində baş verməmişdir. Belə ki, cavabdeh olaraq birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, iddiaçı ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Artıq bir neçə ildir ki, Cəlilabad rayonunda qəssablıq fəaliyyəti ilə məşğul olur. Onunla birlikdə digər Cavabdeh1 iddiaçıya məxsus bir baş iri buynuzlu heyvanı almaq barədə razılığa gəlmiş və 1 (bir) kq-nın qiyməti 12 (on iki) manat müəyyən edilmişdir. İddiaçı həmin heyvanı “Qazel” markalı avtomobillə Cəlilabad şəhərindəki ət kəsimi məntəqəsinə gətirib onlardan heyvanı kəsməklərini istəmişdir. Onlar heyvana yaxınlaşmaq istədikdə heyvan hürkərək özünü tələf etmək həddinə çataraq yerə yıxıldı. Onlar heyvanı kəsmək istədikdə gördülər ki, heyvan ölüb. Bu səbəbdən də elə həmin vaxt iddiaçıya bildirmişdir ki, “ölmüş heyvanın əti onlara lazım deyildir“. Lakin həmin vaxt yanlarında olan məntəqənin direktoru İlyas Cəfərov və heyvan həkimi həmin heyvanın kəsilməsini onlardan istədilər. Eləcə də, digər Cavabdeh1 hələ qabaqcadan İddiaçı bildirmişdik ki, heyvanı onların iştirakı olmadan özbaşına maşından düşürtməsin, lakin iddiaçı onların məsləhətinə qulaq asmayaraq onlrdan xəbərsiz heyvanı özbaşına “Qazel” markalı avtomobildən yerə düşürtmüş, məntəqənin içərisinə salmış və heyvan bir müddət məntəqənin içində digər kəsilmiş heyvanların qanının-suyunun içində qalaraq qorxmuş və ürəyi partlamışdır. Əslində isə heyvan məntəqəyə gətirilərkən dərhal kəsilməlidir ki, kəsiləcək heyvan kəsilmiş heyvanların qanını və kəsilmiş başlarını görməsin və nəticədə bu kimi fəsadlar yaranmasın. Demək olar ki, onlar və digər qəssablar da ət kəsimini həmişə bu qaydada (yəni heyvan onlar qəssabların iştirakı ilə məntəqəyə yerləşdirilir və dərhal kəsilir) həyata keçirir. Lakin iddiaçı özbaşına hərəkətlər edərək özü öz heyvanının tələf olmasına səbəb olmuşdur. Həmçinin həmin vaxt məntəqənin rəhbəri olan və şahid qismində dindirilən İlyas Cəfərov birinci instansiya məhkəməsində şahid kimi izahat verərəkən həmin vaxt güyaki onların yanında olmadığını bildirmişdir. Lakin həmin şahid həmin vaxt onların yanında olmuş, onun yanlarında olmasına dair sübut kimi həmin məntəqədə yerləşdirilən videomüşahidə kamerası ilə də təsdiq edilir. Heyvan öldükdən sonra məntəqə rəhbəri İlyas Cəfərov onlara bildirmişdir ki, heyvanı kəsib ətini ona təhvil versinlər, onlar da bu qaydada ölmüş heyvanı kəsərək ətini məntəqə rəhbərinə təhvil vermişdir. Məsələ burasındadır ki, hər iki şahid bildirir ki, heyvan məntəqəyə gətirilən zaman heç bir problem olmamışdır. Həmin hissə ilə razıdırlar. Məhz heyvanın ölməsi iddiaçının yuxarıda qeyd edildiyi kimi qaydalara zidd olan özbaşına hərəkətlərinin nəticəsi olmuşdur. Bir sözlə heyvan kəsərkən onların əlində ölməmişdir, kəsimdən qabaq ölmüşdür. Həmçinin həmin heyvanın ət kəsimi məntəqəsində yerləşdirildiyi vaxtdan tələf olduğu vaxtadək olan müddətdə onun videogörünütüsü də vardır. Həmin videogörüntüdən də görünür ki, heyvan ölənədək tərəflərindən heyvana heç bir müdaxilə edilməmişdir. Ona görə də onlartın həmin heyvanın tələf olmasında heç bir günahı yoxdur. İddia tamamilə əsassızdır. Qanunvericiliyinin tələbinə görə əgər cavabdeh iddianı qəbul etmirsə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla da sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşsə də o, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Göründüyü kimi iddiaçı əsassız olaraq ona və digər cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh kimi onların hüquqlarının qorunmasını təmin etməmişdir. Halbuki cavabdeh kimi özünün haqlı olmasını təsdiq edən videogörüntünü məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdeh kimi hüquqlarını pozulmuşdur. Qeyd etdiyi xüsusatlar tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. Nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ət kəsimi məntəqəsinin direktoru vəzifəsində işləyir. Heyvan kəsilən günü məntəqədə su zəiflədiyi üçün suyu düzəltdirmək üçün getmiş, heyvan kəsilən zaman orada olmamışdır. Lakin oğlanları orada olmuşlar. O, məntəqəyə gələndə iddiaçı arxa otaqda olmuşdur, onun halı pisləşmişdir. Cavabdehlər ona bildirmişlər ki, heyvan ölüb, o da demişdir ki, ölmüş heyvandan 2 vedrə qan getməz. Onlar heyvanı soyub, daxili orqanlarını çıxarıb, ətindən isə imtina etmişlər. Daha sonra heyvanın ətindən nümunə kimi laboratoriyaya göndərmişlər. Bundan sonra tərəflər çıxıb getmişlər, ət isə ortada qaldığı üçün onu soyuducuya yığmışdır. Laboratoriyadan gələn cavabda ətdə heç bir nöqsanın olmadığı bildirilmişdir. Heyvan tam sağlam idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, baytarlıq mütəxəsisi kimi fəaliyyət göstərir, AQTA-nın Lənkəran regional idarəsində işləyir. Heyvan məntəqəyə diri şəkildə gətirilmişdir, hər hansı problem olmamışdır. O, səsküyə gəlib çıxmış və görmüşdür ki, heyvan yerdə uzanıb. Həmin vaxt tərəflər arasında mübahisə düşmüşdür. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Cəlilabad rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X4 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh1 Böyükxan oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh1 Böyükxan oğlu verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə İddiaçı xahişi ilə onun şəxsi təsərrüfatında olan bir baş iri buynuzlu heyvana baxış keçirmiş və heyvanın təxminən 140-150 kiloqram təmiz ət kütləsi olduğunu və bir kiloqramını 12 manatdan ala biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı heyvanı ət kəsimi məntəqəsinə gətirmiş, onlar heyvana yaxınlaşmaq istədikdə heyvan hürkərək, özünü tələf etmək həddinə çataraq yerə yıxılmışdır. Onlar heyvanı kəsmək istədikdə görmüşlər ki, heyvan ölüb. İddiaçı təkidi ilə heyvanı kəsmişlər. Həmin vaxt heyvanın boynundan qara qatı qan çıxmışdır. Bu da heyvanın kəsim aparılanadək ölməsini göstərir. Bu səbəbdən də heyvanın ətini almaqdan imtina etmişlər. Həmin qərardan görünür ki, Cavabdeh2 verdiyi izahatında Cavabdeh1 Böyükxan oğlunun göstərdiyi xüsusuatları eyni ilə təsdiq etmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin X2 tərəfindən göndərilmiş X1 “Sınaq nəticələri”ndən görünür ki, heyvanın daxili orqanlarında hər hansı infeksiya törədicisi aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş video görüntü ilə müəyyən edilmişdir ki, iddiaçı heyvanı kəsim məntəqəsinə gətirir, heyvan tam sağlamdır, xeyli müddət bağlı vəziyyətdə məntəqədə qalır, sonra cavabdehlər gələrək heyvanın ayağına və boğazına ip atmışlar, bu zaman heyvan hürkərək yerə yıxılmışdır. Cavabdehlər heyvanı kəsmişlər, bu zaman heyvanın boynundan qan axmışdır. Cavabdehlər heyvanın kəsilməmişdən qabaq artıq öldüyünü bildirsələr də, yəni satıcının cavabdeh olduğu qüsuru göstərsələr də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 372.2.-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayılır; 571.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş və mübahisəyə sübutlar, sübutetmə yükünün bölüşdürülməsi baxımından düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdehlər birlikdə qəssablıq fəaliyyəti ilə məşğuldur, hər ikisi polis şöbəsində və məhkəmədə eyni məzmunlu izahat vermişlər, müqavilədə birgə alıcı olaraq iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlər heyvanın kəsilməmişdən qabaq artıq öldüyünü bildirsələr də, yəni satıcının cavabdeh olduğu qüsuru göstərsələr də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Bu hal həmçinin ifadələri alınmış kəsim məntəqəsinin direktoru və baytar həkimin ifadələri ilə, həmçinin laborator müayinənin nəticələri ilə tam təkzib edilmişdir. İddiaçı heyvanda Mülki Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan “başlıca qüsur” üçün məsuliyyət daşıya bilərdi ki, hazırki halda həmin qüsur da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(073)-304/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1229/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1229/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver