Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1301/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X2, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsindən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi İddiaçı 0.40 ha torpaq sahəsinin Füzuli rayon İcra Hakimiyyətinin başçısının may 1992ci il tarixli müvafiq sərəncamı ilə «Bazar» kiçik müəssisəsinin istifadəsinə ayrılması faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsinin Füzuli rayon İcra Hakimiyyətinin başçısının may 1992-ci il tarixli müvafiq sərəncamı ilə «Bazar» kiçik müəssisəsinin istifadəsinə ayrılması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 1992-ci ildə o, yəni İddiaçı bacısı X6 və qohumu X7 ilə birlikdə birgə təsisçi kimi «BAZAR» kiçik müəssisəsini yaratmış və Füzuli rayon İcra Hakimiyyətinin müvafiq komissiyasında qeydiyyata aldırmışlar. 15 may 1992-ci il tarixdə kiçik müəssisənin direktoru kimi onunla Füzuli rayon İcra Hakimiyyətinin Horadiz qəsəbə nümayəndəsi X9 arasında “müqavilənamə” bağlanmış, həmin müqaviləyə əsasən Füzuli rayon İcra Hakimiyyətinin Horadiz qəsəbə nümayəndəsi X9, Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən «Bazar» kiçik müəssisəsinə 0.40 ha torpaq sahəsi ayırıb verməyi öhdəsinə götürmüşdür. Bu müqavilədən sonra onun tərəfindən həmin torpaq sahəsinin istifadəsinə verilməsinə dair müvafiq ərizə ilə aidiyyatı üzrə Füzuli rayon İcra Hakimiyyətinin o zamankı başçısı Ş.Abbasova müraciət olunmuş və Füzuli rayon İcra Hakimiyyəti başçısının may 1992-ci il tarixli müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsi «Bazar» kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Füzuli rayon İcra Hakimiyyəti başçısının bu sərəncamından təxminən bir həftə sonra, yəni 27 may 1992-ci il tarixdə Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini, komissiyanın sədri M.P.Ağayevin və komissiyanın digər üzvlərinin iştirakları ilə Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsi «Bazar» kiçik müəssisəsinin istifadəsinə naturada, yəni yerində ayrılaraq təhvil verilmişdir. Bundan sonra, onlar tərəflərindən həmin torpaq sahəsində müəssisənin balansında olmaqla bir sıra obyektlər, həmçinin ictimai-iaşə obyektləri tikilmiş və 23 oktyabr 1993-cü ilə kimi, yəni Horadiz şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunan günə kimi istifadə olunmuşdur. Həmin bazar camaat arasında “İran bazarı” kimi də tanınmışdır. İşin bu hallarını təsdiq edən şahidlər də vardır. Təxminən 3 aylıq işğaldan sonra yenidən qəsəbəyə qayıtdıqlarında bütün obyektlərin yandırıldığını və tamamən dağıdıldığını görmüşlər. Sonradan həmin torpaq sahəsinin bir hissəsində özünə məxsus bir kafe inşa etmiş, torpaq sahəsinin qalan hissəsi isə hal-hazırda başqa şəxs tərəfindən zəbt edilmişdir. Hazırda həmin torpaq sahəsini sənədləşdirə bilmir. Səbəb isə torpaq sahəsinin ayrılmasına dair Füzuli rayon icra Hakimiyyəti başçısının müvafiq sərəncamını və digər sənədləri əldə edə bilmir. Sənədlərin əldə edilməsi üçün aidiyyətı üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Füzuli rayon filialına müracəit etsə də, əldə edə bilməmişdir. Bu faktın məhkəmə qaydasında tanıdılmasında məqsədi Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsinin «Bazar» kiçik müəssisəsinin adına sənədləşdirilməsidir. Birinci instansiya məhkəməsində maraqlı şəxs Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirak etmədiyindən maraqlı şəxsin mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Füzuli rayonu, Horadiz qəsəbəsinin (hazırda şəhərinin) arxüstü adlanan hissəsindən Laçın-Bakı magistral avtomobil yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsinin İddiaçı təsisçisi olduğu «Bazar» kiçik müəssisəsinin istifadəsinə ayrılması faktının müəyyən olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi ərizəyə xüsusi icraat qaydasında baxmış, ərizəni təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 307.2, 307.2.11. 308-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, İddiaçı hələ 2014-cü ildə məhkəməyə müraciət edərək, ona məxsus obyektin qanunsuz sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun ödənilməsi, həmçinin ona məxsus obyektin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(064)- 762/2014 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. O, bu qətnamədən apellyasiya və kassasiya şikayəti versə də, şikayətləri təmin olunmamışdır. Lakin İddiaçı AR Ali Məhkəməsinə müraciət edərək, yeni açılmış hallar ilə əlaqədar onların arasında olmuş mübahisyə görə qəbul edilmiş AR Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarını və eyni zamanda bu iş üzrə qəbul edilmiş digər qərarların ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Yalnız bundan sonra o Füzuli Rayon Məhkəməsinin hal-hazırki qətnaməsindən xəbər tutmuşdur. Ərizəçi məhkəməyə 4 nəfər şahid dəvət etmiş və həmin şahidlər də ərizəçi tərəfindən bu torpaq sahəsində “Bazar” KM-nin fəaliyyət göstərdiyi və həmin “Bazar” KM-nin İddiaçı məxsus olduğunu bildirmişlər. Qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxsin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Füzuli rayonu, Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən Laçın-Bakı magistral avtomobil yolunun üst hissəsindən 0.40 ha torpaq sahəsinin İddiaçı təsisçisi olduğu «Bazar» kiçik müəssisəsinin istifadəsinə ayrılması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmələr hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxa bilər. Müəyyən edilir ki, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işə baxmışdır. Bununla yanaşı, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs ərizəçinin iddialı olduğu sahəyə özünün də hüquqlarının olduğunu, hazırki qətnamənin isə onun hüquqlarına toxunduğunu bildirmişdir. Beləliklə, müəyyən edilir ki, ərizəçi və şikayətçilər arasında hüquq haqqında mübahisə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-nin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya məhkəməsi, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, Kollegiya izah edir ki, hazırki qətnamənin ləğv edilməsi maraqlı şəxsin ümumi əsaslarla iddia vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(064)-1664/2022 saylı qətnaməsi ləğv edilsin; ərizəçi İddiaçı 0.40 ha torpaq sahəsinin Füzuli rayon İcra Hakimiyyətinin başçısının may 1992-ci il tarixli müvafiq sərəncamı ilə «Bazar» kiçik müəssisəsinin istifadəsinə ayrılması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kasssasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1301/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1301/2023
05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver