Məhkəmə qərarları › İş №2(106)-1282/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1282/2025

25.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1282/2025 25.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə qarşı daşınmaz əmlakın bağışlanması ilə bağlı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1285/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı iddia ərizəsindən imtina barədə ərizəsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə qarşı daşınmaz əmlakın bağışlanması ilə bağlı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71,8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin Cavabdeh2 Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Dövlət Reyestri Xidmətinin çıxarışının etibarsız hesab edilməsi və ödədiyi 100 manat dövlət rüsumunün cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1285/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elvin Ələsgərov) iddia tələbinin təmin edilməsi, Lənkəran rayonu Şilavar kəndində yerləşən, ümumi sahəsi 130,0 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan fərdi yaşayış evinin və 0,12712 hektar torpaq sahəsinin Cavabdeh2 bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və xx.xx.2024-cü il tarixdə Lənkəran Regional "ASAN Xidmət” Mərkəzinin notariat ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 25 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı EMİS vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 onun xeyrinə 10000 manat tutulmuş pulun icrasını təmin etmək idi. Hal-hazırda həmin pul tam ödənilib. Bu səbəbdən də iddiadan imtina edir. İddiadan imtinanın nəticələri izah ölündür. Qətnamənin ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə yekun nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə qarşı daşınmaz əmlakın bağışlanması ilə bağlı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizəsi qəbul edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1285/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 191, 370, 384.0.5, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1285/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və DƏDRX-nin Lənkəran şəhər Ərazi idarəsinə qarşı daşınmaz əmlakın bağışlanması ilə bağlı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar