Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1301/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-689/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir. Əvvəllər cavabdeh ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. İddiaçı Cəlilabad rayonunun Maşlıq kəndində özünə məxsus torpaq sahəsində kartof məhsulu əkib becərir və kartof məhsulunun satışı ilə məşğul olur. 2023-cü ilin may ayında cavabdeh ona zəng edərək kartof satmasını xahiş etmiş və həmin kartofun pulunu nağd verəcəyi barədə söz vermişdir. İddiaçı da cavabdehi tanıdığına və həmkəndlisi olduğuna görə ona 1 kiloqramı 50 qəpikdən olmaqla, 6840 kiloqram kartof vermiş və həmin kartofun dəyəri 3400 manat təşkil etmişdir. 2023-cü ildə cavabdehdən ona olan 3400 manat pul borcunu istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək borcu verməkdən yayındığı üçün iddiaçı məcbur qalıb Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etməli olmuşdur. Cəlilabad RPŞ-də cavabdeh izahat verərək ondan kartof aldığını, həmin kartofun 3400 manat dəyərində olduğunu bildirmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(073)-689/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia təmin edilmiş, Cavabdeh 3400 manat pulun və 54 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(073)-689/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh olaraq birinci instansiya məhkəməsində iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və iddiaçı ilə həmkəndlidir. İddiaçı ilə münasibətləri normal olmuşdur. İddiaçıdan hər hansı kartof məhsulu almamışdır. İddiaçı bütün kənd camaatı kimi kartof məhsulunun əkini və satışı ilə məşğul olur. Kartof yığımı zamanı alıcılar yaşadıqları Maşlıq kəndinə gələrək kartof məhsulunu kənd camaatından alır. İmişli rayon sakini Pərviz Allahverdiyev bütün kənd sakinlərinin kartof məhsulunu nisyə olaraq kənd camaatından almış və pulunu iki ay müddətində ödəyəcəyini bildirmişdir. O cümlədən, Pərviz Allahverdiyev cavabdehdən də kartof məhsulu almış və pulunu qaytaracağına söz versə də, bugünə kimi pulunu ödəməmişdir. Cavabdeh isə Pərvizlə iddiaçını tanış etmişdir. Belə ki, Pərvizlə cavabdeh arasında kartof alğı-satqısı olduğundan o, Pərvizi alıcı kimi iddiaçı ilə tanış etmiş və iddiaçı da təsərrüfatında olan kartof məhsulunu nisyə olaraq Pərviz Allahverdiyevə satmışdır. Cavabdeh həmin vaxt iddiaçının satdığı kartof məhsuluna görə heç bir öhdəlik götürməmişdir. İddiaçı Pərviz Allahverdiyevdən pulunu ala bilməyəcəyini başa düşdükdən sonra pulu cavabdehdən tələb etməyə başlamışdır. Cavabdeh iddiaçı ilə söhbətlərində Pərvizin ona da borclu olmasını və bununla bağlı İmişli Rayon Məhkəməsində iddia qaldırdığını bildirərək, iddiaçıya da Pərvizə qarşı iddia qaldırmasını məsləhət görmüş, lakin iddiaçı inadla pulunu cavabdehdən alacağını demişdir. Səbəb kimi isə Pərvizi onunla cavabdehin tanış etməsini göstərmişdir. Məhkəmə heç bir mötəbər sübut olmadan işin faktiki hallarını araşdırmadan yalnız iddiaçının formal izahatı əsasında iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bir sıra qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Məhkəmə iddianı təmin edərkən Mülki Məcəllənin 1096-cı maddəsinə istinad etmişdir. Məhkəmə həmin maddəni tətbiq etməklə belə hesab etmişdir ki, guya cavabdeh iddiaçıya zərər vurmuşdur. Lakin işin faktiki hallarından da görünür ki, iddiaçının iddiası zərərlə bağlı yox, sırf alğı-satqı münasibətləri ilə bağlıdır. İddiaçı satdığı kartofun pulunu tələb edir. Söhbət burda alğı-satqı münasibətlərindən gedir. Lakin iddiaçı iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh qoymuşdur. Belə ki, o hesab etmişdir ki, Cavabdeh pulunu daha rahat ala bilər, nəinki Pərviz Allahverdiyevdən. Cavabdeh tərəfindən məhkəməyə şifahi vəsatət verilərək iddianın əsassızlığı barədə sübut kimi işin bilavasitə şahidləri olmuş şəxslərin dindirilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə iddiaçının yarımçıq və yalan tələbi barədə izahatını sübut kimi qəbul edərək ədalətli olmayan qətnamə qəbul etmişdir. Nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) tələbləri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, məhkəmə heç bir mötəbər sübut olmadan yalnız iddiaçının formal mülahizəsi əsasında iddianı təmin etməklə ədalətli olmayan qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, o, iddiaçıdan nisyə kartof almamışdır. İddiaçı kartofu Pərviz Allahverdiyev adlı şəxsə satmışdır. Pərviz Allahverdiyev böyük maşınla kəndə gələrkən digər həmkəndliləri kimi İddiaçı da ona yaxınlaşaraq özü tanış olmuş, bundan sonra kartofunu Pərviz Allahverdiyevə satmışdır. Onun özü də Pərviz Allahverdiyevə nisyə kartof satmışdır. Pərviz Allahverdiyev həmin kartofun da pulunu vermədiyinə görə İmişli Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Həmçinin, qeyd etdi ki, Cəlilabad RPŞ-də izahatında göstərilənlər həqiqətə uyğun deyil, o, izahatı özü yazmamış, izahat ona oxunmadan imzalatdırılmışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, Pərviz Allahverdiyev adlı şəxsi tanımır, onu indiyədək görməmişdir. Ondan kartofu Cavabdeh almışdır. Belə ki, 2023-cü ilin may ayında cavabdeh ona zəng edərək həyətində kartofunun olub-olmamasını soruşmuş, kartof almaq istədiyini bildirmişdir. O da kartofunun olduğunu söyləmişdir. Kartofun nağd olaraq satılmasını razılaşdırdıqdan sonra səhəri gün sahəsinə fəhlələr gətirdərək kartofu torpaqdan çıxartdırmış, cavabdehin gətirtdiyi paketlərə kartofu yığdıraraq onu çəkdirmişdir. Qiymətini razılaşdırdıqdan sonra cavabdeh pulu bir günə verəcəyini bildirmişdir. O da cavabdehi tanıdığına və həmkəndlisi olduğuna görə cavabdehə bir neçə gün möhlət vermişdir. Sonradan cavabdeh onun pulunun mayın 22-də veriləcəyini bildirmişdir. Lakin həmin vaxtda da pulunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmağa başlamışdır. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan Cəlilabad RPŞ-nin 30 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, həmin qərarla İddiaçı şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cəlilabad RPŞ-nin 30 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh öz izahatında bildirmişdir ki, o, Cəlilabad rayonu, Maşlıq kənd sakini İddiaçı tanıyır, heç bir ədavət və düşmənçilikləri yoxdur. O, Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən özünə məxsus torpaq sahəsində kartof məhsulu əkib becərir və satışı ilə məşğul olur. 2023-cü ilin may ayında İddiaçı kartof məhsulunu satmaqda ona köməklik etməsini xahiş etmişdir. O razı olduqdan sonra görüşüb birlikdə kartof sahəsinə baxmağa getmişlər. O, kartofun 1 kiloqramını 50 qəpik olmaqla sata biləcəyini demiş və aralarında razılaşmışlar. O, 200 ədəd kağız materialdan paket gətirmiş, paketlərə yığıldıqdan sonra 36 kiloqram olan kartof məhsulunu Vasifdən 3400 manata nisyə almış, 10-15 günə kartofları satdıqdan sonra borcunu qaytaracağını demişdir. Həmin kartof məhsullarını və özünə məxsus kartof məhsullarını nisyə olaraq İmişli rayon sakini Pərviz Allahverdiyevə göndərmiş, Pərviz pulu ödəyə bilmədiyindən Vasifin yanında yalançı olmuşdur. Hazırda Vasifə olan 3400 manat borcunu yaxın günlərdə ödəyəcəkdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh 23 dekabr 2023-cü ildə Cəlilabad RPŞ-yə verdiyi yazılı izahatın surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, apellyasiya şikayətində və apellyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıdan nisyə olaraq kartof almadığını və iddiaçının kartofu İmişli rayon sakini Pərviz Allahverdiyevə satdığını bildirsə də, cavabdehin bu barədə bildirdikləri Cəlilabad RPŞ-nin 30 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının məzmununda əksini tapmış öz izahatı ilə təkzib olunur. Belə ki, polisdə aparılan araşdırma zamanı Cavabdeh İddiaçı 3400 manata nisyə kartof aldığını və onun pulunu ödəyə bilmədiyini qəbul etmişdir. O, apellyasiya məhkəməsinin iclasında polisdə verdiyi izahatın onun sözlərinə əsaslanmadığını, izahatı oxumadan qarşısına qoyulan yazılı izahatı imzaladığını bildirsə də, onun 23 dekabr 2023-cü il tarixli yazılı izahatında qeyd edilmişdir ki, izahat ona ucadan oxunmuş, izahat onun sözləri ilə yazılmışdır. Cavabdeh həmin izahatın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin polis şöbəsində verdiyi izahatın onun sözlərinə əsaslanmaması ilə bağlı apellyasiya məhkəməsinin iclasında bildirdiklərini əsassız sayır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin iddiaçıdan nisyə olaraq aldığı kartofu sonradan Pərviz Allahverdiyev adlı şəxsə satmış olması cavabdehi iddiaçı qarşısında nisyə alğı-satqıdan irəli gələn öhdəliklərinin icrasından azad etmir. Bundan başqa, cavabdehin iddia ərizəsinə etirazda iddiaçının kartofun satıldığı Pərviz Allahverdiyevlə öz xalası oğlu vasitəsilə tanış olduğunu, apellyasiya şikayətində iddiaçı ilə Pərviz Allahverdiyevi özünün tanış etdiyini bildirmiş, apellyasiya məhkəməsinin iclasında isə iddiaçının heç bir vasitəçinin iştirakı olmadan yaxınlaşaraq Pərviz Allahverdiyevlə özünün tanış olduğunu qeyd etmişdir. Göründüyü kimi, cavabdeh işin faktiki hallarına dair bir-biri ilə uyğunsuzluq təşkil edən ifadələr səsləndirmişdir. Bu cür uyğunsuzluqlar isə cavabdehin bildiriklərinə qarşı şübhə yaratmaqla, onların qeyrisəmimiliyinə dəlalət edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında şifahi qaydada bağlanmış kartof məhsulunun nisyə alğı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 3400 manat dəyərində kartof məhsulunu nisyə olaraq satmış, cavabdeh isə həmin kartofun dəyərini iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən normaları hazırkı iş üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin cavabdehdən 3400 manat pulun alınıb iddiaçıya verilməsinə dair gəldiyi nəticə düzgün olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı hissədə də düzgün nəticəyə gəlmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(073)-689/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(073)-689/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1301/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1301/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver