Məhkəmə qərarları › İş №2(106)-1299/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1299/2024

24.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1299/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale İlham oğlu və X2 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-847/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Tərtər X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2073.60 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tərtər X6 İdarəsinin Ağcabədi Xidmət Sahəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman qeydiyyatda olmayan qaz sayğacı aşkar olunmuş və xx.xx.2023-cü il tarixli akt əsasında onu qaz sayğacı ilə bağlı 2073,60 manat məbləğində cərimə edilmiş, əsas kimi qaz sayğacına kənar müdaxilə olunduğu göstərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, quraşdırılmış qaz sayğacının ara məsafəsi xeylidir, mütəmadi nəzarət etmək mümkün deyildir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-847/2024 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilərək Azəriqaz” İB Tərtər X6 İdarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında **********01380 nömrəli abonentə (İddiaçı) hesablanmış 2073,60 manat borcun 2016 manat hissəsinin silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin təmin edilmiş hissədə ləğv edib, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Ağcabədi rayonu Salmanbəyli kəndində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış “Zenner G-4” **********7 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı qaz xəttinin üzərində qeydiyyatda olmayan qaz sayğacı ilə qoşularaq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Akt əsasında 17280 m3 yəni (17280 m3 x 0.12 qəpik = 2073.60 manat) 2073.60 manat itirlmiş qaz hesablanmışdır. Nəzərinizə çatırırıq ki, qeydiyyatda olmayan sayğacın daxilinə baxış keçirilən zamanı sayğacın içərsində olan pərləri qıraraq götürülmüşdü. Bununla da sayğacın lövhəsində olan rəqəmlərin hərəkəti dayanmış olur, çəkilmiş fotodan sayğacın göstəricisinin 0 olmasını daha aydın görmək olur. Qazdan qeyriqanuni istifadə aradan qaldırıldıqdan sonra abonent tərəfindən açıb götürülmüş qeydiyyatda olan sayğac yerinə quraşdırılaraq plomblanıb təhvil verilmişdir. İddiaçı qeyriqanuni qazdan istifadə etmişdir. Yəni abonent məqsədli şəkildə günün müəyyən vaxtlarında qeydiyyatda olan sayğacı çıxaraq qeydiyyatda olmayan sayğacı quraşdıraraq xəttə qoşularaq təbii qazdan qeyri-qanuni istifadə edərək talamışdır. Bu hal uzun zamandı ki, davam edir bunun üçün abonentin saldosuna nəzər yetirsək, qazdan istifadəsi az olduğunu müəyyən etmək olar. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırkı talama faktı ilə bağlı inzibati və ya cinayət qaydasında hər hansı bir orqana müraciət etməmişlər. Yəni qazın talanması üzrə iddiaçının hər hansı məsuliyyəti barədə qərar mövcud deyildir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(017)-847/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-847/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu müəyyən edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İşdə olan Tərtər X6 İdarəsinin rəisi A.Muxtarov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu müəyyən edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 17280 kub metr həcmində (4 x 12 x 360) müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İşdə olan abonentin saldosundan görünür ki, 2023-cü il üzrə İddiaçı qazdan istifadə borcu, 2023-cü ilin dekabr ayında akt üzrə 2073,60 manat məbləğində borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinin tələbinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Kollegiya həmçinin diqqətə çatdırır ki, Qaz təchizatı haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin qanunun tələbləri baxımından qeyd edilməlidir ki, iddiaçının – istehlakçının qazın talanmasında təqsirli olması hər hansı qərarla müəyyən edilməmiş və və buna görə də, qaz paylayıcısı hazırkı halda istehlakçıdan zərərin əvəzinin ödənilməsi barədə subyektiv hüquqa da malik deyildir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları və tədqiq olunmuş sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-847/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar