Məhkəmə qərarları › İş №2(106)-1240/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1240/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1240/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2130/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə CNN000351 saylı, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 372 manat borcun, 55,8 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış CNN000351 saylı, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 448 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X3 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2 Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 faizi miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 372 manat əsas borcu, 55,8 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nicat Ağabəyov) İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmişdir. Halbuki, MPM-in 149-cu maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperativ şəkildə müəyyən olunmuşdur. Həmin qərardaddan narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində tələbi sübuta yetirmək üçün əsas olan sənədləri göstərmiş, iddia ərizəsində qeyd edilən sənədlər qoşma formasında iddia ərizəsinin sonuna əlavə edilmişdir. Ona görə də iddia ərizəsi forma və məzmun, eləcə də, əlavə olunan sənədlərin siyahısı baxımından MPM-in tələblərinə uyğundur. Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin geri qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 149.2- 149.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrıayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadından göründüyü kimi, məhkəmə iddia ərizəsini istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısının iddia ərizəsinin özündə göstərilməməsi halına istinad edərək geri qaytarmışdır. İddiaçı QSC istinad etdiyi sübutların bir neçəsinə iddia ərizəsinin məzmununda istinad etmiş, CNN000351 saylı, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə nisyə mal satıldığını, iddiaçı ilə Nicat Cabbarov arasında faktorinq müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Nicat Cabbarovun cavabdehə qarşı tələb hüququnun iddiaçıya keçdiyini, cavabdehin nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, cavabdehə müvafiq bildiriş məktubunun göndərildiyini və müvafiq arayışa əsasən tələb olunan miqdarda borcunun yarandığını bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində bütün sübutların siyahısı sadalanmasa da, fakt və hallara istinad edilmiş, həmin halları təsdiq edən sübutlar göstərilərək iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa, iddiaçı istinad etdiyi sübutları iddia ərizəsinə əlavə edərək, iddia ərizəsinin “qoşma” hissəsində onları göstərmişdir. Odur ki, MPM-in 149.2.3-cü maddəsində qeyd edilmiş iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməsinə dair tələb hərfi mənada anlaşılmamalı, həmin sübutlara ayrılıqda istinad edilərək göstərilməsi də iddia ərizəsinin forma və məzmun ilə bağlı tələblərinə uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla, prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı öz şikayətində Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadının ləğv edilməsi ilə yanaşı, həm də iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin qeyd edilən məsələlər hazırda qərardaddan verilmiş şikayət çərçivəsində həll edilməli olmadığına və onlar birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğuna görə iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də iddiaçının şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 385.1, 397, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(049)-2130/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar