Məhkəmə qərarları › İş №2(106)-1329/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1329/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1329/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 12 may 2023-cü tarixli, 2(053)- 403/2023 saylı qətnaməsindən (hakim S.Quliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "Ferrum Kapital” QSC-nin xeyrinə 40022091 nömrəli, 07 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 969,99 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış 40022091 nömrəli, 07 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1066,99 manat dəyərində nisyə aldığı mala görə 97 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 969,99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "Ferrum Kapital” QSC ilə "Optimal Elektronika” MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "Optimal Elektronika” MMC-nin Cavabdeh qarşı olan 969,99 manat məbləğindəki tələb hüququ "Ferrum Kapital” QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "Ferrum Kapital” QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında qeyd olunan müqavilənin 2 nömrəli əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən həmin müqavilənin 1 nömrəli əlavəsinə müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3 faizi miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanan nisyə alqı-satqı müaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin hazırda 969,99 manat əsas borcu və 0 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin onun tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də cavabdehə iddiaya münasibət bildirməsi üçün müvafiq bildiriş göndərmişdir. Cavabdehin iddiaya qarşı etirazı daxil olmadığından, işə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Neftçala Rayon Məhkəməsinin 12 may 2023-cü tarixli, 2(053)-403/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 40022091 nömrəli, 07 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 969,99 (doqquz yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat borc, 0 (sıfır) manat cərimə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 1.000,39 (min manat otuz doqquz qəpik) manat pul vəsaitinin iddiaçı "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırıllmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Optimal Elektronika” MMC, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə məhsulu almadığı halda əsassız olaraq İddiaçı QSC-yə həmin borc məbləğini güzəşt etmişdir. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən mövcud olmayan tələb güzəşt edilmişdir. İşin faktik hallarına əsasən, "xxxx" MMC cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə məhsulu (Samsung Galaxy A53 (A536) 6GB/128 Blue) mənə təhvil verməmişdir. Belə olan halda, cavabdehdə olmayan mala görə niyə ödəniş edilməlidir. İddiaçı qeyd olunan müqavilə üzrə alıcıda olmayan məhsula görə pul tələb edilə bilməz. İddiaçı QSC iddia edirsə ki, onunla "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin hesabına cavabdehə görə xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərini, bank çıxarışlarını, (ödəniş tapşıqlarını) təqdim etməklə "xxxx" MMC-dən ödəmiş olduğu pul vəsaitini geri tələb edə bilər. Bu cür tələb etmək onun subyektiv hüquqdur. Lakin cavabdehə qarşı hazırkı, iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Həm "xxxx" MMC və həm də cavabdeh tərəfindən qeyd olunan bütün hallarla bağlı İddiaçı QSC məlumatlandırılmışdır. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılsada, satıcı şirkət tərəfindən sifariş etdiyi Samsung Galaxy A53 (A536) 6GB/128 Blue markalı mobil telefonu razılaşdırılmış müddətdə təhvil ala bilmədiyindən məhsuldan imtina etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, həqiqətən də, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmış, sonradan müqavilə ilə sifariş etdiyi məhsulu (Samsung Galaxy A53 (A536) 6GB/128 Blue) müəyyən olunduğu müddət əzində təhvil ala bilmədiyindən məhsuldan imtina edilmişdir. Nəticədə xx.xx.2023-cü il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2023-cü il tarixli 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc 0 (sıfır) Azn təşkil edir. Ferrum Kapital-da xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 969.99 azn artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyidir. Göründüyü kimi, "xxxx" MMC və Ferrum Kapital” QSC arasında bağlanmış Faktorinq müqaviləsinə və ona əlavəyə əsasən "xxxx" MMC cavabdehə qarşı olan pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 394-1-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı etiraz və yaxud da işə məhkəmə iclasında baxılması barədə məhkəməyə vəsatət daxil olmamış, işə yazılı icraat qaydasında baxılmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinin tələbinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasını onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda cavabdehə məhsul təqdim edilmədiyindən və müqavilədə ləğv edildiyindən cavabdeh buna görə məsuliyyət daşımamalıdır və iddia buna görə də təmin edilə bilməz. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda cavabdeh tərəf "Optimal Elektronika” MMC-nin verdiyi 23 iyun 2023-cü il tarixli Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi barədə arayışı və borcun olmaması barədə maliyyə arayışını apellyasiya şikayətinə əlavə etmişdir. Belə ki, materiallarında olan satıcı - "Optimal Elektronika” MMC alıcı - Cavabdeh arasında bağlanmış 40022091 nömrəli, 07 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki, satıcı - "Optimal Elektronika” mMc alıcı - Cavabdeh dəyəri 1066,99 manat olan mal, (telefon) müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə satmışdır. İş materiallarında olan 07 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı "Optimal Elektronika” MMC tərəfindən qiyməti 1066,99 manat olan telefon Samsung Galaxy A53 (A536) alıcı - Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli, R-16/19 nömrəli faktorinq müqaviləsindən və faktorinq müqaviləsinə əlavə olunan 10 avqust 2022-ci il tarixli, Rxx/xx-0233 nömrəli sazişdən görünür ki, "Ferrum Kapital” QSC ilə "Optimal Elektronika” MMC arasında faktorinq müqaviləsi imzalanmış və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "Optimal Elektronika” MMC Cavabdeh qarşı olan tələb hüququ "Ferrum Kapital” QSC-yə keçmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 40022091 nömrəli, 07 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 13 mart 2023-cü il tarixinə "Ferrum Kapital” QSC-yə 969,99 manat əsas borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 969,99 manat borcu vardır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 14 mart 2023-cü il tarixli bildirişdən və 16 mart 2023-cü il tarixli poçt reyestrindən görünür ki, Cavabdeh "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmiş, 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin 23 iyun 2023-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 40022091 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi ( Samsung Galaxy A53 (A536) 6 GB/128 GB Blue) mobil telefonunu müəyyən olunmuş müddətdə təhvil ala bilmədiyindən məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc 0 AZN təşkil edir. “Ferrum Capital”da xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 969.99 AZN artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyidir. Apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin 23 iyun 2023-cü il tarixli, 6808 nömrəli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 40022091 nömrəli borc müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. xx.xx.2022-ci il tarixində verilmiş 969.99 AZN kredit tam bağlanmışdır və bu öhdəlik üzrə heç bir borc məbləği yoxdur. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərin həcmi: 0 AZN təşkil etməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsasdır. Buna görə də cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 40022091 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan Cavabdeh tərəfindən müqavilə üzrə sifariş etdiyi Samsung Galaxy A53 (A536) 6 GB/128 GB Blue mobil telefonunu müəyyən olunmuş müddətdə təhvil ala bilmədiyindən o qeyd edilən məhsuldan imtina etmişdir. Nəticədə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-nin sistemində borcu 0 AZN təşkil edir. "xxxx" MMC öz arayışında göstərmişdir ki, “Ferrum Capital”ın hazırda tələb etdiyi xx.xx.2022-ci il tarixli, 40022091 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 969.99 AZN artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyidir. xx.xx.2022-ci il tarixində verilmiş 969.99 AZN kredit tam bağlanmışdır və bu öhdəlik üzrə heç bir borc məbləği yoxdur. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərin həcmi: 0 AZN təşkil etməsi göstərilmişdir. Apellyasiya şikayəti təmin edildiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 12 may 2023-cü tarixli, 2(053)-403/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti "Ferrum Kapital” QSC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar