Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1282/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-1135/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB Lənkəran X2 İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə yaşayışdığı evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmişlər və sayğacı növbəti Dövlət yoxlaması üçün çıxarmışlar. Qaz İdarəsi sayğacı apardıqdan sonra onun iştirakı olmadan 30 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın dəyərini qeyd etmir.” göstərilmişdir. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Sayağac açılıb aparılarkən plombu üstündə olub, sayağaca nəzarəti cavabdeh etməlidir. Sayğac həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən, cavabdehin mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-1135/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə borcun silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa görərlər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfıyyatı çox azdır. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirdiyikləri qətnamədə də öz əksini tapan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə əsasdır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan **********04550 abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Cavabdeh olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübuta yetirmə vəzifəsi ilk növbədə üzərlərinə düşdüyündən iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı isə heç bir subut təqdim etmədən öz xeyrinə izahat vermişdir. Buna baxmayaraq 1-ci instansiya məhkəməsi cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət verərərk iddianı təmin etmişdir. Hesab edirik ki, 1-ci instansiya məhkəməsi kobud prosessual səhv etmişdir və bu hal bir daha 1-ci instansiya məhkəməsinin sübutlara yetərincə qanunauyğun qiymətləndirilməsinin təmin edilməməsini göstərir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmədə iştirak etməmiş, cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, "sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın dəyərini qeyd etmir.” Sayğac həyətdən kənarda yerləşir. "Azəriqaz” X1 X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-1135/2023 saylı dəyişdirilmədən saxlanmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-1135/2023 saylı qətnaməsi Cavabdeh İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1282/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1282/2023
31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver