Məhkəmə qərarları › İş №2(106)-1312/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1312/2024

22.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1312/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadadından cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X4 Şirvan şəhəri Şəhidlər küçəsi 7 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına tərəfindən 3600 manat məbləğində kompensasiya ödənilmək şərti ilə xitam verilməsini tələb etmişdir. Cavabdeh X1 nümayəndəsi Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi vermişdir. Şirvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadına əsasən İddiaçı cavabdeh X3 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh Vəkil qərardadan verilən şikayət üçün prosessual müddətin bərpasına dair ərizə və şikayət vermişdir. Ərizədə “e-məhkəmə” sisteminə texniki problemlərə görə daxil olmaq qeyri-mümkün olduğu və bu səbəblərə görə mübahisələndirilən qərardaddan vaxtında şikayət verilə bilməməsi göstərilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Vəkil həmin qərardaddan şikayət vermişdir. Şikayətdə gösətrilmişdir ki, burada ötürülən müddət ay və il ilə ötürülməyib, yalnız 1 gün ötürülüb. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericliyin tələblərinə görə ağlabatan müddət ötürmüşdür. Bu müddətin ötürülməsi onun iradəsindən asılı olmayan səbəblərə görə baş verib. “Elektron məhkəmə” informasiya sistemindən istifadə edən hər bir şəxsə bəllidir ki, həmin sistemdə müxtəlif vaxtlarda texniki olaraq problemlər yaranır. Buna görə də, heç kim məsuliyyət daşımır. Belə halların baş verməsi təkcə vəkillər yox, eyni zamanda hakimlər də şahiddir. Hakim tərəfindən heç bir əsas götürülmədən, yanlız prosessual qanunvericiliyin tələblərini sadalamaqla kifayətlənərək prossesual müddətin bərpasından əsassız olaraq imtina etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadından şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Ancaq vəkil məhkəmənin yuxarıda adıçəkilən qərardadından şikayət vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsinə dair Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadından cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya işin materiallarına nəzər saldıqda gəldiyi qənaətə uyğun olaraq həmçinin diqqətə çatdırır ki, MPM-in 120-ci maddəsinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Bundan başqa, MPM-in 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(032)-226/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar