Məhkəmə qərarları › İş №2(106)-1344/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1344/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1344/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Z Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, əmlakın boşaldılması və təhvil verilməsi. X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı X (QSC-nin) Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(050)-1511/2024 saylı qətnaməsindən (hakim Firdovsi Əliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "AccessBank” QSC-nin nümayəndəsi Nümayəndə oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "AccessBank” QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 353.6 kv.m, yaşayış sahəsi 78.8 kv.m, yardımçı sahəsi 274.8 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 0.04 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi "AccessBank” QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "AccessBank” QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakışəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "AccessBank” QSC-nin mülkiyyətində olan Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 353.6 kv.m, yaşayış sahəsi 78.8 kv.m, yardımçı sahəsi 274.8 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 0.04 ha torpaq sahəsini alıcı Cavabdeh 30000 (otuz min) manata satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı "AccessBank” QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 25000 (iyirmi beş min) manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 aydan bir dəfə 5000 (beş min) manat olmaqla 5 dəfə ödəniş etməyi öhdəsinə götürür. Lakin, alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 10 000 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən "Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdehn nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(050)-1511/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilmiş, Cavabdeh Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 353.6 kv.m, yaşayış sahəsi 78.8 kv.m, yardımçı sahəsi 274.8 kv.m-dən ibarət 4 otaqlı fərdi yaşayış evindən və ümumi sahəsi 0.04 ha torpaq sahəsindən çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, AccessBank QSC-dən kredit götürmüşdür. Kreditin təminatı olaraq Masallı rayon Ərkivan qəsəbəsində 0,04 hektar torpaq sahəsi və üzərində 274.8 kvadrat metr olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdi. Kredit borcunu vaxtında ödəyə bilmədiyindən fərdi yaşayış evi iddiaçı təşkilatın mülkiyyətinə keçmişdir. Sonradan iddiaçı təşkilat onunla alqısatqı müqaviləsi bağlayaraq evini ona satdı. Razılaşdıqları pulu hər ay iddiaçı təşkilatın hesabına ödəyirdi. Xəstəliyi ilə əlaqədar uzun müddən xəstəxanalarda qalmış və sonradan iş fəaliyyəti bərpa oluna bilmədiyindən krediti ödəyə bilməmişdir. O, mütəmati olaraq aylıq ödənişlərini etmişdir. Lakin bank ondan əlavə pullar istəyir. Onun banka 10000 manat civarında borcu vardır. Məhkəmə bu hissələri araşdırmadan iddia tələbini əsassız olaraq təmin etmişdir. Onun mübahisəli evdən tək çıxarılmağı barədə qətnamə qəbul edilmişdir. Mübahisəli evdə onunla birlikdə həyat yoldaşı, oğlu və qızı yaşayırlar. Məhkəmə bu hissələri araşdırmadan onun ailəsinin taleyini həll etmişdir. Dəfələrlə məhkəməyə xəstə olduğu barədə ərizə və teleqramla müraciət etmişdir ki, məhkəmə iclasını başqa vaxta təxirə salsınlar. Lakin məhkəmə heç bir əsas gətirmədən məhkəmə iclaslarını təxirə salmamışdır. Banka ödədiyi pulları isə ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə bütün vasitələrdən istifadə edərək iddianın təmin edilməsi üçün münbit şərait yaratmışdır. Məhkəmə göstərdiyi maddi hüquq normalarını kobud şəkildə pozaraq hüquqlarını tapdalamışdır. Hesab edir ki, qətnamə qanunsuzdur və ləğv edilməyə məhkumdur. Cavabdeh tərəfindən iddiaçı Banka 15000 manatdan çox pul ödənilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir və kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 421.2.-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1 və 423.2-cü maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2, 424.3 və 424.4-cü maddələrinin tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsi də xüsusi norma olaraq nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan; Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş AN-İ № ******* nömrəli, 3l oktyabr 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "AccessBank” QSC mülkiyyətində olan Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 353.6 kv.m, yaşayış sahəsi 78.8 kv.m, yardımçı sahəsi 274.8 kv.m-dən ibarət 4 otaqlı fərdi yaşayış evini və Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 0.04 ha torpaq sahəsini Cavabdeh 30000 manata satmağı, cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı "AccessBank” QSCyə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan 25000 (iyirmi beş min) manat məbləği isə xx.xx.2024-cü il tarixinədək hər 3 aydan bir dəfə 5000 (beş min) manat olmaqla 5 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0.04 ha olan torpaq sahəsi və onun üzərində yerləşən Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, ümumi sahəsi 353.60 kv.m olan fərdi yaşayış evi **********97-10301 reyestr, 232l0l9885 qeydiyat nömrə ilə xx.xx.2021 -ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı BOKT QSC-nin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Müqavilənin ləğvinə dair təklifin surətindən görünür ki, "AccessBank” QSC Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı deyil və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, daşınmaz əmlak barədə alqı-satqı müqaviləsi bağlanmış olsa da, hal-hazırda ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına DƏDRX-də qeydiyyata alınmamışdır. Bununla da cavabdehin mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququ olsa da, sərəncam hüququ hal-hazıradək yaranmamışdır. Qeyd edilmişdir ki, müqavilənin ləğv olunması ilə bağlı bildirişlə cavabdeh tərəfə xəbərdarlıq edilmiş, lakin o, yenə də müqavilənin ləğv olunması və ya öhdəlik münasibətlərinin davam etdirilməsi üçün heç bir hərəkət etməmişdir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə isə xüsusi norma olaraq nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ verir. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarına müdaxilə məsələsini müzakirə etmiş və belə qənaətə gəlmişdir ki, məhkəmənin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanuni olmaqla mütənasiblik prinsipini pozmur. Belə ki, müqavilə öhdəliyi üzrə cavabdehin 20000 manat borcu qalmışdır və bu məbləğin ödənilməməsi Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbi baxımından əhəmiyyətli dərəcədə pozuntu hesab olunur. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İddiaçı tərəf kommersiya təşkilatıdır və hazırkı vəziyyətdə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Çünki banklar pul vəsaitini cəlb etmək və qaytarma, ödəniş, müddətlilik şərtləri ilə öz adından yerləşdirmək üçün yaradılmış idarədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(050)-1511/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar