Məhkəmə qərarları › İş №2(106)-1306/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1306/2024

25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1306/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-645/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 noyabr 2016-cı il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonunun Kosakül kəndində özünə məxsus fərdi yaşayış evi X1 qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. İddiaçı tarif planına uyğun olaraq X1yə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin 18 noyabr 2016-cı il tarixdə "xxxx" ASC-nin Masallı EŞ-nin işçiləri gələrək evinə gələn elektrik xətlərini yoxlamış, elektrik xətlərində hər hansı bir problemin olmamasını bildirmiş, sonra sayğaca baxış etmiş və çıxıb getmişlər. Daha sonra öyrənmişdir ki, 18 noyabr 2016-cı il tarixdə akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, “X1 Qaydaları”na uyğun olaraq elektrik sayğacına baxış zamanı sayğacdan kənar xəttin aşkarlandığı müəyyən olunmuşdur. Həmin akta görə iddiaçıya 3669,12 manat borc yazmışlar. İddiaçının həyətində heç vaxt sayğacdan kənar xətt olmamışdır. Akt otaq şəraitində yazılmış və heç bir qanuna istinad edilməmişdir. İddiaçının cavabdeh təşkilata sərf etdiyi enerjiyə görə ilboyu borcu olmuşdur. İddiaçı borclarını qarışdırdığına görə pul ödənişlərini mütəmadi ödəmişdir. Hal-hazırda da cavabdeh təşkilata 500 manata yaxın borcu var. Akt əsassızdır və hesab edir ki, məhkəmə qərarı ilə ləğv edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə iddiaçıya yazılmış aktın surətini cavabdeh təşkilatdan istəsə də, heç bir nəticəsi olmamış, aktın surətini ona verməmişlər. Masallı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(050)-645/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(050)-645/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çıxarılmış qətnamə ilə razı deyil. Qəbul edilmiş qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Dəfələrlə "xxxx" ASC-yə şifahi və rəsmi müraciətlər etsə də, barəsində yazılmış aktı ona verməmişlər. Barəsində yazılmış aktdan iddiaçının, ümumiyyətlə, məlumatı olmamışdır. Yazılmış aktdan onun 2023-cü ilin oktyabr ayında məlumatı olmuşdur. Məlumatı olan kimi də aktın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Hakim heç bir araşdırma aparmadan iddia tələbini rədd etmişdir. Sadəcə olaraq boş-boşuna məhkəmə iclaslarını təxirə salmış, iddia tələbinin rədd edilməsi üçün zəmin yaratmışdır. Məhkəmə qətnaməsində borcun ödənilməsi barədə razılaşma protokoluna istinad edərək iddia tələbini rədd etmişdir. Həmçinin, qətnamədə qeyd edilir ki, iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar verilməmişdir. O, məhkəmə iclasında hakimə dəfələrlə bildirmişdir ki, onun yazılmış aktdan məlumatı yoxdur, onun tərəfindən razılaşma protokolu yazılmamış və imza edilməmişdir. Sübutlara gəlincə o, aktın ləğv edilməsini tələb edir və bildirir ki, akt otaq şəraitində yazılmışdır. Qanunsuz və əsassız yazıldığından ləğv edilməyə məhkumdur. Aktın doğru yazılması barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş razılaşma protokolundakı imzanın ona aid olmadığını və bu barədə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Onun aktdan və razılaşma protokolundan xəbəri yox idi, razılaşma protokolundakı imzanın ona aid olmadığı ortaya çıxsa idi, müqayisəsiz iddia tələbi təmin ediləcəkdi. Məhkəmə isə bilə-bilə araşdırma aparmadan qanunsuz bir qərar qəbul etmişdir. Hesab edir ki, çıxarılmış qətnamə onun hüquqlarını kobud şəkildə pozduğundan ləğv edilməlidir. Məhkəmə heç bir araşdırma aparmadan məhkəmə iclaslarını təxirə salırdı. Dəfələrlə məhkəmədən xahiş etmişdir ki, işə mahiyyəti üzrə baxın. Pozuntulardan biri də odur ki, məhkəmə onun şifahi vəsatətlərini təmin etməmişdir. Razılaşma protokolundakı imzanı o mübahisələndirdiyi halda, imzanın ona aid olmadığı halda, məhkəmə ona qətnaməsində mötəbər sübut kimi qiymət vermişdir. Ümumiyyətlə, məhkəmə iclasları prosessual pozuntularla aparılmışdır. Məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir ki, hansı səbəbə görə iddia tələbini rədd etmişdir. Mötəbər sübut kimi istinad etdiyi razılaşma protokolu onun tərəfindən imzalanmamışdır. Cavabdeh "xxxx" ASC iddiaçının apellyasiya şikayətinə qarşı etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, abonent (iddiaçı) İddiaçı tərəfindən sayğacdan kənar X1 faktı aşkarlandığı üçün barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18 noyabr 2016-cı il tarixli, NDM 007123 saylı akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin dəyəri olaraq 3669,12 manat borc hesablanmışdır. İddiaçı həmin pozuntu faktınının mövcudluğunu etiraf etməklə borc məbləğini mübahisələndirmədiyindən həmin borcdan 30 noyabr 2016-cı il tarixində "xxxx" MMC vasitəsi ilə 300 manat ödəniş də etmişdir (Ödəniş qəbzinin surəti birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir). Bunun davamı olaraq, iddiaçı 22 dekabr 2016-cı il tarixində həmin vaxt mövcud olmuş 3513,08 manat borcunun hissə-hissə ödənilməsi barədə enerji təchizatı müəssisəsi ilə razılaşma protokolu da imzalamışdır (Razılaşma protokolunun surəti birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir). Bu da onu göstərir ki, iddiaçı həmin borc məbləğindən həmin vaxt məlumatlı olmuş, onu mübahisələndirməmiş, lakin qanunla müəyyən edilən iddia müddətini ötürməklə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsi də iş materiallarını tam və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara obyektiv qiymət vermiş və qanunvericiliyin tələblərini rəhbər tutmaqla obyektiv, ədalətli və qanuni qətnamə qəbul etmişdir. Bu səbəbdən də iddiaçının apellyasiya şikayəti əsassız olduğundan onun təmin edilməməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-645/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin 14 avqust 2024-cü il tarixli iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun barəsində akt tərtib olunsa da, onun həmin aktdan ümumiyyətlə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi isə onun iddiasını rədd edərkən işdəki razılaşma protokoluna əsaslanmışdır. Halbuki, həmin protokol da onun tərəfindən imzalanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki abonent İddiaçı **********00057 nömrəli abunə haqqında cədvəlindən görünür ki, 18 noyabr 2016-cı ildə NDM 007123 nömrəli akt əsasında sayğacdan kənar istifadəyə görə ona cəmi 3669,12 manat cərimə borcu hesablanmışdır. Hazırda iddiaçı həmin 18 noyabr 2016-cı il tarixli aktın etibarsız hesab edilməsini və akta əsasən hesablanmış 3669,12 manat borcun silinməsini tələb edir. Bununla belə iddiaçı həmin aktın özünü məhkəməyə təqdim edə bilməmiş, vəsatətlə həmin aktın tələb edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən sorğunun cavablanması haqqında ərizədə qeyd edilmişdir ki, həmin aktın saxlama müddəti ilə əlaqədar mərkəzi arxivə təhvil verilməsi səbəbindən onun hazırda təqdim edilməsi mümkün deyil. İddiaçı isə həmin aktdan ümumiyyətlə məlumatı olmadığını, aktın otaq şəraitində yazıldığını qeyd etməklə, onun etibarsız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, sadəcə şəxsin həmin aktdan məlumatı olmadığını əsas götürməklə aktın etibarsız olması qənaətinə gəlmək mümkün deyil. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audiovideo yazısından da müəyyən olunduğu kimi, iddiaçı cavabdeh təşkilatın həmin akt əsasında cərimə borcunu onun elə "xxxx" ASC-nin özündə işləmiş oğlundan aldığını və onun əmək haqqından tutulduğunu qeyd etmişdir. Bu hal özü ona dəlalət edir ki, oğlu iddiaçının nümayəndəsi kimi həmin aktdan məlumatlı olmuş, akt üzrə əmək haqqından tutulmalar aparılmasını bilmişdir. Əgər həqiqətən də həmin akt barəsində oğlu iddiaçıya hər hansı bir məlumat verməmişdirsə, bu hal özlüyündə aktın etibarsız hesab edilməsi üçün əsas vermir. Bundan başqa, aktın yazılmasından cəmi 12 gün sonra 30 noyabr 2016-cı ildə abonent tərəfindən "xxxx" MMC vasitəsilə elektrik enerjisinə görə 350 manat məbləğində pulun ödənilmiş olması da aktdan və cərimə məbləğindən məlumatlı olduqlarını təsdiq edir. Həmçinin, işdəki 22 dekabr 2016-cı il tarixli istifadə edilmiş elektrik enerjisi haqqının hissə-hissə ödənilməsi barəsində razılaşma protokolunun surətindən görünür ki, həmin protokolla istehlakçı İddiaçı 22 dekabr 2016-cı il tarixə Masallı EŞ-yə olan 3513,08 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul etmiş və müvafiq qrafik üzrə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı həmin aktdakı imzanın ona məxsusluğunu mübahisələndirmiş olsa da, sözügedən protokolda öz əksini tapmış qrafik üzrə ödənişlərin əksər hissəsinin əmək haqqından tutmalar şəklində ödənilmiş olması da iddiaçı tərəfin (şəxsən və ya oğlu vasitəsilə) həmin borc məbləğindən xəbərdar olduğunu əks etdirir. Bundan əlavə, əgər həmin aktı iddiaçının oğlu imzalamış və ya əmək haqqından aparılan tutulmalar iddiaçının oğlunun əmək haqqından edilmişdirsə, bu barədə oğlu iddiaçıya hər hansı bir məlumat verməmişdirsə, buna görə cavabdeh təşkilatın hər hansı məsuliyyəti yarana bilməz. Qeyd edilənlərlə yanaşı, iddiaçı həmin aktın özünü təqdim edə bilməmiş olsa da, aktın sayğacdan kənar istifadəyə görə yazılmış olması abunə haqqında cədvəldən müəyyən edilir. İddiaçı aktın yazıldığı dövrdə elektrik enerjisindən sayğacdan kənar şəkildə istifadə etmədiyinə dair də hər hansı sübut təqdim etməmiş, sadəcə özünün aktdan xəbərinin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası MPM-in 77.1-ci maddəsinə uyğun olaraq bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Həmin maddəyə uyğun olaraq iddiaçı etibarsızlığını tələb etdiyi aktın hansı səbəbdən etibarsız hesab edilməli olmasına dair arqumentlər irəli sürərək, onun etibarsızlığını əsaslandıran sübutlar təqdim etməli idi. Hazırkı halda isə iddiaçı sadəcə abunə haqqında cədvəl təqdim etmiş, konkret olaraq mübahisələndirdiyi aktın etibarsızlığı üçün əsas olan halın nədən ibarət olmasına dair hər hansı bir əsaslandırılmış fikir bildirməmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayətində cavabdeh təşkilatın aktın doğruluğunu təsdiq etmək üçün hər hansı sübut təqdim etmədiyini bildirmişdir. Halbuki, MPM-in 217.2ci maddəsinə uyğun olaraq qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin iddiaçının arqumentinin əsasını təşkil edən MPM-in 77.2-ci maddəsi 9 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir və hazırda qüvvədə deyil. Həmin maddədə qeyd olunurdu ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Sözügedən maddə hazırda qüvvədə olmadığına görə iddianı sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinə uyğun olaraq birbaşa olaraq iddiaçının üzərinə düşür. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçı 18 noyabr 2016-cı il tarixli akta əsasən hesablanmış 3669,12 manat borcun silinməsini tələb etsə də, abunə haqqında cədvəlin verildiyi 2023-cü il tarixə olan məlumatlara görə, iddiaçının elektrik enerjisinə görə cəmi 245 manat borcu olmuşdur. Belə olan halda, iddiaçının 3669,12 manat borcun silinməsini tələb etməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutlar təqdim etmədiyindən, onun barəsində tərtib olunmuş aktın hansı səbəbdən etibarsız hesab edilməli olmasını əsaslandırmadığından, onun abonent hesabına hesablanmış borcun əsassız olmasını sübuta yetirə bilmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının silinməsini tələb etdiyi borc məbləği 3669,12 manat olduğundan, yəni qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(050)-645/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar