Məhkəmə qərarları › İş №2(106)-1258/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1258/2023

24.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1258/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC Aran RESTİ-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 26 aprel 2023-cü tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 26 aprel 2023-cü tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, kənar qoşulma nəticəsində elektrik enerjisinin oğurlanması, deliktin nədən ibarət olması, ziyanın miqdarının hesablanması qaydası (tənzimlənməsi), abonentin təqsiri, bu təqsirli hərəkətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin nədən ibarət olması və bunu təsdiq edən sübutlar göstərilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin formasını tənzimləyən Azərbaycan Respublikasının MPM-nin 2 saylı əlavəsində təsbit olunmuşdur ki, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası olmalı, şikayət hüquqi şəxs tərəfindən verildikdə apellyasiya şikayəti onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Hazırda apellyasiya şikayəti cavabdehin nümayəndəsi tərəfindən imzalansa da, şikayətdə cavabdeh hüquqi şəxsin möhürü vurulmamışdır. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, İmişli Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İmişli Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar