Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1277/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, X4 və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə (maraqlı şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi) dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-421/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə” dair JN-078B Kod 80504038 saylı şəhadətnamənin X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və digər ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həyətyanı torpaq sahəsi verilmişdir. Lakin qeyd edilən torpaq sahəsi ona verilərkən torpaq sənədində oğlunun adı və soyadı səhv yazıldığından müəyyən hüquqlarını həyata keçirə bilmir. Belə ki, şəhadətnamədə oğlunun adı “X2” yazılmalı halda, “X3” kimi qeyd edilmişdir. Torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılması oğlunun adı səhv yazıldığından mümkün olmamış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsindən bildirilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə” dair JN078B Kod 80504038 saylı şəhadətnamədə düzəliş edilməsi onların səlahiyyətində deyil. Mövcud problem səbəbindən hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-421/2024 saylı qərardadı ilə iş üzrə icraata xitam verilməsi və ərizəçiyə hazırkı tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, ərizəçiyə və onun ailə üzvlərinə torpaq sahəsinin verilməsi ilə bağlı Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı qərarı və həmin qərar əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 238B Kod 80504038 saylı şəhadətnamə hüquqmüəyyənedici sənədlərdir. Ərizəçi şəhadətnamədə göstərilmiş “X3”nun “X2” ilə əvəz edilməsini tələb edir. Ərizəçi hüquqi əhəmiyyəti olan fakt şəkilində ərizə ilə məhkəməyə müraciət etsədə, əslində mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlir. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsi və işin aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, onun işinə 2020-ci ildə Şirvan İnzibati Məhkəməsində baxılmış və tələbinin ümumi məhkəməyə aid olduğu qeyd edilmişdir. Həmin qərarı da məhkəməyə təqdim etmişdir. O, qoca və xəstə bir qadındır. 5 ildir onun məhkəmə hüququ pozulmaqdadır. Məhkəmələrdən yekun qərarı ala bilmir. Hesab edir ki, məhkəmənin çıxarmış olduğu qərar qanunsuzdur və ləğv edilməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-421/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050-421/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050-421/2024 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-cı maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, MPM-in 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərə baxır. MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilib ki, prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur; həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi bağlıdər və buna görə də, mülki işə ümumi məhkəmə olaraq Masallı Rayon Məhkəməsində baxılması davam etdirilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(050-421/2024 saylı qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1277/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1277/2024
22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver