Məhkəmə qərarları › İş №2(106)-1336/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1336/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1336/2025 06.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, Cavabdeh iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsinə əsasən əsas borca görə 20850 (iyirmi min səkkiz yüz əlli ) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.55 (yüz əlli iki manat əlli beş qəpik) manat, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş xərcə görə 320 (üç yüz iyimi) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli 0711/2023 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, Satıcı Alıcıdan daxil olmuş tələbnamə sifariş əsasında spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları və xidməti Alıcının ünvanına çatdırır, Alıcı isə müqavilə əsasında təqdim edilmiş qaimə ilə təsdiqini tapmış malların və xidmətin qiymətini ödəyir. Alıcının sifarişləri əsasında 07 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək ümumi dəyəri 27.400,00 manat (ƏDV daxil) olan mallar Satıcıya təhvil verilmişdir. Müqavilənin tələblərinə uyğun olaraq alıcının sifarişləri əsasında müvafiq Mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən MMC-nin bank hesabına malların dəyərinin müəyyən bir qismi- 6.550,00 manat məbləğində pul vəsaiti ödənilmişdir. Təhvil alınmış malların ödənilməmiş hissəsi olan 20850 (iyirmi min səkkiz yüz əlli) manat pul vəsaiti Alıcı tərəfindən MMC-nin bank hesabına ödənilməmişdir. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən, Alıcı, malların dəyərini Satıcının “Malı” və “Mallar” Alıcının ünvanına çatdırılmasından, boşaltmasından və malın təhvil-təslimindən sonra 10 gün ərzində Satıcının bank hesabına nağdsız şəkildə tam həcmdə ödəmək öhdəliyi götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Cavabdehə 13 avqust 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubu ilə borcun ödənilməsi xahiş olunsa da, cavabdeh pretenziya məktubunun ona çatdığı gündən borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Borc ödənilməmiş qalmaqdadır. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən həmin vaxt iddiaya dair mövqeyi bəlli olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin (hakim M.Rəsulova) 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh “FF SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı müqaviləyə əsasən, 20850 (iyirmi min səkkiz yüz əlli ) manat borcun və 152.55 (yüz əlli iki manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 443.1, 448.1, 448.2, 567, 568.1, 597.1, 598.1, 598.2-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh şikayətində göstərmişdir ki, o, (cavabdeh) 2021-2022-ci illərdə "xxxx" MMC Şirkətində direktor vəzifəsində işləyən vaxtlarda İddiaçı MMC ilə "xxxx" MMC arasında ayrıayrı vaxtlarda müqavilələr bağlanmışdır. İddiaçı MMC-də ekspeditor vəzifəsində işləyən X4 adlı şəxs digər tərəfdən müqaviləni imzalayan Cavabdeh şəxsiyyət vəsiqəsinin ksero surətini əldə etmiş və sonradan Əbülfəzin şəxsiyyət vəsiqəsinin istifadə edərək, xx.xx.2023- cü il tarixdə saxta alqı-satqı müqaviləsi hazırlayaraq, öz işlədiyi şirkətə aid ümumi dəyəri 27.400 manat olan malları Cavabdeh adından götürmüşdür. X1 həmin malların dəyərinin bir qismini, yəni 6550 manatını ödəmiş, qalıq 20850 manatını isə ödəməmişdir. Bunun nəticəsi olaraq, İddiaçı MMC iddiaçı qismində, saxtalaşdırılmış müqavilə tərəfi kimi Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinə iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MMC-nin xeyrinə 20850 manat pulun alınması qət edilmişdir. Cavabdeh faktiki yaşadığı ünvan məhkəməyə məlum olmadığına görə, məhkəmədə onun iştirakı təmin edilməmişdir. Qətnamə üzrə İcra vərəqəsi verildikdən sonra, icra məmurunun çağırışından sonra onun saxta müqavilədən və məhkəmə qətnaməsindən məlumatı olmuşdur. Bundan sonra o, İddiaçı MMC-yə müraciət etmiş, Şirkətdən ona bildirmişlər ki, onun adından həmin müqaviləni X4 şirkətin işçisi Amal Qasımovun vasitəsi ilə rəsmiləşdirmişlər. Bundan sonra Qasımov Amala zəng edib soruşmuş, Amal bildirmişdir ki, şəxsiyyət vəsiqəsini ona X4 vermişdir. Eyni zamanda Amal ona bildirmişdir ki, onun adından olan müqaviləni Muxtar Məmmədov onun yanında imzalamışdır. Apellyasiya şikayətinə görə Cavabdeh iddiaçı ilə müqavilə bağlamamış və üzərinə öhdəlik götürməmişdir. Şikayətə görə, saxtakarlıq edən şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən suiistifadə etmə və dələduzluq cinayətlərinin tərkib əlamətləri vardır. Ona görə də, apellyasiya prosesində, apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapacağı halda, məhkəmə MPM-nin 264-cü maddənin tələbinə əsasən cinayət faktının araşdırılması üçün xüsusi qərardad çıxarmaqla, prokurora göndərilməsi məsələsi müzakirə etməlidir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, müqavilədə olan imzalar ona məxsus deyil. Sadəcə o, əvvəl həmin şirkətlə əlaqəli başqa şirkətdə işləmişdir. Həmin vaxt onun şəxsiyyət vəsiqəsinin surəti onlarda olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən istifadə edərək onun adından müqavilə imzalanmışdır. Cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçı MMC-nin təqdim etdiyi müqaviləni imzalamamışdır. Ümumiyyətlə müqavilədən məlumatı yoxdur. İddiaçı ona hər hansı mal verməyib və sənəddə nə mal oluğunu belə bilmir. Birinci instansiya məhkəməsində ona bildiriş gəlməyib, bu səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Faktiki olaraq Gəncə şəhərində yaşayır. Qətnamədən icra mərhələsində ona qohumları xəbər vermişdir. Bundan sonra apellyasiya şikayəti vermişdir. Xəbər tutduqdan sonra İddiaçı MMC-yə gedərək müdürlə saxlayarkən ona bildirmişlər ki, ondan əvvəl işləyən şəxs onun adına müqavilə bağlayıb və imza etmişdir. Sonra o, polisə və prokuroluğa şikayət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək bildirmişdir ki, hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasında eyni tarixə təyin edilmiş Nərimanov rayon Məhkəməsində məhkəmə iclasının olması səbəbindən iştirak etməyi mümkün deyildir. Təyin olunmuş tarixdə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmir. Bundan başqa, məhkəmənin hazırki mərhələsinədək araşdırılmış sübutları, o cümlədən ekspertiza rəylərini nəzərə alaraq MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmaqla Baş Prokurorluğa göndərilməsini xahiş edir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni və izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kserosurəti iddiaçı tərəfindən təqdim edilmiş, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsinə görə Alıcının sifarişləri əsasında 07 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək ümumi dəyəri 27.400 manat (ƏDV daxil) olan mallar cavabdehə təhvil verilmişdir. İddiaçı tələbində 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı müqaviləyə əsasən, yaranmış borcu tələb etmişdir. İddiaçının tələbinə görə, alıcının sifarişləri əsasında müvafiq mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, təhvil alınmış malların dəyərinin müəyyən bir qismi- 6.550 manat məbləğində pul vəsaiti ödənilmişdir. Təhvil alınmış malların ödənilməmiş hissəsi olan 20850 (iyirmi min səkkiz yüz əlli) manat pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsnə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunun bu tələbinə görə, məhkəmə tərəflərin müəyyən edilmiş qaydada birinci instansiyada təqdim etdiyi sübutları, yaxud həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığı hallarda apellyasiya məhkəməsində təqdim edilmiş sübutları araşdırmalıdır. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2-ci maddə). MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar yazılı sübutlar hesab olunur (MPM, 89.1-ci maddə). İddiaçı sübut olaraq tərəflər arasında bağlanmış müqaviləni (surətini) təqdim etmişdir. Müqavilənin mövcudluğu, onun cavabdeh tərəfindən imzalandığı, malların alındığı və borcun ödənimədiyi müəyyən edildiyi halda iddiaçının tələbi keçərlidir. Cavabdeh apellyasiya şikayətində və izahatında müqavilənin onun tərəfindən imzalanmadığını qeyd etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, əvvəllər iddiaçı MMC ilə əlaqəli başqa şirkətdə işləyərkən onun şəxsiyyət vəsiqəsinin surəti İddiaçı MMC-də olmuşdur. Onun şəxsiyyət vəsiqəsinin surətindən istifadə edərək onun adından müqavilə imzalanması mümkündür. Cavabdeh vəkili Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə Azərbaycan Respublikasının Daxili İşlər nazirinə və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanladığı müraciətlərində Muxtar Arif oğlu və X5 barəsində araşdırma aparılıb, cinayət işinin başlanması üçün göstəriş verilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2025-ci il tarixli qərardadı ilə iş materiallarında olan İddiaçı MMC-nin istinad etdiyi 07 noyabr 2023-cü il tarixli 0711/2023 saylı alğı-satqı müqaviləsindəki imzanın Cavabdeh tərəfindən icra edilibedilməməsinin müəyyən edilməsi zərurəti yarandığından məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, zəruri materialların ekspertə təqdim edilməsi tərəflərə həvalə edilmişdir. Cavabdeh eksperimental imza nümunələrini təqdim etmiş, iddiaçı tərəfindən zəruri materiallar təqdim edilməmişdir. 25 sentyabr 2025-ci il tarixdə, 07 noyabr 2023-cü il tarixli 0711/2023 nömrəli alqı-satqı müqaviləsinin əsli təqdim edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmişdir. Hazırki halda istinad etdiyi halları sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı istinad etdiyi müqavilənin əslini, eləcə də malların cavabdehə təhvil verilməsi ilə bağlı hər-hansı sənəd təqdim etməmişdir. İddiaçı MMC-nin direktoru İ.Nəzərov elektron qaydada məhkəməyə göndərdiyi məktubunda, 07 noyabr 2023-cü il tarixli, 0711/2023 nömrəli alqı-satqı müqaviləsinin əslinin Cəmiyyətin arxiv sənədləri arasında hazırki tarixədək tapılmadığını bildirmişdir. İddiaçı müqavilə şərtlərinə istinad edərək alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu tələb etsə də istinad etdiyi halları sübuta yetirə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi müqaviləni təqdim edə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddianı təmin etmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, əsassız qətnamə qəbul etmişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Odur ki, apellyasiya şikayətini təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-43/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar