Məhkəmə qərarları › İş №2(106)-1268/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1268/2024

07.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1268/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, iddiaçıların nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-541/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumu 100 manatın cavabdehlərdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 12-4/1 nömrəli qərarı ilə JN-0088, KOD 90904018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktdan görünür ki, 7,12 ha torpaq sahəsidir. Həmin Dövlət aktında mülkiyyətçi kimi X8, Cavabdeh2, X6, Cavabdeh1, X13, X10, X11 göstərilmişdir. 2015-2017-ci illərdə JN-0088, KOD 90904018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 7,12 ha torpaq sahəsindən 3 ha torpaq sahəsini cavabdehlərdən İddiaçı1 alaraq öz arvadı X3 adına rəsmiləşdirilmişdir. Daha sonra sözügedən torpaq sahəsinin 1,06 ha hissəsini İddiaçı1 alaraq öz oğlu X9 adına rəsmiləşdirmişdir. Yerdə qalan 3 ha torpaq sahəsi üzrə payları olan iddiaçılar İddiaçı3 və İddiaçı2 torpaq paylarını İddiaçı1 satmaq üçün etibarnamə vermişlər. 27 dekabr 2023-cü il tarixində İddiaçı1 öz növbəsində həmin etibarnamə əsasında torpağı özgəninkiləşdirmək üçün Sabirabad regional “ASAN Xidmət” Mərkəzində olan notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisində məlum olmuşdur ki, 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sözügedən torpaq sahəsi bütövlükdə Cavabdeh3 satılmışdır. Həmin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı iddiaçılar İddiaçı3 7E-9632 saylı, 26 sentyabr 2023-cü il tarixli və İddiaçı2 7E-10111 saylı, 04 dekabr 2023-cü il tarixli etibarnamələr əsasında onların adından Cavabdeh2 alğı-satqı müqaviləsinə imza etmişdir. Halbuki, İddiaçı3 atası Cavabdeh2 etibarnaməni ondan ötrü vermişdir ki, iddiaçının payına düşən hissəni ayıraraq İddiaçı1 satsın. Lakin Cavabdeh2 7E-9632 saylı, 26 sentyabr 2023-cü il tarixli etibarnamədən sui-istifadə edərək, qızı İddiaçı3 payına düşən torpaq sahəsinin ayrılması adı altında sözügedən torpaq sahəsini Cavabdeh1 arvadı Cavabdeh3 satmışdır. Bundan əlavə, İddiaçı2 ilk olaraq etibarnaməni qardaşı Cavabdeh1 vermiş, sonuncu da həmin etibarnaməni atası Cavabdeh2 vermişdir. İddiaçı2 etibarnaməni qardaşına ona görə vermişdir ki, iddiaçıya düşən payı ayırsın. Lakin Cavabdeh1 iddiaçını aldatmış, nəticədə Cavabdeh2 vasitəsilə Cavabdeh1 formal olaraq arvadının adına torpağı özgəninkiləşdirmişdir. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən iddiaçıların maraqlarına zidd hərəkət edərək, onları aldadaraq etibarnamə əldə etmişlər. Cavabdeh1 iddiaçılar İddiaçı3 və İddiaçı2 qardaşıdır. Torpağı alan şəxs Cavabdeh3 isə həmin qardaşının arvadıdır. İşin faktiki hallarından görünür ki, cavabdehlər arasında bağlanmış müqavilə uydurma əqddir. İşin digər halı ondan ibarətdir ki, iş üzrə digər İddiaçı1 faktiki olaraq sözügedən torpaq sahəsinə sahiblik edir, tərəflər arasında torpağın alğı-satqısı ilə bağlı ümumi razılaşma əldə etmişdir. Bu baxımdan iddiaçılar İddiaçı3 19 dekabr 2023-cü il tarixində və 23 dekabr 2023-cü il tarixində İddiaçı2 İddiaçı1 etibarnamə vermişlər. Həmin torpaqla bağlı iddiaçılar arasında faktiki olaraq alğı-satqı olmuşdur. Həmin müddət ərzində torpağın Cavabdeh3 satılmasından iddiaçılar xəbərsiz olmuşlar. Qeyd edilən alğı-satqıdan əldə edilmiş pul vəsaitləri iddiaçılar İddiaçı3 və İddiaçı2 verilməmişdir. İşin faktiki hallarından görünür ki, cavabdehlər qanunsuz hərəkətlər etmişlər. Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qərardadı ilə X6 və X13 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşlar. Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 niyyəti onların mülkiyyətində olan 0,86 ha torpaq sahəsini digər İddiaçı1 satmaq olmuşdur. Bununla bağlı 2023-cü ilin dekabr ayında iddiaçılar İddiaçı2 və İddiaçı3 digər İddiaçı1 hər biri 3500 manat pul almışdır. Alğı-satqı müqaviləsini rəsmiləşdirmək istəyərkən müəyyən edilmişdir ki, torpaq sahəsi 05 dekabr 2023-cü il tarixdə Cavabdeh2 tərəfindən sonuncunun oğlu Cavabdeh1 həyat yoldaşı Cavabdeh3 satılmışdır. Qeyd edilən alğı-satqı müqaviləsindən torpağın mülkiyyətçiləri kimi iddiaçılar İddiaçı2 və İddiaçı3 məlumatı olmamışdır. 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı3 heç bir pul məbləği ödənilməmişdir. 05 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında iddiaçılar İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0,86 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilə uydurma əqddir. Belə ki, qeyd edilən müqaviləyə əsasən Cavabdeh3 tərəfindən heç bir pul məbləği ödənilməmişdir. Çünki Cavabdeh3 Cavabdeh2 oğlu Cavabdeh1 həyat yoldaşıdır və adları çəkilən şəxslər hamısı bir evdə yaşayırlar. Bundan əlavə, iddiaçılar İddiaçı2 və İddiaçı3 adından verilən etibarnamələr 2023-cü ilin oktyabr ayında başqa bir alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün verilmiş, lakin Cavabdeh1 və Cavabdeh2 qeyd edilən etibarnamələrin əsllərini özlərində saxlayaraq gizli şəkildə 05 dekabr 2023-cü il tarixdə qeyd edilən alğı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Həmin müqaviləyə əsasən İddiaçı2 və İddiaçı3 heç bir məbləğ ödənilməmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsl niyyətlərinin iddiaçılar İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsini ələ keçirmək olmasını və 05 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı3 heç bir pul verilmədiyini aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil1 çıxış edərək bildirdi ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 atalarına etibarnamə vermiş olsalar da, cavabdeh tərəf həmin etibarnamə üzrə ötürülmüş səlahiyyətlərdən sui-istifadə etmiş, torpaq sahəsini Cavabdeh2 gəlini və Cavabdeh1 arvadı olan Cavabdeh3 satmışlar. Halbuki, onların arasındakı yaxın qohumluq münasibəti də nəzərə alındıqda bu əqdin uydurma əqd olduğu və həmin əqd üzrə hər hansı pul ödənilmədiyi görünür. Həmçinin, həmin alğı-satqı üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 payına düşən torpaq sahəsi də satılsa da, həmin paya uyğun olaraq hər hansı satış məbləği onlara ödənilməmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 çıxış edərək bildirdi ki, o, torpaq sahəsi ilə bağlı sərəncam verilməsinə dair etibarnamə vermiş olsa da, torpaq sahəsinin hazırda cavabdeh olan qardaşı İlkinin arvadı Cavabdeh3 satılacağını bilməmişdir. Onun etibarnaməni verməkdə niyyəti torpaq sahəsinin İddiaçı1 satılması ilə bağlı olmuşdur. O, özünə düşən payın Cavabdeh3 satılmasını istəmədiyinə görə onun qaytarılmasını istəyir. Həmçinin, qeyd etdi ki, torpaq sahəsindəki payının qarşılığında atası tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı3 çıxış edərək bildirdi ki, o, atasına etibarnaməni başqa bir pay torpaq sahəsinin satılması ilə bağlı versə də, alğısatqı müqaviləsi ilə mübahisə predmeti olan torpaq sahəsi qardaşı İlkinin arvadı Cavabdeh3 satılmışdır. O, torpaq sahəsinin Cavabdeh3 satılacağını bilməmiş, torpağın ona satılmasını istəməmişdir. Həmçinin, qeyd etdi ki, torpaq sahəsindəki payının qarşılığında atası tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 çıxış edərək bildirdi ki, o, vicdanlı alıcı kimi İddiaçı3 və İddiaçı2 pul verərək mübahisəli torpaq sahəsini almış, bununla bağlı Gülnaz və Gülnar bacıları ona etibarnamə vermişlər. O, torpaq sahəsini öz adına qeydə aldırmaq istəyəndə ona məlum olmuşdur ki, torpaq sahəsi Cavabdeh3 satılmışdır. Hesab edir ki, həmin torpaq sahəsinin alınması ilə bağlı İddiaçı3 və İddiaçı2 pul verib torpaq sahəsini aldığına görə onun 05 dekabr 2023-cü il tarixli müqaviləni mübahisələndirmək hüququ mövcuddur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayətində göstərilənlər tamamilə əsassızdır. Bir müddət əvvəl, təxminən 2023-cü ilin sentyabr ayında qızları İddiaçı3 və İddiaçı2 ona Bakıda yaşadıqlarına görə torpaq sahəsini əkmədiklərini və buna görə də onu satmaq istədiklərini bildirmişlər. O isə qızlarına həmin torpaq sahəsini başqasına satmaqdansa, etibarnamə ilə ona vermələrini təklif etmiş, Bakıda hər qızının evində bir gün qonaq olmuş, torpağın alğı-satqı dəyəri kimi böyük qızı Gülnaza 2500 manat, kiçik qızı Gülnara isə 2000 manat pul vermişdir. Bundan sonra, Gülnar qardaşı İlkinə, Gülnaz isə onun özünə etibarnamə vermiş, onlar da torpaq sahəsini Cavabdeh3 adına keçirmişlər. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı olan bacıları Gülnaz və Gülnarın torpaq sahəsinin Cavabdeh3 satılmasından məlumatsız olmaları barədə bildirdikləri yalandır. Belə ki, o, bacısı İddiaçı2 özü şəxsən Abşeron rayonunda notariusa apararaq orada etibarnamə almışdır. Sonradan torpağı arvadı Cavabdeh3 adına alğı-satqı qaydasında keçirərkən məlum olmuşdur ki, İddiaçı2 evlənməsinə görə onun soyadında dəyişiklik var, ona görə də İddiaçı2 05 dekabr 2023-cü ildə zəng edib nikah haqqında şəhadətnaməsinin lazım olduğunu bildirmiş, sonuncu da ona nikah haqqında şəhadətnaməsinin surətini göndərmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, həqiqətən də İddiaçı1 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. O sadəcə torpaq sahəsinin ona satılması məqsədilə İddiaçı3 və İddiaçı2 vermiş olduğu pulu onlardan geri tələb edə bilərdi. Bundan əlavə, İddiaçı3 və İddiaçı2 tərəfindən atasına və qardaşına verilmiş etibarnamələrdə onlar torpaq sahəsinin məhz İddiaçı1 satılmasına dair hər hansı tapşırıq verməmiş, konkret şəxs və ya aparılacaq əməliyyatın növünü göstərməmişlər. Əksinə, cavabdeh tərəf iddiaçıların 05 dekabr 2023cü il tarixli alğı-satqı müqaviləsindən məlumatlı olduqlarını sübuta yetirmişdir. Torpaq sahəsinin Cavabdeh3 satılmasına görə iddiaçılar İddiaçı2 və İddiaçı3 ataları olan Cavabdeh2 pul almalarını inkar etməsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, onlar gələcəkdə torpaq sahəsinin satılmasından əldə olunmuş pul vəsaitinin onlara verilməməsi əsası ilə sübutlar təqdim etməklə pul tələbinə dair iddia qaldıra bilərlər. Həmçinin, həmin alğı-satqı müqaviləsi üzrə ödəniş məbləği ödənilmiş, həmin məbləğə müvafiq olan vergi məbləği də tutulmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil2 bildirdikləri ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçılar birgə verdikləri apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan JN-0088 saylı, KOD 90904018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 12-4/1 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 7,12 hektar torpaq sahəsi Sabirabad rayonunun Əliləmbəyli kənd sakinləri X2 və onun ailə üzvləri Cavabdeh2, X1, Cavabdeh1, X7, X4 və X5 mülkiyyətinə verilmişdir. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Sabirabad rayonunun Əliləmbəyli kəndində yerləşən 3,0504 ha torpaq sahəsi 20 noyabr 2023-cü ildə ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı3 (0,********** ha), X5 (0,********** ha), X1 (0,********** ha), X7 (0,********** ha), Cavabdeh2 (0,********** ha) və Cavabdeh1 (0,********** ha) adına daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli kitabın 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan satıcılar Cavabdeh1, Cavabdeh2, X6, İddiaçı2, X13, İddiaçı3 ilə alıcı Cavabdeh3 arasında bağlanmış AN-İ ******* seriya nömrəli, 05 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən satıcılar ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 3,0504 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini bütövlükdə alıcının mülkiyyətinə verirlər. Satıcılar daşınmaz əmlakı 4500 manat qiymətinə satdılar, alıcı isə həmin qiymətə aldı. Həmin müqaviləni satıcı qismində Cavabdeh1, X6, Cavabdeh2 (eyni zamanda etibarnamə üzrə nümayəndəsi kimi İddiaçı2, X7 və İddiaçı3 əvəzinə) imzalamış, alıcı qismində isə müqaviləni Cavabdeh3 imzalamışdır. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Sabirabad rayonunun Əliləmbəyli kəndində yerləşən 3,0504 hektar torpaq sahəsi 25 dekabr 2023-cü ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 25 dekabr 2023-cü ildə B063916 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdə surəti olan reyestrdə 7E-10111 nömrəsi ilə qeyd edilmiş 04 dekabr 2023-cü il tarixli, AR-İİİ 151518 seriya nömrəli etibarnamədən görünür ki, etibar edən İddiaçı2 tərəfindən 31 avqust 2023-cü il tarixli etibarnamə ilə Cavabdeh1 etibar edilmiş səlahiyyətlər 31 avqust 2024-cü ilədək Cavabdeh2 ötürülmüşdür. Həmin etibarnamə üzrə verilmiş səlahiyyətlərə digərləri ilə yanaşı, həm də harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, İddiaçı2 məxsus bütün daşınar və daşınmaz əmlaka dair sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipotekadan (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesabı aparmaq və s. səlahiyyətləri də aid olmuşdur. İşdə surəti olan reyestrdə 7E-9632 nömrəsi ilə qeyd edilmiş 26 sentyabr 2023-cü il tarixli, AR-İİİ 143286 seriya nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə üzrə etibar edən İddiaçı3 digər səlahiyyətlərlə yanaşı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, özəlləşdirmək, bu əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətlərini 26 sentyabr 2033-cü ilədək Cavabdeh2 etibar etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, İddiaçı2 və İddiaçı3 onlara məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam vermək və müvafiq əqdləri bağlamaq kimi səlahiyyətləri etibarnamə əsasında Cavabdeh1 və Cavabdeh2 vermişlər. Lakin iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamələrin verilməsi məqsədinin ümumi sahəsi 3,0504 ha olan torpaq sahəsinin onların payına düşən hissələrinin digər İddiaçı1 satılması ilə bağlı olduğunu bildirmişlər. Hazırda onlar tələblərinin əsası kimi mübahisəli torpaq sahəsinin (özlərinə aid olan hissələrinin) Cavabdeh3 deyil, məhz İddiaçı1 satmaq niyyətlərində olmalarına və alğı-satqı nəticəsində əldə edilən vəsaitin onlara aid olan hissələrinin verilməməsinə istinad etmişlər. Məhkəmə kollegiyası ilk öncə iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamələri onların torpaq sahələrinin Cavabdeh3 deyil, İddiaçı1 satılması niyyəti ilə vermələrinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Lakin hazırda iddiaçılar İddiaçı3 və İddiaçı2 tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş etibarnamələrdə konkret subyektə münasibətdə, yəni İddiaçı1 münasibətdə əqdin bağlanmasına dair səlahiyyətin etibar edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamış, etibar edən şəxslər harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, özəlləşdirmək, bu əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətlərini təmsilçilərinə etibar etmişlər. Belə olan halda isə təmsilçi kimi nə Cavabdeh1, nə də Cavabdeh2 etibar edən şəxslər olan İddiaçı3 və İddiaçı2 iradəsinə zidd əqd bağlamaları müəyyən edilmir. Çünki etibar edən şəxslər etibarnamədə birbaşa olaraq onlara məxsus torpaq sahəsinə dair əqdin yalnız İddiaçı1 ilə bağlanmasına dair göstəriş müəyyən etməmişlər. Halbuki, etibarnamənin məzmununun müəyyən edilməsində etibar edən şəxsin azadlığı mövcuddur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Qeyd edilən müddəalardan görünür ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməsi tələb olunan müqavilələrdəndir. Mülki Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. İşdə surəti olan 26 sentyabr 2023-cü il tarixli, AR-İİİ 143286 seriya nömrəli və 04 dekabr 2023-cü il tarixli, AR-İİİ 151518 seriya nömrəli etibarnamələrdən də göründüyü kimi, onların hər ikisi notariat qaydasında təsdiqlənmişdir. Həmçinin, o da qeyd olunmalıdır ki, İddiaçı2 və İddiaçı3 mübahisəli torpaq sahəsinin Cavabdeh3 satılmasından məlumatsız olmaları da bağlanmış müqavilənin etibarlılığı məsələsinə təsir etmir. Belə ki, həmin müqavilə hər iki iddiaçı tərəfindən verilmiş etibarnamələr üzrə həmin əqdi bağlamaq səlahiyyəti olan təmsilçiləri kimi Cavabdeh2 tərəfindən imzalanmış, beləliklə də, İddiaçı2 və İddiaçı3 əqdi təmsilçi vasitəsilə bağlamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, İddiaçı2 və İddiaçı3 hər birinin payı 0,********** ha hissədə olmaqla, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 da daxil edilməklə, ümumilikdə 6 nəfərdən ibarət ümumi paylı mülkiyyətlərində olan Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3,0504 ha torpaq sahəsini (özlərinə aid edilən pay hissələrini) satmaq niyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı səlahiyyətə dair notarial qaydada təsdiq edilmiş ayrı-ayrı etibarnamələr verdiyindən və 05 dekabr 2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi iddiaçılar İddiaçı2 və İddiaçı3 təmsil etməklə Cavabdeh2 tərəfindən onların adından imzalansa da, həmin müqavilənin bağlanması göstərilən etibarnamələr əsasında həyata keçirildiyindən, göstərilən torpaq sahəsinə dair bağlanmış əqd (müqavilə) iddiaçılar İddiaçı2 və İddiaçı3 iradəsini ifadə etməklə onlar üçün göstərilən əmlakların satılmasına dair hüquqi nəticələr yaratmışdır. İddiaçı tərəfin digər dəlili isə ondan ibarət olmuşdur ki, 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh3 tərəfindən hər hansı ödəniş edilməmiş, eləcə də, İddiaçı2 və İddiaçı3 torpağın satışından əldə olunmuş vəsaitdən onların payına düşən məbləğ verilməmişdir. Cavabdeh3 vəkili Vəkil2 isə həmin alğı-satqı üzrə 4500 manatın ödənildiyini, buna müvafiq olaraq verginin də hesablanaraq ödənildiyini bildirmişdir. Cavabdeh2 isə hələ 2023-cü ilin sentyabr ayında onların payına düşən hissələrin müqabilində böyük qızı İddiaçı3 2500 manat, İddiaçı2 isə 2000 manat pul verdiyini qeyd etmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası bildirir ki, torpaq sahəsinin satışından əldə olunmuş vəsaitdən onların payına düşən hissənin iddiaçılar İddiaçı2 və İddiaçı3 verilməmiş olması qəbul olunsa belə, bu hal özlüyündə 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Bununla bağlı, birinci instansiya məhkəməsi də haqlı olaraq onlara izah etmişdir ki, onların torpaq sahəsinin satılmasından əldə olunmuş pul vəsaitinin onlara verilməməsi əsası ilə müvafiq sübutlar təqdim etməklə mülki mühakimə icraatı qaydasında pul tələbinə dair iddia qaldırmaq hüquqları mövcuddur. İddiaçıların nümayəndəsi vəkil apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdehlər arasındakı yaxın qohumluq münasibəti də nəzərə alındıqda alğı-satqı müqaviləsinin uydurma olduğu və həmin müqavilə üzrə hər hansı pul ödənilmədiyi görünür. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd, bir qayda olaraq, hüquqazidd xarakter daşıyır. Uydurma əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur, bu əqdlər yalnız görünüş üçün bağlanılır. Lakin hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin hüquqi nəticə meydana gətirməsini arzu etmiş, mübahisəli torpaq sahəsinin həqiqətən də Cavabdeh3 mülkiyyətinə keçirilməsi niyyətində olmuş və bu müqavilə üzrə sonrakı hərəkətlərin həyata keçirilməsi (mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və s.) baş tutmuşdur. İddiaçı tərəf isə həmin müqavilənin həqiqətən uydurma əqd olmasını və müqavilə üzrə əvvəlcədən və ya sonradan ödənişin edilməməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməklə sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə qəbul etdiyi 12 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırda etibarlılığı mübahisələndirilən 05 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən onun yuxarıda qeyd edilən 4 kateqoriyadan hər hansı birinin pozulması ilə bağlanılması müəyyən olunmur və iddiaçılar tərəfindən həmin şərtlərdən hər hansı birinin pozulmuş olmasına dair mötəbər sübutlar təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən hazırda 05 dekabr 2023-cü il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmir. Bununla yanaşı, çıxarışın ləğvi ilə bağlı iddia tələbi də birbaşa olaraq alğı-satqı müqaviləsinin etibarsızlığına dair tələbə veriləcək hüquqi qiymətdən asılı olduğuna görə, həmin çıxarışın ləğv edilməsi üçün də əsas müəyyən olunmur. Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı1 iddiasını da rədd etməklə düzgün qənaətə gəlmiş və öz mövqeyini düzgün əsaslandırmışdır. Belə ki, İddiaçı1 mübahisəli müqavilənin tərəfi olmadığı halda, həmçinin onun mübahisəli müqavilənin predmeti olan torpaq sahəsinə hər hansı mülkiyyət, istifadə və ya sahiblik hüququ məyyən edilmədiyindən, mübahisəli müqavilənin bağlanması ilə onun qanuni əsaslarla müəyyən edilmiş hüquq və mənafeləri pozulmadığından İddiaçı1 hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmamışdır. Həmçinin, o, mübahisəli alğı-satqı müqaviləsinin onun əmlak mənafeyinin pozulmasını təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçı1 mübahisəli torpaq sahəsinin İddiaçı2 və İddiaçı3 düşən hissələrinin ona satılması məqsədi ilə onlara müəyyən məbləğdə pul ödəməsi və sonuncuların ona etibarnamə verməsi hələ qanunvericilikdə nəzərdə tutulmuş qaydada alğı-satqı müqaviləsinin bağlanması hesab olunmur və belə olan halda İddiaçı1 vicdanlı alıcının hüquqi müdafiə imkanlarından istifadə edə bilməz. Bununla yanaşı, onun pulun verilməsinə dair müvafiq sübutları təqdim etməklə, İddiaçı2 və İddiaçı3 onlara ödənilmiş pulun qaytarılmasına dair iddia qaldırmaq imkanı mövcuddur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsinə dair iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar